banner
banner

Gündəm

2020-ci ilin ilk təması: danışıqlara, yoxsa danışıqların imitasiyasına davam?

2020-ci ilin ilk təması:

Bu gün Azərbaycan və Ermənistan XİN rəhbərləri bir araya gələcək; gözləntilər isə nikbin deyil - əsas səbəb; sabiq diplomat: “Azərbaycan həmsədrlərdən prosesin hara getdiyini soruşmalıdır...”

Bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Elmar Məmmədyarov və Zoqrab Mnatsakayan arasında Cenevrədə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə görüş planlaşdırılır. Bu barədə artıq hər iki ölkənin XİN-i rəsmi açıqlama  yayıb. “Cenevrədə Dağlıq Qarabağ nizamlanması ilə bağlı geniş məsələlərə toxunulacaq”. Bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan özünün facebook səhifəsində yazıb.

Qeyd edək ki, bu, nazirlər arasında 2020-ci il üçün ilk görüş olacaq. Məmmədyarov və Mnatsakanyan sonuncu dəfə ötən ilin dekabrında Bratislavada bir araya gəlmişdilər. Lakin Minsk Qrupu həmsədrlərinin iştirakı ilə keçirilən və 3 saat çəkən həmin görüş də nəticəsiz başa çatmışdı. Bu gün baş tutacaq görüşlə bağlı da nikbin təxminlər səslənmir. Bu da onunla bağlıdır ki, işğalçı tərəfin rəsmiləri konstruktiv sülh danışıqlarının fəlsəfəsi ilə bir araya sığmayan bəyanatlar verməyə, destruktiv və maksimalist mövqe sərgiləməyə davam edirlər.

*****

Elə görüş ərəfəsində separatçı rejimin “prezidentliyə namizədləri”nin dilindən səslənən sərsəm bəyanatlar özlüyündə hər şey deyir. Onlar hətta “dqr”in yekun statusunun referendumla müəyyən olunmasına Azərbaycanın razılıq verəcəyi halda belə, Dağlıq Qarabağ ətrafında işğal olunmuş rayonlarımızın qaytarılmasının mümkünsüzlüyünü bildiriblər. Bəs belə bir vəziyyətdə danışıqların davam etdirilməsinin əhəmiyyəti qalırmı?

“İndiki halda möcüzə baş verməlidir ki, biz torpaqlarımızı geri qaytara bilək. Möcüzələr isə yalnız nağıllarda baş verir”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Moderator.az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev deyib.

Onun  sözlərinə görə, torpaqlarımızı qaytarmaq istəyiriksə, işğalçı erməni ordusunu döyüş meydanında məğlub etməliyik. “Yalnız bu halda erməniləri ədalətli sülhə məcbur edə bilərik. Bunun üçün təcili peşəkar ordu qurmalıyıq. Danışıqları Ermənistanla yox, onu özünün forpostu elan etmiş Rusiya ilə aparmalıyıq ki, o, münaqişənin həllinə imkan versin. Bu halda biz Rusiyanın liderliyi ilə yaradılmış bütün regional birliklərə üzv ola bilərik. Yox, əgər Rusiya indiki vəziyyətin qorunub saxlanması mövqeyində qalarsa, o zaman Azərbaycan qardaş Türkiyənin üzv olduğu NATO-ya qoşulmaq istiqamətində fəaliyyətə başlamalıdır. Zaman keçir, işğal altındakı torpaqlarımızda doğulmuş soydaşlarımız dünyasını dəyişir, qarşılığında isə işğal altındakı torpaqlarımızda qanunsuz məşkunlaşmış ermənilər doğub törəyir, həmin torpaqları öz vətənləri sayırlar. Biz İrəvanı, Zəngəzuru, Göyçəni itirdiyimiz kimi, Qarabağı da itirmək istəmiriksə, hərəkətə keçməliyik. Torpaqlarımızı işğaldan azad etmək üçün ciddi qərarların qəbul edilməsi zamanı çatıb. Bu gün Rusiyanın baş nazirinin, xarici işlər nazirinin valideynlərindən biri ermənidirsə, sabah belə şəxslər müdafiə naziri də, hətta prezident də olub, Rusiyanın xarici siyasətini müəyyənləşdirə bilər. ABŞ və Fransadan isə ədalətli mövqe gözləməyə dəyməz. Bu dövlətlərin siyasiləri bizə görə heç vaxt öz ölkələrindəki güclü erməni diasporu ilə, beynəlxalq hüququ müdafiə etmək naminə, münasibətləri korlamayacaqlar. Xalqımız torpaqlarını azad etmək istəyirsə, bütün bunları nəzərə alıb, fədakarlıq və qəhrəmanlıq nümayiş etdirməlidir. Heç kim bizim əvəzimizə torpaqlarımızı bizim üçün azad etməyəcək”, - deyə partiya sədri qeyd edib.

Tofiq Zülfüqarov ile ilgili görsel sonucu

“Azərbaycan üçün Ermənistanın mövqeyində heç bir yenilik yoxdur”. Bunu isə Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov söyləyib (Teleqraf.com). Sözünə davam edən sabiq diplomat deyib: “Keçən ildən Ermənistan baş naziri tərəfindən mövqe ifadə edilib və danışıqların mənasızlığı Azərbaycan tərəfinə artıq bəlli idi. Lakin imitasiya prosesləri tələb edirdi ki, danışıqlar bu və ya digər şəkildə davam etdirilsin. Nəticədə imitasiya xarakterli danışıqlar davam etdirilirdi.  Məntiqə əsaslansaq, Azərbaycan dövlətinin mövqeyi ondan ibarətdir ki, ya sülh yolu, danışıqlar vasitəsi ilə Azərbaycanın torpaqları azad edilərək, ərazi bütövlüyü təmin olunur, ya da Azərbaycan birmənalı şəkildə güc tətbiq edərək, işğalçını öz torpaqlarından qovub çıxarır. İndi isə hesab edirəm ki, Azərbaycan həmsədrlərdən bu prosesin hara getdiyini soruşmalıdır. Bu müddət ərzində erməni tərəfi danışıqları imitasiya etmək məqsədilə müzakirələrə qatılıb”.

