Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzinin binasında baş vermiş yanğın zamanı bir nəfər ölüb, xəsarət alanlar var.
Axar.az Report-a istinadən xəbər verir ki, hazırda əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri, eləcə də təcili tibbi yardım briqadaları cəlb olunub.
Yanğınsöndürmə işləri davam edir.
Meyiti aşkar edilən şəxsin Mərkəzdə müalicə alan xəstələrdən biri olduğu və hazırda şəxsiyyətinin məlum olmadığı bildirilir. Ölənlərin sayının artma ehtimalı var.
Azərbaycan Baş Prokurorluğunun yüksək vəzifəli şəxsləri hadisə yerinə cəlb olunublar.
***
Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın lokallaşdırılıb.
Hava küləkli olduğundan alovu söndürmək çətinləşib. Bu səbəbdən, FHN-in digər rayonlar üzrə yanğın mühafizə xidmətlərinin briqadaları da hadisə yerinə cəlb edilib.
Yanğın zamanı 3 nəfər yaralanıb. Xəsarət alanlardan biri 1966-cı il təvəllüdlü Əliyev Mahirdir. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Əlavə məlumat veriləcək.
***
FHN-dən Axar.az-a verilən məlumata görə, Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın söndürülüb.
***
Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı ölənlərin sayı dəqiqləşdirilir.
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən APA-ya bildirilib ki, ilkin məlumata əsasən, 30 nəfərədək şəxs ölüb.
Hadisə zamanı xəsarət alan 4 nəfər isə xəstəxanaya yerləşdirilib.
***
Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində yanğın söndürülüb.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər naziri Ramil Usubov, baş prokurorun birinci müavini Rüstəm Usubov, Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov hadisə yerinə gediblər.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dərhal hadisənin baş verdiyi Respublika Narkoloji Mərkəzinə gələrək vəziyyətlə tanış olub.
Aidiyyəti qurumların rəhbərləri yanğının başvermə səbəbləri və nəticələri barədə dövlət başçısına məlumat veriblər.
***
Respublika Baş Prokurorluğu, Fövqəladə Hallar, Səhiyyə və Daxili İşlər nazirlikləri Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı növbəti dəfə birgə rəsmi məlumat yayıb.
Məlumatda deyilir: "2018-ci il martın 2-si, saat 06.10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda yanğın baş verib.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri, Prokurorluq və Daxili İşlər orqanlarının əməkdaşları cəlb edilib.
Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunub.
Operativ surətdə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.
Saat 08.30-da yanğın söndürülmüş, hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib.
Faktla bağlı Baş Prokurorluq tərəfindən dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
İlkin araşdırmaların nəticələrinə görə yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verib.
Həyata keçirilən tədbirlər Azərbaycan Prezidentinin şəxsi nəzarətindədir".
***
Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin Xətai rayonundakı Respublika Narkoloji Mərkəzində baş verən yanğının nəticələrinin tezliklə aradan qaldırılması ilə bağlı tapşırıq verib.
Hadisə yerinə gələn dövlət başçısı yanğının səbəblərinin araşdırılması ilə bağlı təxirəsalınmaz tədbirləri görməyi tapşırıb.
Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısına və səhiyyə nazirinə həlak olanların ailə üzvlərinə kömək göstərilməsi və zərərçəkənlərə təcili olaraq lazımi tibbi yardım edilməsi ilə bağlı göstərişlər verib.


