Fevralın 24-də Moldovada parlament seçkiləri keçirilib. Yerli vaxtla saat 7-də başlayan seçkilər axşam saat 21-də başa çatıb. Səsvermə ölkə üzrə 51 dairə seçki şurası və 2 141 məntəqə seçki bürosunda keçirilib.
Qeyd edək ki, 2019-cu il parlament seçkilərində ümummilli dairə üzrə 14 siyasi partiya və bir seçki bloku iştirak edir, birmandatlı dairələr üzrə 321 namizəd qeydə alınıb, onlardan 57 - müstəqil namizədlər, digərləri isə siyasi partiya və ya seçki blokları tərəfindən irəli sürülürlər.
2017-ci ildə qəbul olunmuş qanunvericiliyə əsasən parlament seçkiləri qarışıq seçki sistemi əsasında keçirilir: 50 deputat ümummilli dairədə proporsional təmsil olunma sistemi qaydasında seçilir; daha 51 deputat - majoritar sistem qaydasında, hər birmandatlı dairədən bir nəfər.
Seçkilərin yekun nəticələri elan olunmasa da, Qaqauz Muxtar Vilayətindən 3 qaqauz parlamentə seçilib. Bu barədə “Yeni Müsavat”a Türkiyə-Moldova Dostluq Cəmiyyətinin sədri Rafet Köksal məlumat verib. Onun sözlərinə görə, proporsional qaydada Sosialist Partiyasının siyahısından İvanna Köksal seçilib. Yeri gəlmişkən, daha əvvəl də bildirdiyimiz kimi, İvanna Köksal R.Köksalın həyat yoldaşıdır.
Bundan başqa, Qaqauziya üçün ayrılmış iki dairədən də qaqauz nümayəndələri seçilib. Komrat birinci seçki dairəsindən Aleksandr Suhodolski, ikinci seçki dairəsindən - Çadır şəhəri - isə Feodr Qaqauz seçkilərdə qalib gələrək parlamentə seçilib. Hakim Sosialist Partiya Qaqauziyada 85 faizə qədər səs qazanıb. Bundan əvvəlki seçkilərdə Demokrat Partiyasından qaqauz deputatlar olsa da, bu dəfə parlamentə yalnız Sosialist Partiyanın dəstəklədiyi 3 qaqauz seçilib.

Politoloq Şahin Cəfərli Moldovada keçirilən parlament seçkilərinin nəticələrini təhlil edib. Politoloq qeyd edib ki, keçirilən parlament seçkilərində proporsional sistem üzrə səslərin 98%-i sayıldıqdan sonra nəticələr aşağıdakı kimi olub:
Prezident İqor Dodonun Sosialistlər Partiyası - 31,37%
Qərbyönümlü ACUM bloku (Maya Sandu-Andrey Nestase) - 26,17%
Hazırda iqtidarda olan və ölkənin ən güclü adamı Vlad Plaxotnyukun liderlik etdiyi qərbyönümlü Demokrat Partiyası - 23,99%
Şor Partiyası - 8,46%.
Seçki qarışıq sistem üzrə keçirilib: 51 millət vəkili majoritar, 50-si proporsional sistem üzrə seçilib. Keçid baryeri 6% olub.
Ş.Cəfərli deyib ki, Avrasiya İttifaqına inteqrasiyanın tərəfdarı olan və seçki ərəfəsində Rusiyadan açıq dəstək alan sosialistlər gözləniləndən daha az səs toplayıb: “Seçkinin əsas sürprizinə isə Şor Partiyası imza atdı. Bu partiyanın lideri 1 milyard dollarlıq bank oğurluğunda adı keçən və 7,5 il müddətinə azadlıqdan məhrum olunmuş iş adamı İlan Şordur. (İş apellyasiya instansiyasında olduğu üçün hökm qüvvəyə minməyib.) İ.Şor məhkumluğuna baxmayaraq, daha əvvəl Orhei şəhərinin meri seçilmişdi, indi isə partiyası parlamentdə təmsil olunacaq.
Hələ dəqiqləşməmiş ilkin hesablamalara əsasən demokratlar 33, sosialistlər 32, ACUM 25, Şor 7, müstəqillər 3 mandat alır. (Yekunda 2-3 mandat o yan-bu yana dəyişə bilər.) Əgər bu nəticələr rəsmiləşərsə, ACUM və demokratların sahib olduğu yerlərin sayı rahatlıqla koalisiya hökuməti formalaşdırmağa imkan verəcək. Lakin bir problem var: bu iki siyasi qüvvə arasında münasibətlər həddən artıq pisdir. Seçki kampaniyası dövründə də, ondan əvvəl də çox ağır qarşılıqlı ittihamlar səsləndirilib. Hətta seçki ərəfəsində ACUM liderləri Sandu və Nestase rəsmi şəkildə bəyan ediblər ki, seçkidən sonra heç bir qüvvə ilə koalisiya qurmayacaqlar. ACUM və demokratların masaya oturub anlaşması üçün yalnız bir yol qalır: Qərbin təzyiqi.
Digər variant budur ki, Plaxotnyuk və Dodon anlaşıb, sosialist-demokrat koalisiya hökuməti qura bilər, lakin bu, az ehtimallı ssenaridir. Əgər hökuməti formalaşdırmaq mümkün olmasa, ölkə erkən seçkilərə gedəcək".
Ən son məlumatlara görə, rusiyayönümlü Sosialist Partiyası 34%, qərbpərəst “ACUM” partiyası 26%, hakimiyyətdəki Demokrat Partiyası isə 24% dəstəyə malik olub.
Lakin seçkinin həm birinci, həm də ikinci qalibi nəticələrin demokratik olmadığını bildiriblər.

ACUM lideri Maya Sandu səsvermə ilə əlaqədar narazılığını ifadə edib.
“Bu, Moldova tarixində ən qeyri-demokratik seçkilər idi. Mən on minlərlə insanın bizim kampaniya apara bilmədiyimiz separatçı Dnestryanı bölgəsindən gətirilərək səs verməsinin şahidi oldum”,- deyə “Komsomolskaya pravda” qəzeti Sandunun sözlərindən sitat gətirib.
Moldovanın Rusiya lideri Vladimir Putinin də dəstəklədiyi prezidenti İqor Dodon da analoji ittihamlarla çıxış edib. “Biz Tiraspol (Dnestryanı separatçılarının mərkəzi) tərəfindən inzibati resurslardan istifadə olunduğunu görürük. Yəqin ki, bu, Dnestryanı biznesmenlərin iştirakı ilə baş verir”, - deyə İqor Dodon səsvermə məntəqəsindən çıxarkən söyləyib.
Qeyd olunur ki, Moldovada hələ ki heç bir partiya koalisiyaya girmək niyyətini açıqlamayıb.
Ölkə qanunlarına görə, 45 gün içində hökumət qurulmadığı təqdirdə prezidentin parlamenti buraxıb yeni seçkilər təyin etmək hüququ var.
Elə İqor Dodonun özü də yeni seçkilərin keçirilməsi perspektivini istisna etmədiyini jurnalistlərə açıqlayıb.