Tofiq Zülfüqarova görə, görünən odur ki, Ermənistan Azərbaycanın işğal edilən torpaqlarını geri qaytarmaq niyyəti yoxdur. “Erməni tərəfi ətraf ərazilərimizi hətta Qarabağın müstəqilliyinə dəyişmək taktikasından imtina edirlər. Yəni Azərbaycanın konstitusiyaya uyğun olaraq, ərazi bütövlüyünü təmin etməsinə danışıqlar yolu ilə çatmaq mümkün deyil. Faktiki olaraq, qarşı tərəf bunu qəbul etmir. Danışıqlar artıq öz mənasını itirir. Azərbaycan üçün mürəkkəb vəziyyət yaranıb. Biz yaranan duruma hansısa reaksiya verməliyik. Başqa sözlə, rəsmi Bakı eyni zamanda həmsədrlərdən nəsə soruşmalıdır. Əgər ermənilərin mövqeyi ortadadırsa, bu zaman həmsədrlər Azərbaycana nə təklif edirlər? Məsələnin mahiyyəti bundadır. Görünən də odur ki, danışıqların mənası yoxdur, çünki erməni tərəfinin son aylar tutduğu mövqe göz önündədir”, - eks-nazir vurğulayıb.

Nazirlərin bugünkü görüşü ilə bağlı gözləntilərə gəlincə, sabiq XİN başçısı bunları bildirib: “Görüşün nəticəsi barədə Azərbaycan tərəfi açıqlama verməlidir. O mənada ki, baş nazirin verdiyi bəyanatdan sonra Ermənistan xarici işlər naziri görüşdə hansı mövqeni bəyan edəcək? Və bu mövqeyə cavab olaraq Azərbaycan addımlar atmalıdır. Üstəlik, indi həmsədrlər də konkret mövqeni açıq şəkildə ortaya qoymalıdırlar. Həmsədrlərdən, o cümlədən Rusiyadan soruşmaq lazımdır: ay Rusiya, sən vasitəçisən və görürsən ki, problem sülh yolu ilə həll olunmur. İndi söhbət təkcə Dağlıq Qarabağdan getmir. İşğal edilən ərazilər Dağlıq Qarabağın tərkibində olmayıb. Söhbət ondan gedir ki, Ermənistan işğalçı siyasətini həyata keçirərkən, bu vəziyyəti yaradıb. Azərbaycan tərəfi də həmsədrlərə sual etməlidir ki, qarşı tərəf torpaqları azad etməyəcək, danışıqlar mənasızdır. Ona görə də sizin onlara verdiyiniz təhlükəsizlik qarantiyası Ermənistana aiddir, yoxsa ermənilərin işğal etdiyi ərazilərə? İndi ikili cavab vermək çətindir. Bu məsələyə aid ”Valday" forumunda və s. tədbirlərdə proses gedib. Hazırda ortada müzakirə ediləcək məsələ qalmayıb. Azərbaycan Rusiya hökuməti ilə danışıqlar aparmalıdır. Bilinməlidir ki, danışıqlardan imtina edən tərəfin təhlükəsizliyini təmin edir, ya yox. Əgər təmin edirlərsə, deməli, ruslar açıq-aşkar işğalçını və onların işğal etdiyi əraziləri de-fakto Ermənistan ərazisi kimi qəbul edirlər. Mövcud vəziyyətdə nazirlərin görüşündən nə gözləmək olar? Nazir olmasın, başqası olsun. Bu vəziyyətdə nə danışıqlar aparmaq olar? Məsələn, onlar deyirdilər ki, gərginliyi aradan qaldırmaq üçün gəlin təmas xəttində vəziyyəti sabit saxlayaq. Yaxşı bunu aradan götürdük. Bəyəm mövqe dəyişibmi? Dəyişən heç nə yoxdur. Ermənilərin mövqeyi dəyişməyib, əksinə, daha da radikallaşıb. Erməni tərəfi əvvəllər bu məsələləri danışıqlar zamanı bəyan edirdisə, hazırda bunu ictimaiyyətin qarşısında edirlər. Odur ki, bizim görəcəyimiz çox işlər var".

*****

Yuxarıdakı iki rəydən də görünür ki, Azərbaycan üçün işğalçı tərəflə sülh danışıqlarının perspektivi yoxdur. Bu da o anlama gəlir ki, rəsmi Bakının situasiyaya adekvat kardinal qərar vermək zamanı çatıb. Ağlını və məntiqini getdikcə tamamən itirən düşmən tərəfi ağla gətirmək üçün ən azından ikinci bir “aprel qulaqburması”na ciddi ehtiyac yaranıb. Aydındır ki, Rusiya bizə geniş miqyaslı antiterror əməliyyatı keçirməyə hələlik imkan vermir. Lakin “addım-addım” taktikası ilə işğalçını lokal və ciddi itkilərə məruz qoymağımıza heç kəs mane ola bilməz...        



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.