Ötən həftə Ermənistanın baş naziri Nikol Paşinyan Gümrüyə səfəri çərçivəsində Rusiyanın 102 saylı hərbi bazasında olub. Erməni baş naziri müdafiə naziri David Tonoyan, hökumətin digər üzvləri müşayiət ediblər. O, hərbi bazadakı muzeyi və kilsəni də ziyarət edib, hərbi qulluqçulara yaradılan şəraitlə tanış olub.
Hərbi bazanın muzeyini ziyarət edən Paşinyan Rusiya-Türkiyə müharibəsi dövrünə aid eksponatlara baxıb. Səfərinin sonunda Paşinyan fəxri qonaqlar dəftərinə xatirə sözlərini yazıb.
Rusiyanın 102-ci hərbi bazası MDB-nin Birgə Hava Mühafizəsi Sistemi çərçivəsində döyüş vəzifəsindədir. 2010-cu il avqustun 20-də Rusiya Federasiyası və Ermənistan 2044-cü ilədək əsas yerləşdirmə müqaviləsinin müddətini uzadıblar. Protokol coğrafi və strateji məsuliyyətin genişlənməsini təmin edir. Baza S-300V, Buk-M1-2 hava müdafiə sistemi, MiG-29 döyüş təyyarələri, Mi-8MT hərbi nəqliyyat vertolyotları və Mi-24P hücum təyyarələri ilə təchiz olunub.
Paşinyanın 102-ci Rusiya hərbi bazasını ziyarət etməsi bir daha göstərir ki, Ermənistanın indiki hakimiyyəti də Rusiya hərbi bazasını ölkəsinin dara ayaqda müdafiəçisi sayır. Bəs Azərbaycan bu məsələdə balans yaranması üçün Türkiyə hərbi bazalarının öz ərazilərində yerləşdirilməsinə nail olmalıdırmı?
Bu məsələ illərdir vaxtaşırı təklif olaraq irəli sürülür, çağırışlar edilir. Reallaşmasına hansı amillər mane olur? Azərbaycan risk etmir, yoxsa Türkiyə?
Politoloq Elxan Şahinoğlu bildirdi ki, Türkiyənin hərbi bazalarının Azərbaycanda qurulması ölkəmiz üçün əhəmiyyətli ola bilər: “Hazırda Rusiyanın Ermənistanda hərbi bazaları var. Bu da ondan xəbər verir ki, Azərbaycan və Ermənistan arasında müharibə olsa, Rusiya Ermənistanı müdafiə edəcək, hazırda da müdafiə edir. Son vaxtlar Azərbaycan Türkiyə ilə strateji hərbi əməkdaşlığını yüksək səviyyəyə qaldırıb. Bu məqamda Azərbaycanda Türkiyənin ən azı, iki hərbi bazası yerləşdirilməlidir. Onlardan biri Naxcıvanda, digəri isə Abşeronda ola bilər. Türkiyənin hərbi bazalarının Azərbaycanda qurulması çox vacib amildir. Çünki ölkəmizə düşmən və ya rəqib gözlə baxan dövlətlər anlasınlar ki, Azərbaycan tək deyil, arxasında Türkiyə kimi dövlət var. Ona görə də Azərbaycana hücum etmək, ərazisini işğal etmək Türkiyəyə qarşı həmlə etməyə bərabər olacaq. Bu baxımdan da düşünürəm ki, Türkiyənin hərbi bazalarının Azərbaycanda yerləşdirilməlisi vacibdir. Bunu etməliyik. Başqa çarəmiz yoxdur. Məlum olduğu kimi, Türkiyə 1921-ci il Qars müqaviləsinə görə, Naxçıvanın müdafiəsində təminatçı ölkədir. Bu, Azərbaycanla Türkiyə arasında olan hərbi əməkdaşlığa bariz nümunədir. İndi isə bu əməkdaşlığı daha da genişləndirmək zərurəti yaranır”.
Politoloq Natiq Miri də hesab edir ki, Türkiyə hərbi bazasının Azərbaycan ərazisində yerləşdirilməsi, nəhayət, həllini tapmalıdır: “Buna mane olan müəyyən hüquqi, siyasi məsələlər var ki, onları da aradan qaldırmaq mümkündür. Əgər Azərbaycan Milli Təhlükəsizlik Konsepsiyasına dəyişiklik etsə və Milli Məclis sözügedən məsələ ilə bağlı müvafiq qanun qəbul etsə, Türk hərbi bazası Azərbaycan ərazisində yerləşdirilə bilər.
Türkiyənin NATO üzvü olmasının bu məsələyə maneçilik törətdiyini deyirlər. Türkiyə Azərbaycanda baza yaratmaq ideyasını ABŞ və digər NATO ölkələri ilə razılaşdırılmış şəkildə edə bilər. Digər tərəfdən əgər Türkiyə öz hərbi bazasını Qətərdə yaradırsa, deməli, öz müttəfiqi olan Azərbaycanda da yarada bilər. Ermənistan bizi daima Rusiya ilə hədələyib. Bu məqamda düşünürəm ki, biz də Türkiyə ilə hərbi əməkdaşlığı genişləndirməliyik. Buna görə də Türkiyə hərbi bazasının ərazimizdə yerləşdirilməsi məsələsi aktuallaşmalıdır. Ermənistan bilməlidir ki, Azərbaycana müdaxilə etsə, təkcə Azərbaycanı yox, Azərbaycan-Türkiyə ittifaqını qarşılarında görəcəklər".
Ekspertin fikrincə, Türkiyə Azərbaycanda hərbi baza yerləşdirsə, Rusiyanın buna qarşı çıxmammasına da nail olmaq mümkündür: “Şübhəsiz bu məsələ Rusiyada müəyyən qədər qıcıq yarada bilər. Amma Rusiya ilə danışıqlarda məsələ qoya bilərik ki, necə olur ki, Rusiya Ermənistanda hərbi baza yaradır, Türkiyə Azərbaycanda yaratmasın? Yetər ki, biz bu məsələni başladaq”.


