banner
banner

Dünya

Türkiyə və Yunanıstanı yaxınlaşdıran səbəblər

Türkiyə və Yunanıstanı yaxınlaşdıran səbəblər

Yunanıstan baş naziri Aleksis Çipras Türkiyəyə səfər edib. Fevralın 5-də Ankaraya gələn yunan baş nazir əvvəlcə vitse-prezident Fuad Oktay, daha sonra isə prezident Ərdoğanla bir araya gəlib. Görüş bağlı qapılar arxasında keçirilib. Çiprasın Türkiyə səfəri prezident Ərdoğanın dəvəti ilə baş tutub.

Ankarada görüşlərdən sonra Çipras çərşənbə günü İstanbula gedib. O və rəhbərlik etdiyi heyəti Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın müşayiət edib. Yunanıstan baş naziri Ayasofiya məscidini, daha sonra isə kilsə məktəbini ziyarət edib.

Qeyd edək ki, 1974-cü il təvəllüdlü Aleksis Çiprasın 2010-cu ildə Yunanıstanda baş verən iqtisadi böhrandan sonra “ulduzu parlayıb”. Çiprasın lideri olduğu radikal sol yönümlü SYRIZA bloku 2015-ci il yanvar ayında keçirilən seçkilərdə qalib gəlib. Daha öncəki seçkilərdə 4 faiz səs qazanan SYRIZA 2015-ci il seçkilərində 35 faiz səs alaraq hakimiyyətə gəlib.

Türkiyə və Yunanıstan arasında soyuqluq davam etsə də, Çipras və Ərdoğan arasında normal münasibətlər var. Yunanıstan baş naziri vəzifədə olduğu 4 il ərzində Türkiyəyə 4 dəfə səfər edib. ancaq son iki ildə Ankara-Afina münasibətlərində soyuqluq müşahidə olunub. Yunanıstan hökumətində bəzi şəxslərin, o cümlədən əsasən müdafiə naziri Türkiyə əleyhinə çağırışlar edib. Yunanıstan müdafiə naziri Panos Kammenos Türkiyəni bir neçə dəfə savaşla təhdid edib, Türkiyə təyyarə və gəmilərinin Yunanıstanın hava və dəniz sərhədlərini pozmaqda ittiham edib. Hətta ötən il yunan hökuməti Türkiyə ilə sərhədə əlavə qüvvələr cəlb edib.

Türkiyə və Yunanıstan arasında münasibətlərin soyuqlaşmasına səbəb olan ikinci mühüm hadisə 15 iyul 2016-cı ildə Türkiyədə baş verən qiyamdan sonra helikopterlə qaçan 8 hərbçinin Yunanıstana sığınması olub. Ankaranın tələblərinə baxmayaraq Afina qiyamçıları geri qaytarmaqdan imtina edib, bu şəxslərin Yunanıstanda mühakimə olunacağını bəyan edib. Daha sonra isə  Türkiyə hərbçiləri sərhədi keçən iki yunan əsgərini həbs edib. 2017-ci ildə Ərdoğanın Yunanıstana səfəri isə iki ölkə münasibətlərinə mənfi təsir edib. Çünki səfər uğursuzluqla nəticələnib.

Çipras Türkiyede ile ilgili görsel sonucu

Yunanıstan ekspertləri də indi Çiprasın Ankara səfərindən ciddi nəticə gözləmirlər. Çünki may ayında Çipras növbədənkənar parlament seçkilərinə gedə bilər. seçkilərə hazırlaşan bir hökumətin isə ciddi mənada anlaşma əldə etməsi real deyil. Ancaq istənilən halda bu görüşlər uzun illərdir davam edən soyuqluğu aradan qaldırmaq üçün mühüm vasitə ola bilər.

