Artıq bir müddətdir ki, paytaxt Bakının abadlaşdırılması məqsədi ilə pilot layihələr həyata keçirilir. Belə ki, Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbayel, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-cı il tarixli qərara əsasən adları qeyd olunan rayonların ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə rayon icra hakimiyyətlərinə yaxın 5 il müddətində bir sıra işlərin həyata keçirilməsi tapşırılıb.
Pilot layihələrə əsasən Suraxanı rayonunda 63, Nəsimi rayonunda 226, Xətai rayonunda 99, Nərimanov rayonunda 219, Nizami rayonunda 131, Yasamal rayonunda 18, Səbayel rayonunda 41, Pirallahı rayonunda 297 ev sökülməlidir.
Artıq bir ildir ki, proses başladılıb və bu günə qədər 30-dan çox “xruşovka” tipli binalar sökülüb. Sakinlər isə qərara əsasən müvəqqəti olaraq tikinti şirkətinin vəsaiti hesabına tutulan kirayə mənzillərə yerləşdirilir. Bu məqamda qeyd edək ki, sakinlər təhvil verdikləri mənzilə görə təzminat ala və ya yeni mənzilə köçməyə razılaşa bilər, amma onun sahəsi vətəndaşların köçdükləri mənzilin sahəsindən ən az 10 faiz çox olmalıdır.
Xatırladaq ki, “xruşovka” deyilən binalar sovet dövründə, təxminən 60-cı illərdə, Nikira Xruşovun dövründə tikilib. Kiçik mətbəxi, alçaq tavanı olan bu binalar əsasən insanların kommunal mənzil və zirzəmilərin dözülməz şəraitindən xilas olması üçün inşa edilirdi. Lakin bu gün artıq “xruşovka”lar müasir normalara cavab verə bilmir. Bakıda “xruşovka”ların sayı dəqiq bilinmir. Çünki bu tipdə olan “stalinka”, “Kiyev”, “Minsk”, “Leninqrad” layihələri binalar çoxdur və onların hamısı ümumi şəkildə köhnə tikili hesab olunur.
Yuxarıda da qeyd etdiyimiz kimi, ötən ildən başlayaraq “xruşovka” binalar sökülməyə başlayıb. Lakin ekspertlər də qeyd edir ki, son zamanlar onların söküntüsündə yubanmalar var. Bəs səbəb nədir?

Mövzu ilə bağlı daşınmaz əmlak sahəsi üzrə ekspert Nüsrət İbrahimov “Yeni Müsavat”a danışıb: “Hazırda Nərimanov, Nəsimi, Səbayel, Yasamal rayonlarında söküntü və tikinti işləri aparılır, bu proses davam etdirilir. Lakin bəzi binaların sökülməsində yubanmalar var. Düşünürəm ki, bu həmin şirkətlərin maliyyə məsələləri ilə bağlıdır. Çünki maliyyə dayaqları olmayan tikinti şirkətləri bu işə girir və gecikmələr yaranır. Hesab edirəm ki, bu problem yaxın günlərdə aradan qaldırılacaq”.
Ekspert köhnə binaların sökülməsini dəstəklədiyini vurğulayıb:
“Ümumiyyətlə köhnə binaların sökülməsi məsələni dəstəkləyirəm. Çünki tikinti hər bir yaşayış məntəqəsinin yaşaması inkişaf etməsi deməkdir. Digər tərəfdən tikinti həm də iqtisadiyyatın lokomotivi deməkdir. Tikinti gedirsə, deməli 30-a yaxın sahələri özü ilə dartır, insanlar işləyir, qazanc əldə edirlər. Həmçinin insanların yaşayış səviyyəsi dəyişir, köhnə evlərdən xilas olur, yeni müasir evlərlə təmin olunurlar. Yəni, bu iş alqışa layiqdir, bir şərtlə ki, tikinti şəhərsalma qaydaların uyğun aparılsın və vətəndaşlar bu işdə incidilməsin”.


