banner
banner

Gündəm

Sülhü yox, savaşı yaxınlaşdıran danışıqlar

Sülhü yox, savaşı yaxınlaşdıran danışıqlar

Ermənistanda müharibə xofu güclənir; “Daşnaksütyun” rəsmisi: “Qarşıdakı müharibə bizim üçün aprel savaşından qat-qat ağır olacaq...”

Başa çatmaqda olan 2019-cu il Qarabağla bağlı daha çox bəyanatlarla yadda qaldı, nəinki nizamlama prosesində hansısa irəliləyişlə. O sırada ATƏT-in Minsk Qrupunun həmsədrlərindən yenə növbətçi açıqlama və bəyanatlar eşitdik. Ən əsası, bu il də vasitəçi dövlətlərin Ermənistana münasibətdə işğalçı kimi davranış meyli müşahidə edilmədi. Əksinə, Dağlıq Qarabağdakı separatçı-kriminal rejimin təmsilçiləri hər üç ölkəyə sərbəst səfərlər edib, rahat şəkildə Azərbaycan əleyhinə hədyanlar söylədilər.

Amma postsovet məkanındakı digər separatçı qurumlara ABŞ və Avropa çoxdan sərt münasibətdədir. Separatçı qurumların rəhbərlərinə qarşı hətta sanksiyalar tətbiq edilir. Əfsuslar olsun ki, erməni separatçılarına gələndə tamamilə əks mənzərənin şahidi oluruq ki, bunun da adı “ikili standart” siyasətidir. Bu fonda həmsədr ölkələrin rəsmilərinin dilindən səslənən və guya münaqişənin həllinə töhfə vermək istədikləri haqda bəyanatlar əsla səmimi görünmür.

*****  

“Qarabağ konfliktinin həlli Rusiyanın ali rəhbərliyinin diqqət mərkəzində qalmaqda davam edir”. Bu sözləri jurnalistlərə açıqlamasında Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Qarabağ danışıqları ilə bağlı ilin yekunlarından danışarkən deyib.

“Qarabağ konfliktinin həlli Rusiyanın xarici siyasəti üçün prioritet olaraq qalır. Rusiya problemin tərəflər üçün qəbul olunan variantlar əsasında sülh yolu ilə həllinə çatmağa cəhd edən vasitəçidir”, - deyə diplomat qeyd edib.

Ancaq şübhə yoxdur ki, rəsmi Moskva ciddi şəkildə problemin həllinə girişsə, prosesə ciddi şəkildə təkan versə, münaqişənin nizamlanması sürətlənər, böyük müharibə riski birdəfəlik gündəmdən çıxar. Səbəbini hamı bilir: işğalçı ölkəyə Rusiya qədər heç bir ölkənin təsir və təzyiq rıçaqı yoxdur.     

Əlbəttə, nizamlama prosesinin daha bir il nəticəsiz olmasına görə təcavüzkar Ermənistanın rəhbərliyi də məsuliyyət daşıyır. İşğalçı ölkənin “inqilabçı” rəhbəri Nikol Paşinyan isə bu il konstruktiv danışıqlardan yayınmaq və vaxtı uzatmaq üçün əlindən gələni elədi. Hətta verdiyi sərsəm bəyanatlarla sələflərindən də absurd vəziyyət yaratdı və kövrək sülh danışıqlarını belə, mənasız elədi.     

*****

“Nikol Paşinyan Ermənistanda hakimiyyətə gəldikdən sonra demək olar ki, Dağlıq Qarabağ münaqişəsinin həll prosesi tormozlanıb”. Bunu politoloq Qabil Hüseynli deyib (Teleqraf.com).  

“Paşinyan gecə yatıb səhər qalxaraq, bir şey düşünür və bunu danışıqlarda şərt kimi irəli sürür. Uzun zamandır danışıqlar prosesinə mane olan faktorlardan biri də İrəvanın Qarabağdakı separatçı rejimin dialoqa cəlb edilməsi istəyi ilə bağlıdır. Paşinyan açıq formada onu da deyir ki, ”biz kimik ki danışıqlarda “Artsax”ın adından danışaq", - deyə ekspert qeyd edib.

