Tanınmış politoloq: “Amerika siyasətinin Cənubi Qafqazda həyata keçirilməsinə 907-ci düzəliş ciddi əngəllər yaratmaqda davam edir”
ABŞ prezidenti Donald Tramp Amerikanın Azərbaycana birbaşa dövlət yardımını yasaqlayan 907-ci düzəlişin fəaliyyətini dayandıra bilər. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun oktyabrın sonlarında Azərbaycan səfərindən sonra bu istiqamətdə çalışacağı gözlənilirdi. Məlumatlara görə, Bolton ölkəsinə geri döndükdən sonra Bakıda verdiyi vədin yerinə yetirilməsi üçün addımlar atılır.
Qeyd edək ki, C.Bolton Bakıda səfərdə olan zaman ABŞ prezidenti Donald Trampın Amerikanın Azərbaycana birbaşa dövlət yardımını yasaqlayan 907-ci düzəlişin fəaliyyətini dayandıra biləcəyini demişdi: “Tramp Amerikanın Azərbaycana birbaşa dövlət yardımını yasaqlayan ”Azadlığa dəstək" aktına 907-ci düzəlişin fəaliyyətinin dayandırılması üçün öz səlahiyyətlərindən istifadə edə bilər. Bu müddəa Konqres tərəfindən təsdiq edilib. Hakimiyyətin icra qolunun eyni siyasi xəttə riayət etməsi mütləq deyil və bizim konstitusiyaya əsasən, əslində xarici siyasəti müəyyən edən məhz prezidentdir. Bir çox hallarda, müxtəlif prezidentlər satınalma aparmaq üçün bu müddəanın fəaliyyətini dayandırıblar və biz bunun zəruri olub-olmadığını müəyyən etmək üçün daim bu fürsəti nəzərdən keçiririk. ABŞ Azərbaycanı regionda özü üçün strateji baxımdan son dərəcə vacib ölkə hesab edir".
Xatırladaq ki, 907-ci düzəliş 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək” Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir.
Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, 907-ci düzəliş ABŞ üçün səmərəsiz və lüzumsuz bir sənədə çevrilib. Hətta Amerika siyasətinin Cənubi Qafqazda həyata keçirilməsinə 907-ci düzəliş ciddi əngəllər yaratmaqda davam edir:“Amma ABŞ qanunvericiliyinə görə, prezident istədiyi həmin düzəlişə əhəmiyyət vermədən Azərbaycana yardım haqqında qərar verə bilər. Yəni hətta o düzəliş qüvvəsində olsa da prezident müəyyən anlarda Amerikanın maraqlarını nəzərdə tutaraq, 907-ci düzəlişdən yan keçərək yardımı bərpa edə bilər. Con Bolton həm də buna işarə etmişdi ki, əgər Konqres 907-ci düzəlişi ləğv etməsə, Tramp öz hüquqlarından istifadə edərək Azərbaycana yardım göstərilməsinə şərait yaradacaq. Boltonun səfərindən sonra ABŞ-ın Azərbaycana və Ermənistana silah satmaq istədiyi barədə informasiyalar gündəmə gəldi. Bu təsadüfən ortaya çıxan məsələ deyildi. ABŞ bəyan etdi ki, Azərbaycana silah sata bilər. Bu isə faktiki olaraq 907-ci düzəlişin qüvvəsini itirməsi demək olacaq. Düzdür, bu məsələ hələ tam şəkildə ABŞ-ın rəsmi gündəminə oturmayıb. Amma bu fikrin nüfuzlu qəzetlər vasitəsilə ictimai rəyə çatdırılması onu göstərir ki, ABŞ-ın siyasi elitasında sözügedən məsələ aktuallaşır. Bu addımı atmaq üçün fürsət axtarırlar. Con Boltonun bu işə dəstək verməsi isə prosesin sonda müsbət həllini tapacağı ehtimalını bir az da gücləndirir. Con Boltonun Cənubi Qafqaz ölkələrinə səfərinin yekunları ilə bağlı twitter hesabında müsbət fikirlər yazması da göstərir ki, Amerika rəsmisi Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verir. Bu baxımdan Trampın müşaviri keçirdiyi mətbuat konfranslarında, müsahibələrində Azərbaycanla əlaqələrin ABŞ üçün yüksək prioritet təşkil etdiyini vurğulamışdı. O, Azərbaycanı ABŞ-ın bölgədə əsas tərəfdaşı adlandırıb. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, terrorizmə qarşı mübarizədə, regional sülhün qorunmasında, siyasi, iqtisadi əməkdaşlıq sahəsində əhəmiyyətli ölkə kimi xarakterizə edib. Dəfələrlə vurğulayıb ki, Azərbaycan regionda sülhə, regional əməkdaşlığa və təhlükəsizliyə töhfə verən ölkədir. Məlum səbəblərə görə Ermənistan istisna olmaqla, Azərbaycanın region ölkələri ilə işgüzar dostluq münasibətləri var və ABŞ Azərbaycanın bu siyasətini anlayışla qəbul edir.
