Ötən həftə sonu ATƏT-in Minsk Qrupu həmsədrləri regiona səfərdən sonra verdikləri bəyanatda yenə də Azərbaycanla bağlı “quş” buraxdılar - ərazilərimizi işğal altında saxlayan qüvvələri “de-fakto rəhbərlik” kimi təqdim eləməklə.
Xatırladaq ki, həmin bəyanatda aşağıdakı sitat əksini tapıb: “Həmsədrlər Azərbaycan və Ermənistanın prezidentləri, xarici işlər və müdafiə nazirləri ilə, o cümlədən Dağlıq Qarabağın de-fakto rəhbərliyi ilə görüşüblər. Görüşdə tərəflər münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduqlarını təsdiqləyiblər. Prezidentlər həmçinin atəşkəsi gücləndirməyə xidmət edəcək təkliflərini nəzərə almağa razılıq veriblər”.
Yada salaq ki, vasitəçilər keçən ilin noyabrında da bənzər diplomatik, hüquqi-siyasi səhvə yol vermişdilər - erməni hərbi vertolyotunun vurulduğu ərazini “neytral zona” adlandırmaqla. Halbuki BMT, ATƏT, Avropa Şurasının tamhüquqlu üzvü kimi suveren Azərbaycanın dünya birliyi tərəfindən tanınmış sərhədləri daxilində “neytral ərazi” yoxdur, “işğal olunmuş ərazilər” və ya rəsmi Bakının müvəqqəti nəzarətində olmayan ərazilər anlayışı var.
Doğrudur, az sonra həmsədrlər yanlışa naxış vurdular və guya səhvlərinin düzəltdilər. Hələ ki növbəti “düzəlişin” nə vaxt ediləcəyi bilinmir. Ancaq təbii ki, əsas problem bəyanatlarla ilgili deyil, münaqişə ilə bağlı vasitəçilərin alt şüurunda kök salmış yanlış və ziyanlı yanaşmadadır. Sözsüz ki, həmsədrlikdə qardaş Türkiyə, hətta Almaniyada olsaydı, belə əcaib bəyanatlar da ortaya çıxmazdı. Fəqət, nə etməli ki, hazırkı üç həmsədr işğalçı ermənilərə daha yaxın, daha sıcaq münasibətdədir.
Ermənistanın hərbi müttəfiqi Rusiya - bəlli. Avropa Birliyini (AB) təmsil edən ermənipərəst Fransa da eləcə. Bugünlərdə AB-nin Güney Qafqaz üzrə təmsilçisi İrəvanda qondarma “DQR”in “xarici işlər naziri” ilə isti görüş keçirmədimi? Üçüncü həmsədr ölkə - ABŞ isə Dağlı Qarabağ separatçılarına hər il maliyyə yardımı edən, onların liderlərinə öz ərazisində məmnuniyyətlə qucaq açan dövlətdir.
Amma postsovet məkanında digər heç bir separatçı liderə (Abxaziya, Cənubi Osetiya, Dnestryanı bölgə, Krım, Donbas) belə lütfkarlıq göstərilmir. Tam əksinə, onların Amerikaya, Avropaya yolları çoxdan bağlanıb. Həmin separatçı rejimlərə hər hansı maliyyə köməyindən də söhbət belə gedə bilməz.
Qarabağ məsələsinə ikili standart yanaşmaya dair ən isti nümunə: həmsədrlərin regionda səfərdə olduqları vaxtda - keçən həftəsonu ABŞ Konqresi Qarabağ separatçılarına növbəti dəfə qucaq açıb. Belə ki, qondarma “DQR”in ABŞ-dakı “nümayəndəsi” Robert Avetisyan Konqresin erməni məsələsi üzrə komissiyasının həmsədri Frenk Palloninin ofisinin təşkil elədiyi xüsusi müzakirələrə qatılıb. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Avetisyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının hazırkı mərhələsi və Minsk Qrupunun həmsədri kimi ABŞ-ın vasitəçilik səylərindən danışıb, Birləşmiş Ştatların Dağlıq Qarabağa hər il ayırdığı maliyyə yardımından söz açıb.
Ermənistan səfirliyinin nümayəndəsi Qraçya Taşçyan, “Ay Dat” komitəsinin Vaşinqton ofisinin icraçı direktoru Aram Ambaryan, Amerika Erməni Assambleyasının nümayəndəsi Danile Kuşaçyan isə “öz müqəddəratını təyinetmə” haqqından, “separatçı rejimin dünya tərəfindən tanınması” prosesindən, habelə Ermənistan və Dağlıq Qarabağın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsələlərdən söz açıb. Dinləmələrdə 60-dan çox konqresmeninin ofisini nümayəndəsi iştirak edib.
Kəsəsi, ABŞ Konqresi binasında separatçılara tam bir dəstək tədbiri düzənlənib. Sual yaranır: belə bir şərait, lütfkarlıq, görəsən, digər separatçı rejimlərin təmsilçilərinə də yaradıla bilərmi? Əlbəttə ki, yox. O zaman nə fərqi oldu ki: Rusiya separatçılara hərbi, ABŞ və Avropa isə siyasi, maliyyə və informasiya dəstəyi verir?!
Məsələ də ondadır ki, MDB məkanındakı başqa separatçı liderləri, işğalçı Rusiyanı bütün vasitələrlə sıxışdıran, sözün həqiqi mənasında gözümçıxdıya salan Qərb təcavüzkar Ermənistana, Dağlıq Qarabağdakı qanunsuz quruma olduqca məhrəm münasibət bəsləyir. Sanki onlar heç bir ölkənin, qonşu Azərbaycanın ərazisini işğal etməyiblər. Sanki suveren Azərbaycanın torpaqlarının 20%-ni işğalda saxlayan ermənilər deyil, yad planetlilərdir. //Musavat


