AAK prezidenti: "O söyüşçülər belə aksiyaları Ermənistan səfirliyi qarşısında keçirməli idilər..."
Aprelin 11-də Almaniyanın paytaxtı Berlində Azərbaycan səfirliyi qarşısında həmyerlilərimiz arasında gərginlik yaşanıb.
Azərbaycanda keçirilən seçkilərə dəstək məqsədi ilə Avropa Azərbaycanlıları Konqresi (AAK) tərəfindən həmrəylik aksiyası keçirilib. Həmin zaman səfirlik önündə azərbaycanlılardan ibarət kiçik qrup da toplaşıb. Onlar isə seçkiləri boykota çağıran şüarlar səsləndiriblər. Hadisə də elə bu zaman baş verib.
Bu barədə məlumat alan kimi musavat.com AAK-ın prezidenti Sahil Qasımovu arayaraq, bu insidentin səbəbini soruşub.
S.Qasımov bildirib ki, aksiyada 200 nəfərə yaxın AAK üzvü iştirak edib.
AAK prezidenti qeyd edib ki, həmin ərəfədə azərbaycanlılardan ibarət başqa bir qrup da alternativ aksiya təşkil ediblər. Həmin şəxsləri "söyüşçü qrup" və "radikallar" adlandıran S.Qasımov bildirib ki, ilk dəfədir Avropada Azərbaycanı bu şəkildə təmsil edən insanlarla qarşılaşıb.
![]()
Sahil Qasımov
"Qarşı tərəf aksiya zamanı seçkiləri boykot xarakterli çıxışlar səsləndirdilər. Həmin qrup çıxışlarında siyasi mədəniyyət göstərmədi. Onlar təşkilatımızın üzvlərinə, nümayəndələrinə qarşı da kobudluq göstərdilər. Avropa Azərbaycanlıları Konqresinin nümayəndələrinin üzərinə şüşə butulkalar atıldı, onların ünvanına nalayiq ifadələr işlədildi. Amma biz buna heç bir reaksiya vermədik. Biz əvvəldən də bildirmişdik ki, AAK sivil şəkildə dəstək aksiyası keçirəcək, heç kimi təhqir etmədən, heç bir provakasiyaya getmədən Azərbaycandakı seçkilərə dəstəyini göstərəcək"- deyə AAK rəhbəri əlavə edib.
S.Qasımov söyləyib ki, qarşı tərəfin nümayəndələri aksiyanın davamında onların üzərinə hücum da etmək istəyib: "Amma polis əməkdaşları buna müdaxilə etdi. İlk dəfə idi ki, burada təşkilatımıza qarşı başqa bir qrup azərbaycanlılar bu cür nalayiq ifadələrlə hücum çəkirdi, siyasi dialoqdan kənar ifadələr səsləndirirdilər. Biz oradakı çıxışlarımızda da bildirdik ki, insanlar hansı siyasi baxışlara sahib olmalarından asılı olmayaraq Avropada azərbaycançılıq ideyalarına qarşı olan insanlarla üz-üzə gəlməlidir. Amma onlar bizim üzərimizə bu şəkildə gəldilər. Bu cür aksiyalar erməni səfirliyi qarşısında olmalıdır, Azərbaycanın Almaniyadakı səfirliyi qarşısında yox. Avropada olan azərbaycanlılar bu cür iki yerə bölünməməlidir. Hətta xaricdə olan radikal, müxalifətçi şəxslər belə azərbaycançılıq ideaları ilə çıxış etməlidirlər. Biz uzun ilərdir Avropda olan müxalif fikirli insanları görürük. Onlar sağlam düşüncəli müxalifətçilərdir. Biz onların siyasi baxışlarına hörmət bəsləyirik. Amma ilk dəfədir ki, bu cür radikal münasibətlə gündəmə gəlmək istəyən şəxslər gördük. Həmin qruplaşmanın üzvləri 40 nəfərə yaxın idi. Onların əksəriyyəti siyasi mühacirətdə olan insanlar idi. Onların da hansı yollarla oraya gətirilməsi bizdə suallar doğurur".
Sonda S.Qasımov bildirib ki, aksiya 3 saata yaxın davam edib.
Musavat.com

Berlin. İqtidar tərəfdarlarının aksiyası

Berlin. İqtidar tərəfdarlarının aksiyası

Berlin. İqtidar tərəfdarlarının aksiyası
![]()
Berlin. İqtidar tərəfdarlarının aksiyası

"Radikal" mühacirlər

"Radikal" mühacirlər

"Radikal" mühacirlər
![]()