Qeyd edək ki, hazırda Türkiyə və Yunanıstan hökumətləri üçün dialoqu vacib edən məqamlardan biri də Aralıq dənizindəki enerji ehtiyatlarının taleyidir. Məlum olduğu kimi, hazırda region ölkələri Aralıq dənizində kəşf olunan enerji ehtiyatlarının istehsalı məsələsində ittifaqlar qururlar. ABŞ Geoloji Araşdırmalar Mərkəzinin ehtimallarına görə, Kipr, Livan, Suriya və İsrail arasında qalan dəniz bölgəsində 3,45 trilyon kubmetr qaz və 1,7 milyard barel neft var. Nil Deltası hövzəsində isə 1,8 milyard barel neft, 6,3 trilyon kubmetr təbii qaz və eləcə də 6 milyard barel maye qaz yatağı olduğu ehtimal olunur. Bundan başqa, Kipr adası ətrafında olduğu ehtimal olunan 8 milyard barel neft yatağından başqa Krit adasının cənub və cənub-şərqində Heredot adlı yataqda 3,5 trilyon kubmetr qaz olduğu ehtimal edilir.

Hazırda Türkiyə, eləcə də İsrail və Yunanıstan, həmçinin Cənubi Kipr Aralıq dənizində kəşfiyyat-axtarış tədbirləri həyata keçirir. Türkiyəyə məxsus iki geoloji-kəşfiyyat gəmisindən biri Qara dənizdə, o biri isə Aralıq dənizində fəaliyyət göstərir.

Çipras Türkiyede ile ilgili görsel sonucu

2018-ci il noyabrın 10-da Cənubi Kipr hökuməti Amerikanın “Exxon Mobil” şirkəti ilə “Qatar Petroleum” və Cənubi Kipr hökumətinin birgə “Eksklüziv İqtisadi Zonada” ərazisində yerləşən 10-cu bölgədə təbii qaz kəşfiyyat işlərini başladığını elan edib. ABŞ hökumətinin yunan Kiprinə dəstək verməsi Ankara üçün çətinlik yaradır. Çünki amerikalıların bu sahədə ciddi təcrübələri var, üstəlik, regionda böyük ehtiyatların olması xarici oyunçuları cəlb edir. Bu ilin yayında açıqlanan rəqəmlərə əsasən Şərqi Aralıq dənizi hövzəsində 3 trilyon dollar dəyərində hesablanan qaz yataqları var. Bu isə Türkiyənin 572 illik qaz ehtiyacı deməkdir.

Məsələ ondadır ki, indi Türkiyə ilə Misir, İsrail və Yunanıstan arasında problemlərin olduğu bir zamanda adıçəkilən ölkələr bölgədə birgə fəaliyyət göstərmək və Türkiyəni yalnız qoymağa çalışırlar. Hətta ötən ilin yayında Türkiyə hərbi gəmiləri Kipr sahillərində kəşfiyyat fəaliyyətləri göstərən İtaliyanın Eni şirkətinə məxsus gəminin fəaliyyətini dayandırmağa məcbur edib.

Maraqlısı odur ki, Aralıq dənizinin şərqində yerləşən ehtimal olunan qaz yatağı bölgəsi beynəlxalq hüquq və BMT qərarlarına əsasən neytral ərazilərdə yerləşir. Lakin buna baxmayaraq Yunanıstan həm birbaşa, həm də Cənubi Kipr vasitəsi ilə Aralıq dənizin enerji ehtiyatlarının istehsalında yaxından iştirak etməyə çalışır. Üstəlik Türkiyənin İsrail və Misirlə münasibətlərində olan soyuqluqdan istifadə edərək bu ölkələrlə Yunan Kipri arasında anlaşma imzalamağa çalışır.

Bu mənada indi həm Türkiyə, həm də tyunan hökumətləri Aralıq dənizində anlaşma əldə edib zəngin enerji ehtiyatlarından faydalanmaq üçün fürsət əldə etməyə çalışır. Bu məsələdə Çipras Ərdoğanla anlaşmağa xeyli yaxın bir siyasətçidir. Üstəlik artıq yunan hökumətindəki Türkiyə düşmənləri də vəzifədən uzaqlaşdırılıb. Ankarada keçirilən birgə mətbuat konfransında da Ərdoğan iki ölkə arasında ticarət dövriyyəsinin 3 milyard ətrafında olduğunu və bunu daha da böyütməyə tərəfdar olduğunu deyib. Necə deyərlər, indi bunun üçün imkanlar yaranıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.