Politoloq hesab edir ki, Ermənistan rəhbərliyi bununla Azərbaycan ərazilərinin işğal edilməsi məsuliyyətini öz üzərindən atmaq istəyir, bir növ işğalçı dövlət olduğunu malalamağa çalışır: “Buna görə də Paşinyan Dağlıq Qarabağdakı separatçı rejimi vaxtilə Azərbaycanın mərkəzi hakimiyyətinə qarşı ayağa qalxmış və qələbə qazanmış ”milli azadlıq hərəkatı" kimi təqdim etməyə cəhd edir. Ermənistan rəhbərliyi bununla həm də Rusiya hərbi qüvvələrinin Xocalı soyqırımı, Kəlbəcərin və digər rayonlarının iştirakının da üstündən xətt çəkmək istəyir. Minsk Qrupu həmsədrləri də Ermənistan rəhbərliyinin bu malalama siyasətinə dəstək verir".

Qarabağda müharibə ile ilgili görsel sonucu

Qabil Hüseynliyə görə, Minsk Qrupunun səhlənkarlığı ucbatından Rusiya danışıqlar prosesində inhisarçılığı ələ keçirib. “Rusiya nə diktə edirsə, Fransa və ABŞ da o yöndə hərəkət edir. Buna görə də işğalçılıqdan danışılır, amma işğalçının adı çəkilmir. Onlar işğalçıya təzyiq məsələsinə gələndə də susurlar. Prezident də öz çıxışında bu məsələyə diqqət çəkdi. Başqa sözlə, biz Dağlıq Qarabağ münaqişəsinin və müharibəsinin siyasi anatomiyasının aşkara çıxarılmasında Minsk Qrupunun fəaliyyətini görmürük. Belə təsəvvür yaranır ki, hamısı xristian olan beynəlxalq vasitəçilər Azərbaycan ərazilərində xristian anklavının yaranmasında maraqlıdır, bunun üçün də oyuna girişiblər. Bir sözlə, 2019-cu ili Qarabağ danışıqlarında itirilmiş il hesab etmək olar. Prezident də haqlı olaraq dedi ki, 2019-cu ildə aparılan danışıqlar nəticəsiz olub”, - deyə analitik əlavə edib.

*****

Nəticəsiz danışıqlar isə yalnız müharibəyə işləyir, hərbi əməliyyatları yaxınlaşdırır. Bunu işğalçı ölkədə də yaxşı bilirlər. Çünki istənilən atəşkəs rejiminin yalnız iki yekunu ola bilər: ya böyük sülh anlaşması, ya da müharibənin bərpası.

“İndiki hakimiyyətin Qarabağ nizamlanmasına dair nə yönlü konsepsiyası, nə də strategiyası var. Hökumət təmsilçilərinin müxtəlif vaxtlarda müxtəlif bəyanatlarla çıxış etməsi göstərir ki, həqiqətən Qarabağa dair strategiya və konsepsiya mövcud deyil”.

“Yeni Müsavat”ın erməni KİV-ə istinadən verdiyi məlumata görə, bu sözləri “Daşnaksütyun” Partiyasının siyasi məsələlər üzrə məsul şəxsi Kiro Manayan Paşinyan hökumətinin Qarabağ siyasətinə münasibət bildirərkən deyib.

Qarabağda müharibə ile ilgili görsel sonucu

“Rəsmi İrəvan bir yandan ”Artsax"ın (dırnaqlar bizimdir - “YM”) danışıqlarda iştirakından danışır, digər yandan da həmin baş nazir sonuncu Bratislava görüşü öncəsi Ermənistan parlamentində bəyan edir ki, Ermənistanın və “Artsax”ın nizamlama prosesinə yanaşmalarında heç bir fərq yoxdur və mövqelər 100 faiz üst-üstə düşür. “Artsax”ın danışıqlarda iştirakı barədə bəyanatın veriləcəyi görüş öncəsi bunu söyləmək qəribə və anlaşılmazdır. Ona görə ki, əgər sizin yanaşmalar eynidirsə, o zaman “Artsax” danışıqlarda niyə iştirak eləsin ki?", - deyə Manoyan sual edib.

