Dünyanı bürüyən koronavirus təhlükəsi can almaqda davam edir. Belə ki, virusun ən çox yayıldığı Çində ölənlərin sayı 2 663 nəfərə çatıb. Ölkə üzrə isə ümumilikdə 27 232 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb. Hazırda ölkədə 77 658 insan virusun daşıyıcısıdır. Bununla yanaşı, Çində 3 mindən çox tibb işçisi koronavirusa yoluxub.
Bu arada Çindən gələn sevindirici bir məlumat da koronavirusla bağlı vaksinin hazırlanması haqdadır. Çinin Rusiyadakı səfiri Çjan Xanxuey ölkəsinin koronavirusa tezliklə qalib gələcəyinə və əksər regionlarda normal həyatın fevralın sonuna bərpa olunacağına əmin olduğunu deyib. Səfir bildirib ki, epidemiyanın mərkəzi olan Uhanda insanlar normal həyata mart ayında qayıda biləcəklər. O, jurnalistlərə müsahibəsində bildirib ki, Çində orqanizmdə əvvəlcədən immunitet formalaşdıran peyvənd üzərində iş başa çatır. Peyvəndin ilkin sınaqları yaxşı nəticələr verib. Diplomatın sözlərinə görə, Çin təbabəti koronavirusun müalicəsinə 85 faiz nail ola bilib. Hazırda Çində hər gün 2 min xəstə sağalaraq adi həyata qayıdır.
İranda isə koronavirusdan ölənlərin sayı 15 nəfərə çatıb. Bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ölkədə 95 nəfərə koronavirus diaqnozu qoyulub. Ümumilikdə ölkənin 13 - Tehran, Qum, Xorasan Rəzəvi, Gilan, Mazandaran, Həmədan, İsfahan, Mərkəzi, Əlborz, Simnan, Kermanşah, Fars və Hörmüzqan əyalətlərində koronavirus qeydə alınıb.
Dünyanı dəhşətə gətirən bu virusun qonşu İrana qədər gəlib çıxması və iki ölkə arasında geniş-gəlişin sıx olması Azərbaycan əhalisini də narahat edir. İki ölkə arasında gediş-gəliş dövlət qurumları tərəfindən nəzarətə götürülüb. Ölkəyə gələn yerli və xarici vətəndaşlar sərhəd keçid məntəqələrində xidmət göstərən həkimlər tərəfindən, eləcə də müvafiq cihazlarla yoxlanılır, həmin şəxslər 14 gün müddətində nəzarətə alınır. Nazirlər Kabineti bazar ertəsi günü Azərbaycan-İran sərhəd-keçid məntəqələrinin xüsusi rejimdə fəaliyyətə keçdiyini və bununla bağlı keçid prosedurlarının sürətinin azaldığını açıqlayıb. Bundan başqa, son günlər sərhəd-keçid məntəqələrində sanitar-dezinfeksiya işləri aparılır. Azərbaycan ərazisindən tranzit yüklərin daşınması üzərində də nəzarət gücləndirilib.
Koronovirusla mübarizə ile ilgili görsel sonucu
Səhiyyə Nazirliyi rəsmi olaraq açıqlayıb ki, Azərbaycanda koronavirus qeydə alınmayıb və bunun baş verməməsi üçün hər cür tədbir görülüb. Əhalini narahat edən məqamlardan biri də apteklərdə tibbi maska və dezinfeksiyaedici məhlulların tapılmaması , həmçinin bəzi yerlərdə qiymətindən bir neçə dəfə baha satılmasıdır. Yaxın günlərdə dövlət qurumları tərəfindən bu məsələnin də nəzarətə götürüləcəyi gözlənilir.
Ölkə ərazisinə gələn İran vətəndaşları isə xüsusi nəzarətdədir. Onlardan daha 4 nəfəri yüksək hərarət səbəbindən dünən 1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə həkim müşahidəsi üçün yerləşdirilib. Həkim müşahidəsinə götürülənlər İran vətəndaşlarıdır. Bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb. Məlumata görə, 19-21 yaş arası olan gənclər Bakıya bir neçə gün əvvəl gəliblər. Bədənlərinin hərarəti normadan yüksək olduğu üçün xəstəxanaya müraciət ediblər. Kliniki Tibbi Mərkəzdən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda yoluxucu xəstəliklər şöbəsində 6 nəfər var. Onlardan biri Azərbaycan, digərləri isə İran vətəndaşlarıdır. Həkim müşahidəsinə götürülənlərdən üçünün vəziyyəti normaldır, səhhətlərində hər hansı bir problem aşkarlanmayıb. Digər 3 nəfərdə zökəm əlamətləri var. Həkim müşahidələri davam edir. Yuxarıda qeyd edilənlər İranın xəstəlik qeydə alınmayan ərazisindən gəliblər, xəstə insanlarla ünsiyyətdə olmayıblar.
