Avropada yenidən murdar ət kabusu yaşanır. Belə ki, Polşadan göndərilən 150 kiloqram mal əti Fransada istehlakçılara satılıb. Müəyyən edilib ki, ət Fransaya xəstə inəklərin kəsildiyi Polşa sallaqxanasından daxil olub. Bütövlükdə isə həmin ünvandan Fransaya 795 kiloqram ət gətirilib. Bu səbəbdən ölkədə narahatlıq yaranıb.
Bu məsələyə görə təkcə Fransada istehlakçılar narahat deyil. Araşdırmalar göstərib ki, xəstə inək əti Polşadan digər Avropa Birliyi ölkələrinə də ixrac edilib. Bu barədə xəbəri Fransa Kənd Təsərrüfatı Nazirliyi cümə günü yayıb.
2017-ci ildə oxşar hadisə İspaniyada da baş vermişdi.
Azərbaycanda da tez-tez leş ət qalmaqalı yaşanır. Buna müvafiq qurumlar tərəfindən tədbirlər görülsə də, mənşəyi məlum olmayan ətlərin saxlanması ilə bağlı tez-tez xəbərlər dərc olunur.
Eyni zamanda ölkəyə xaricdən də bu kimi ətlərin gətirilməsinə cəhdlər olunur. Belə ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin yaydığı məlumata görə, 2018-ci ilin iyul-dekabr ayları ərzində Gürcüstandan idxal edilmiş Ukrayna mənşəli 34,2 ton mal əti at əti ilə qarışıq olduğu üçün ixracatçı ölkəyə geriyə qaytarılib.

“Yeni Müsavat”a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bir sıra maraqlı faktlara toxunub. O, bildirib ki, dünyada insanlara bilərəkdən bu cür ətlər satılır: “Pullu tibb dünyanın hər yerində var və onlar istəyirlər ki, xəstələri çox olsun. Eləcə də xəstəxanaları avadanlıqlarla təchiz edən firmalar da arzu edirlər ki, istehsal etdikləri məhsullar daha çox satılsın. Bunun üçün də xəstə çox olmalıdır. İnsanların sağlamlığının qeydinə qalan heç bir qurum yoxdur. Avropa İttifaqı və digər bu kimi qurumların heç biri dünyada insanların sağlamlığını düşünmür. Ölkəsində 80 faiz təqaüdçünün olması heç bir dövlətə lazım deyil. Çünki onlar dövlət büdcəsindən yeyirlər. Elə kapitalizmin mahiyyətində də insanlardan istənilən yolla pul almaq dayanır. Bunun üçün də istehlakçı və qazanc rol oynayır. İstehlakçının pulunu qoparmaq üçün bazar fəndlərindən istifadə edilir. Sovet dönəmində səhiyyə pulsuz idi, ancaq orduda gənclərə pulsuz siqaret paylayırdılar. Leş ət məsələsi də sadaladığım proseslərin bir parçasıdır. Murdar ətlərin satılması bütün dünya ölkələrində var. Bütün səhiyyə təşkilatları və digər bu kimi qurumların hamısı istehlakçıları aldadırlar. Bunu Beynəlxalq İstehlakçı Təşkilatının üzvü kimi deyirəm. İnsanlar bütün dünyada bir mifə inanırlar ki, guya onların sağlamlığı uğrunda mübarizə aparan qurumlar var. Məsələn, dünyada normalar var ki, təhlükəli maddələr qidanın tərkibinə nə qədər qarışdırıla bilər. Ancaq heç kim demir ki, həmin məhsuldan hansı miqdarda yemək olar. Bu heç bir qanunda tənzimlənmir. Belə çıxır ki, sən zərərli maddənin milliqramla qarışdırıldığı məhsuldan çox yesən, ölə də bilərsən. Ancaq buna diqqət edən yoxdur”.
Ekspert bildirib ki, insanlara bu ətlərdən xeyli xəstəliklər keçir:
“Elm artıq sübut edir ki, insanların bugünkü xəstəliklərinin təxminən 50-60 faizi heyvanlardan keçib. İstehlakçılar özləri özlərini aldadırlar. Bu, insanların sovet dövründə parlaq kommunizmə, Leninə inanmasına bənzəyir. Beş-on insanı aldadana dələduz deyib, həbs edirlər. Ancaq yüzlərlə insanı aldadana böyük siyasətçi adı verirlər. Murdar ət, təhlükəli qida hər zaman olacaq. Azərbaycan da bu prosesdən kənarda deyil. Murdar qidanın, ətin yayılmasının qarşısını yalnız milli xüsusiyyətlər ala bilər. Vaxtilə Azərbaycanda kimsə murdar olmuş heyvanı kəsərdisə, onun 7-ci nəslinin başına çaxırdılar ki, sənin baban murdar ət satıb. Avropada isə belə dəyərlər yoxdur.
Ona görə də orada bu kimi ətin yayılmasını heç milli dəyərlər də önləmir. Nəticə olaraq demək olar ki, Avropadan da Azərbaycana təhlükəli, murdar ət gətirilə bilər. 20 ilə yaxındır ki, murdar ətlə mübarizə aparırıq. Lakin yenə də rayonlardan Bakıya bu kimi ətlər göndərilir. Leş ətlərin yayılmasının qarşı ən uğurlu əməliyyatı Daxili İşlər Nazirliyinin aş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi aparıb. Onlar dəfələrlə bunu ifşa edib, hüquqi qiymət verilməsi üçün addım atıblar. Baytarlıq idarələri bu kimi halları tapanda, cərimələyib buraxırlar. Daxili İşlər Nazirliyi isə onlarla bağlı hüquqi addım atır. Bu, çox vacib haldır. Düşünürəm ki, bu kimi məsələlər Daxili İşlər Nazirliyinə həvalə olunmalıdır”.
Hüseynov tövsiyə edib ki, camaat gözləri ilə kəsildiyini görmədikləri əti almasınlar: “Bir neçə gün öncə dövlətin böyük dəstəyi ilə Nizami 154 ünvanında iri yarmarka yaradıldı. ”Kənddən şəhərə" adlanan bu yarmarka Kənd Təsərrüfatı Nazirliyi ilə İqtisadiyyat Nazirliyinin proyektidir. Orada camış ətinin dana əti yerinə satıldığını öyrəndim. Bu haqda onların müdiriyyətinə məlumat versəm də, cavab yoxdur. İnsanlar ona görə də gözləri ilə gördükləri heyvanın ətini alsınlar. Artıq nəzarət edən orqanlar insanların gözündən düşüblər. Əhali bazara girəndə yüzlərlə ət görür və almağa ehtiyat edir. Nəticədə insanlar qəssabxanaya üz tuturlar. Buna görə də qəssabxanalarla mübarizə də öz effektini vermir".


