Vətəndaşlar bildirirlər ki, danışıq qiyməti olduqca yüksəkdir, aparatlar isə qalıq pulları qaytarmır...
Bakının mərkəzində, insanların çox olduğu yerlərdə də taksofonlardan istifadə edilir. Bəs bu taksofonlardan istifadə sərfəlidirmi?
“Yeni Müsavat”ın əməkdaşı olaraq bu istiqamətdə kiçik bir araşdırma edib, bəzi məlumatlar əldə etdik. Müşahidə etdik ki, mobil telefonlar yayğın olsa da, günümüzdə hələ də taksofonlardan istifadə edənlər var.
Bakıdakı taksofonlar pul, jeton, telefon və ya kredit kartı ilə istifadə edilən ümumi telefon növüdür. Əvvəlcə məlumat verək ki, Bakıda ilk taksofonların quraşdırılması 1935-ci illərə təsadüf edir. Həmin illərdə çoxlu sayda telefon stansiyaları tikilsə də telefona olan tələbat ödənilmədiyindən təxminən 20 ədəd taksofon quraşdırılıb. Daha sonra bu günümüzə qədər onların sayı getdikcə artmağa, yeniləri ilə əvəz edilməyə başlayıb.
2012-ci ildən başlayaraq metropolitendə də taksofonlar quraşdırılıb.Həmin ilin iyun ayında Çindən 80 ədəd yeni taksofon Bakıya gətirilib.
Yeni taksofonlar quraşdırılarkən qiymətlərdə də yenilik edilib. Belə ki, əgər əvvəllər mobil telefonlara edilən zənglərin 1 dəqiqəsinin qiyməti 18 qəpik təşkil edirdisə, indi bu dəyər 10 qəpikdir.
Lakin istifadəçilərlə söhbətimiz zamanı onlar bu xüsusda şikayətlərini bildirdilər. Taksofondan istifadə edənlər söylədilər ki, 20 qəpik atıb, sabit telefona ( iş telefonu) zəng edirlər. 1 dəqiqə danışsalar da, aparat qalıq pulu geri qaytarmır. Bakı sakini Tərlan Həsənov aşağıdakıları söylədi:
“Taksofona 20 qəpik atıb, 43 saniyə telefonla danışdım. Öz evimizi yığmışdım. Taksofonda göstərdi ki, 2 qəpik xərcləndi. Ancaq yerdə qalan 18 qəpiyim qaytarılmadı. Belə çıxır ki, mən orta hesabla 1 dəqiqə üçün 20 qəpik ödədim. Eyni hal mobil telefonlara zəng zamanı da yaşanır. Həmçinin düşünürəm ki, mobil telefonlara edilən zənglər olduqca bahadır. Bu dəqiqə bir dəqiqəsi 10 qəpik olan heç bir tarif mövcud deyil. Hələ bu, sabit telefonlardan daha bahadır”.
![]()
Biz də taksofonları yoxlamaq üçün 20 qəpik atıb, ev telefonu ilə danışdıq. Aparat 1 dəqiqə içərisində bizim də 20 qəpiyimizi “uddu”.
Taksofonla şəhərdaxili danışığın dəqiqəsi 2 qəpik, rayonlara zəngin dəqiqəsi isə 5 qəpikdir.
Bəs sabit telefonlardan danışıq tarifləri necədir?
İnsanların şikayətçi olduqları məsələlərdən biri də ev telefonlarından mobil nömrələrə edilən zənglərin tarifinin baha olması ilə bağlıdır. Sosial şəbəkələrdə də bu məsələ müzakirəyə çıxarılan zaman şikayətçilər bildirirlər ki, Azərbaycanda evdən mobil telefonu yığmaq, xaricə zəng etmək qiymətinə bərabərdir.
Tariflərə gəlincə isə qeyd edək ki, Azərbaycanda MDB və Baltikyanı ölkələr üçün 1 dəqiqə ƏDV də daxil olmaqla, 36 qəpik, İran, Türkiyə Pakistana 1 dəqiqə danışıq tarifi 45 qəpik, Avropa, Amerika və digər ölkələr üçün 1 dəqiqə 54 qəpikdən hesablanır. Mobil və sabit şəbəkə operatorlarının beynəlxalq telefon rabitəsi xidmətləri 32 qəpikdən hesablanır. Qeyd edək ki, taksofonlardan xaricə zəngin 1 dəqiqəsi də 32 qəpikdir...
Sabit şəbəkə operatorlarının telefon çəkilişi xidməti 30 manatdır.
Bəs nə üçün tariflər belə yüksəkdir?
Ekspertlər bildirirlər ki, dünya ölkələrinin əksəriyyətində bu cür hallar mövcud deyil. Azərbaycanda isə mobil operatordan istifadəni stimullaşdırmaq üçün sabit şəbəkə operatorlarının tarifləri yüksəkdir. Ekspertlər bildirirlər ki, dəfələrlə qiymətlərin aşağı salınması ilə bağlı təkliflər verilsə də heç bir dəyişiklik olmayıb. Bildirilir ki, hazırda xətlərin inkişafı istiqamətində də heç bir əsaslı layihələr üzərində işlənilmir. Onu da qeyd edək ki, son zamanlar Azərbaycanda internetin də tarifində enmə müşahidə edilmir. Əksinə, sosial şəbəkələrdə insanlar ölkədə internet probleminin dərinləşməsindən şikayət edirlər...