Səhiyyə Nazirliyi ölkə vətəndaşlarından qeyd edilən məsələyə həssas yanaşılmasını, süni ajiotaj yaratmaq məqsədilə sosial şəbəkələr vasitəsilə yayılan yalan məlumatlara etibar etməməyi xahiş edib. Koronavirusla bağlı ən çox təşviş keçirən isə təbii ki, övladı məktəbli və tələbə olan valideynlərdir. Onlar hətta məktəblərin bir müddət tətilə bağlanmasını belə təklif edirlər. Bütün bunları nəzərə alaraq, Təhsil Nazirliyi də əhaliyə müraciət ünvanlayıb. Müraciətdə deyilir ki, nazirlik tərəfindən müvafiq dövlət qurumları ilə birlikdə əhali arasında koronavirus xəstəliyinin profilaktikası məqsədilə bütün təhsil müəssisələrində sanitariya maarifləndirmə işləri həyata keçirilir.
Cəsarət Valehov ile ilgili görsel sonucu
Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov da bildirib ki, məktəblərdə dezinfeksiya işləri artıq ötən həftədən etibarən aparılır. O, həmçinin deyib ki, şagirdlərin maska ilə sinifdə oturmasına ehtiyac yoxdur: “Əksinə, respirator xəstəliklərin əlamətləri müşahidə edildikdə şagirdlərin ev şəraitində və ya ambulator şəraitdə müalicə olunması daha məqsədəuyğundur, nəinki xəstə-xəstə məktəbdə oturması. Bundan əlavə, hər il müvafiq olaraq şagirdlərin sağlamlıq vəziyyəti ilə bağlı planlı işlər də görülür. Bu, ödənişsiz olmalıdır. Şagirdlər yaşadığı və qeydiyyatda olduğu tibbi müəssisələrdə yoxlanışdan keçirlər”.
Ekspertlər hesab edir ki, koronavirus yaşlı insanlar, yəni yaşı 55-60-dan yuxarı olan insanlar üçün daha təhlükəlidir. Çünki bu yaş qrupunda olan insanlar yaşadıqları dövrdə bir sıra xroniki xəstəliklər qazanmış olurlar və həmin xroniki xəstəliklər də virusa yoluxduqda daha da ağırlaşır. Həmçinin həmin xəstəliklər orqanizmin immun sistemini zəiflətdiyi üçün yoluxan virus xəstələri ağırlaşdırır. Statistik məlumatlara görə, Çində də ölüm halları yuxarı yaş qrupundan olan insanların payına düşür.
Hazırda əhali arasında koronavirusdan qorunmaq üçün ən çox tibbi maskalardan və spirtdən istifadə edirlər. Lakin spirtin virusla bağlı mübarizədə effektiv olduğunu yanlış anlayaraq, spirtli içkilərin qəbuluna üstünlük verənlər də var. Həkimlər bunu doğru hesab etmirlər.
Cəlal İsayev ile ilgili görsel sonucu
Azərbaycanın baş infeksionisti Cəlal İsayev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, spirtlə əlləri mütəmadi olaraq dezinfeksiya etmək virusun təmizlənməsinə və insanın yoluxmasının qarşısını almağa kömək edə bilər. Ancaq spirti daxilə qəbul etmək, alkoqollu içkilərdən istifadə buna aid deyil. Onlar koronavirusla mübarizədə effekt verməyəcək. Əksinə, spirtli içkilərdən istifadə insanın immun sisteminə mənfi təsir etdiyi üçün virusla mübarizədə orqanizmi bir qədər də zəiflədə bilər.
Koronavirusla bağlı ən çox yayılan iddialardan biri də bu virusun ABŞ tərəfindən bir bioloji silah olaraq yaradılması və Çin, İran kimi sevmədiyi ölkələrin cəzalandırılması üçün istifadə edilməsidir.
Cəlal İsayev bu ehtimalı əsassız sayır: “Bu koronavirusun əvvəlki koronoviruslara təxminən 75 faiz oxşarlığı var. Onların mutasiya olunmuş formasıdır, belə iddialar var. Ancaq hələ ki təsdiqini tapmayıb. Ancaq mən hansısa ölkənin belə bir addım atacağına inanmıram”.
Hazırda ölkəmizdə koronavirusla bağlı əsas problemlərdən biri də vətəndaşlar arasında panika yaratmağa çağıran şəxslərin olması və onların sosial şəbəkələrdə təşviş doğuran səs yazıları, saxta videolar paylaşmasıdır. Artıq bu şəxslərin tapılıb məsuliyyətə cəlb edilməsi barədə də hüquq-mühafizə orqanları tərəfindən iş aparılır.