Boltonun toxunduğu ən mühüm məsələ isə Azərbaycana silah satışını da əngəlləyən 907-ci düzəliş məhdudiyyətinin ləğv edilməsi ilə bağlı səsləndirdiyi fikirlər idi. Belə güman etmək olar ki, Bolton sözügedən bədnam düzəlişin qüvvədən düşməsi üçün öz imkanlarından istifadə edə bilər. Prezident Donald Tramp Azərbaycana qarşı 907-ci düzəlişi aradan qaldırarsa, bu birbaşa Vaşinqtonun dövlət yardımının alınmasına gətirib çıxara bilər. Con Boltonun 907-ci düzəlişi və silah ticarətini açıq şəkildə qabartması eyni zamanda Vaşinqtonun Cənubi Qafqazda Rusiyanın mövqeyini zəiflətməyə hesablanıb".
Q.Hüseynli onu da dedi ki, bu günlərdə Amerikanın nüfuzlu generallarından biri açıq şəkildə Azərbaycana mütləq yardım göstərməyin lazım olduğunu bəyan edib: “General fikrini belə əsaslandırdı ki, Azərbaycan Rusiyanın təzyiqi altındadır. ABŞ-ın siyasi dairələri bunu yaxşı başa düşür və güman edirəm ki, 907-ci düzəliş heç də uzaq olmayan vaxtda aradan qaldırılacaq. Bu isə ABŞ-Azərbaycan münasibətlərində yeni bir dövrün başlamasına gətirib çıxaracaq.
Hazırda ABŞ böyük silah ticari sövdələşmələrinə gedir. Görünür, Tramp administrasiyası Azərbaycanla da silah sövdəşləməsinə getmək niyyətindədir. Bir tərəfdən Amerika qazanc əldə etmək, digər tərəfdən də Rusiyanın silah bazarını əlindən almaqla, regionda güclənmək istəyir".
Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyana ABŞ-ın viza verməsinin Azərbaycan-ABŞ münasibətlərinə təsiri məsələsinə gəlincə, politoloq bildirdi ki, böyük ehtimalla Saakyan Vaşinqtona, o cümlədən Parisə Ermənistan diplomatik pasportu ilə gedib. Hər bir halda separatçı rejimin rəhbərinin bu ölkələrdə qəbul edilməsinin özü Azərbaycanın lehinə deyil: “Bu hadisə haqlı olaraq Azərbaycanda ciddi narazılıqla qarşılanır. Bu səfər hansı məqsədə xidmət edir-etsin qondarma rejimin başçısının hər iki ölkəyə səfərinə şərait yaradılması diplomatik etiket normalarına sığmır. Azərbaycanın ərazi bütövlüyünü tanıyan ölkələrin ikili standartlarla davranmasına bir sübutdur. Amma bu hadisə o demək deyil ki, ABŞ-la Azərbaycanın münasibətləri korlanıb”.


