banner
banner

Sosİal

Azərbaycanda kombi dövrü başa çatır? - Yeni istilik sistemi ilə bağlı AÇIQLAMA

Azərbaycanda kombi dövrü başa çatır? - Yeni istilik sistemi ilə bağlı AÇIQLAMA

2035-ci ilədək mövcud yaşayış və kommersiya binalarında qazla işləyən istilik avadanlıqlarının elektrik istilik nasosları ilə əvəzlənməsi hədəfi vətəndaşların qarşısında bir sıra suallar yaradır.

İllər əvvəl öz vəsaiti hesabına kombi sistemi quraşdıran ev sahibləri mövcud avadanlıqlarını dəyişməli olacaqlarmı? Yeni sistemə keçid məcburi xarakter daşıyacaqmı və bu, ailələrin kommunal xərclərinə necə təsir göstərəcək?

Mövzu ilə bağlı KONKRET.az-a danışan beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, qazla işləyən kombilərin elektrik istilik nasosları ilə əvəzlənməsi enerji səmərəliliyi və ətraf mühitin qorunması baxımından müsbət addımdır.

Bununla belə, Azərbaycanda belə bir keçid zamanı əhalinin maddi imkanları mütləq nəzərə alınmalıdır. Ekspertin sözlərinə görə, Avropa ölkələrində tətbiq olunan enerji səmərəliliyi və ESG meyarları da bu istiqaməti dəstəkləyir. Lakin yeni texnologiyaların tətbiqi zamanı sosial və iqtisadi amillər diqqətdən kənarda qalmamalıdır.

“Bu gün orta statistik Azərbaycan ailəsi gəlirinin təxminən 55 faizini ərzaq xərclərinə yönəldir. Bu, kifayət qədər böyük məbləğdir. Kommunal ödənişlər, kreditlər və digər gündəlik məsrəflər də ailə büdcəsinə ciddi təsir göstərir. Belə bir şəraitdə vətəndaşdan evindəki işlək kombini sökmək, yeni avadanlıq almaq və quraşdırma üçün əlavə vəsait xərcləmək tələb olunarsa, bu, ailələr üçün ciddi maliyyə problemi yarada bilər”, – deyə mütəxəssis vurğulayıb.

Asif İbrahimov qeyd edib ki, elektrik istilik nasosları düzgün seçildikdə və quraşdırıldıqda enerji istehlakını azalda bilər. Ancaq əldə olunacaq qənaət bir neçə amildən, o cümlədən elektrik enerjisinin tariflərindən, binanın istilik izolyasiyasından və avadanlığın qiymətindən asılıdır.

Onun fikrincə, yeni sistemə keçid proqramı hazırlanarkən ailələrin əvvəlki və sonrakı kommunal xərcləri müqayisəli şəkildə hesablanmalıdır.
Əks halda, enerji səmərəliliyinin artırılması məqsədilə həyata keçirilən dəyişikliklər vətəndaşlar üçün əlavə maliyyə yükünə çevriləcək.

Ekspert hesab edir ki, 2035-ci ilədək nəzərdə tutulan keçid mərhələli şəkildə həyata keçirilməli, mövcud kombilərin hansı hallarda istifadədə qala biləcəyi barədə aydın qaydalar müəyyənləşdirilməlidir.

“Vətəndaşlara uzun müddət əvvəl öz vəsaitləri hesabına quraşdırdıqları avadanlığı dərhal dəyişmək məcburiyyəti yaradılmamalıdır. Yeni sistemə keçid zəruri hesab edilərsə, dövlət tərəfindən subsidiya, güzəştli kredit və digər dəstək mexanizmləri tətbiq olunmalıdır”, – deyə o, bildirib.

Asif İbrahimovun qənaətinə görə, yaşıl texnologiyaların tətbiqi əhalinin həyat şəraitini yaxşılaşdırmalı, enerji xərclərini azaltmalı və uzunmüddətli iqtisadi fayda yaratmalıdır. Yeni avadanlığın alınması və quraşdırılması üçün tələb olunan ilkin xərcin necə qarşılanacağı isə əvvəlcədən müəyyənləşdirilməlidir.

Mütəxəssis vurğulayıb ki, modernləşmə proqramları əhalinin real gəlirləri ilə uzlaşdırılmalı, vətəndaşlar həm ətraf mühitin qorunmasından, həm də yeni texnologiyaların iqtisadi üstünlüklərindən faydalana bilməlidirlər.

Beləliklə, qazla işləyən kombilərdən elektrik istilik nasoslarına keçidin Azərbaycan ailələri üçün hansı şərtlərlə həyata keçiriləcəyi, mövcud avadanlıqların istifadəsinə hansı qaydaların tətbiq olunacağı və xərclərin necə tənzimlənəcəyi əsas məsələlər olaraq qalır.

Yaşıl keçid ailə büdcəsinə əlavə yük deyil, uzunmüddətli qənaət gətirməlidir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ərazilərdə işıq olmayacaq

Oktyabrın 23-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan Transformator Məntəqəsində (TM) təmir, 10 kV-luq hava xətləri üzrə isə naqillərin yenilənməsi işləri aparılacaq. Həmçinin Abşeron RETSİ-nin xidməti ərazisində 35/10 kV-luq “Masazır” yarımstansiyasından çıxan 10 kV-luq “Şəhər-2” hava xəttində təmir işləri həyata keçiriləcək.

Təcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR

Azərbaycanda təcili və ya kiçikhəcmli maliyyə ehtiyaclarını qarşılamaq üçün banklarla yanaşı Bank Olmayan Kredit Təşkilatları (BOKT) da müxtəlif minimum limitlərdə kredit imkanları təqdim edir.

Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq

Oktyabrın 21-də saat 08:00-dan etibarən Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində - Yeni Həyat küçəsinin Şirvan küçəsi ilə kəsişməsindən 10-cu Müşfiqabad küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işləri aparılacaq.