Onun sözlərinə görə, masa üzərində mərhələli həll planının olub-olmamasından asılı olmayaraq, belə cəhdlər 5-6 il öncə də edilib: “Bu məqama kimi danışıqların məntiqi belə idi ki, paket həll mərhələli ola bilər. Başqa yanan, strategiyanın olmaması bizi təhlükəli vəziyyətə qoyacaq. Hesab edirəm ki, qarşıdakı müharibə bizim üçün 2016-cı ilin aprel müharibəsindən qat-qat ağır olacaq. Nədən ki, Azərbaycan ona hazırlaşıb. Müharibə qaçılmazdır. Biz ona həmişə hazır olmalıyıq”.

“Müharibə təhdidi hər zaman mövcuddur. Azərbaycan anlayır ki, istədiyini danışıqlar yolu ilə əldə edə bilməyəcək”. Bunu isə “Venatur” klubunun sədri Vazgen Manukyan deyib.

“Azərbaycanın daima ümidi var ki, Paşinyanla bəlkə də dil tapmaq mümkün olacaq. Bu gözlənti havada qalır. Belə şəraitdə mən bunu az inandırıcı hesab edirəm. Müharibənin baş verməyəcəyini deməkdən çəkinirəm. Biz hər zaman müharibəyə hazır olmalıyıq”, - deyə o bildirib.

O, 1988-ci ildən bu yana populizmin ölkədə dövlət barədə təsəvvürləri dağıtdığını deyib: “Bu gün neoliberalizm milli əsasları, populizm isə demokratiyanın əsaslarını dağıdır. Biz dövlətin qurulduğu bütün əsasları itiririk. Buna müqavimət göstərmək lazımdır. Ermənistanda 1995-1996-cı illərdə baş verən saxtalaşdırmalara və populist inqilablara izn verməyəcək təbəqə formalaşmalıdır”.

*****

Ancaq Ermənistanda hansı idarəçilik forması mövcud olur-olsun, onun hakimiyyətində kim olur-olsun, bir şey yəqindir ki, Qarabağ məsələsində Azərbaycanla dil tapılmadan, anlaşma əldə olunmadan işğalçı ölkənin normal inkişafı mümkün olmayacaq. Bunu ötən ilin mayında baş vermiş “məxməri inqilab”an sonra da Ermənistanda sosial-iqtisadi durumun, güzəranın ağır olaraq qalması bir daha təsdiqləyir.

Zaman-zaman vurğularımız kimi, Ermənistana hakimiyyət dəyişikliyindən öncə Qarabağ məsələsinə populist yanaşma dəyişməlidir. Çünki erməni liderləri kəllələri üstdə dursalar belə, Azərbaycan heç vaxt öz ərazisində ikinci qondarma erməni dövlətinin qurulmasına, yaxud “xristian anklavı”ının yaradılmasına  imkan verməyəcək.

Bu arada ordumuzun şəxsi heyətinin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması ilə əlaqədar Azərbaycan prezident İlham Əliyevin göstərişinə əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) aviabazasının ərazisində yerləşən növbəti yaşayış binası hərbi qulluqçuların istifadəsinə verilib.

Ramiz Tahirov ile ilgili görsel sonucu

Müdafiə Nazirliyindən Musavat.com-a bildirilib ki, xidməti mənzillərin açarlarının təqdimetmə mərasimində uçuş və texniki heyət, eləcə də onların ailə üzvləri ilə görüşən müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov bildirib ki, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə son illər onların daimi və xidməti mənzillə mütəmadi təmin olunması ölkə başçısının ordumuza göstərdiyi qayğının bariz nümunəsidir. Mənzillər təqdim edilən hərbi qulluqçular göstərilən qayğıya görə dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.