Zahid Oruc: “Azərbaycan cənub qonşumuzla münasibətlərdə hər zaman bəlli prinsipləri qoruyub saxlayıb”
Fevralın 26-də Azərbaycan-İran müştərək hərbi komissiyasının iclası keçirilib. Tehranda İran Silahlı Qüvvələrinin Baş Qərargahında keçirilən iclasa bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin beynəlxalq məsələlər üzrə idarə rəhbəri, general Qədir Nizami və Azərbaycanın müdafiə nazirinin müavini, general leytenant Fuad Məmmədov sədrlik ediblər.
İclasda bir çox sahələr üzrə əməkdaşlıq məsələləri müzakirə olunub ki, onlar sırasında hərbi sahədə əməkdaşlığın müzakirəsi diqqətləri çəkib. Buna səbəb də, İran ətrafında cərəyan edən proseslərdir.
Bu ölkə ilə hərbi əməkdaşlığın riskli olduğu yönündə bəzi fikirlərə rast gəlirik. Amma əksəriyyət qonşu ölkə kimi bu əməkdaşlığa normal baxır və bunun üçüncü dövlətə qarşı yönəlmədiyini söyləyir. Hətta əlaqələrin Azərbaycan üçün faydalarının daha çox olacağı vurğulanır.

Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc “Yeni Müsavat”da məsələyə bu cür şərh verdi: “İran regionda böyük hərbi qüdrətə, imkanlara malik bir ölkədir. Onun arsenalında uzaqmənzilli ”Şahab" raketləri, hava hücumundan müdafiə sistemləri, o cümlədən, ətrafında uzun illərdir qalmaqal yaşanan reaktorları mövcuddur. İran getdikcə Qərblə məlum münasibətlər fonunda özünün hərbi sənaye kompleksini son dərəcə inkişaf etdirib. Onun malik olduğu arsenalı sadalamaq istəmirəm. Azərbaycan İran münasibətlərdə hər zaman bəlli prinsipləri qoruyub saxlayıb. Biz heç zaman başqa ölkə ilə hərbi əlaqələrimizi İran əleyhinə çevirməmişik. Ələlxüsus da burada söhbət İsraildən gedir. İsrail və İranla əlaqələrə üçüncü tərəf ölkələr çox həssaslıqla yanaşır. Lakin bununla bərabər biz qətiyyən burada belə bir siyasət yürütmürük ki, əgər Qərb dövlətləri, o cümlədən, İsraillə geniş bir silah anlaşmalarımız mövcuddursa, bunun əvəzində müəyyən qədər balans yaradaraq, məhz İranla da əlaqələrə getməliyik. Bu düzgün yanaşma olmazdı. Ara-sıra belə təhlilləri görməkdəyik. Azərbaycan o siyasəti yürüdür ki, təhlükəsizliyi üçün hansı dərəcəli hərbi texnikalar, qurğular, avadanlıqlar lazımdır. İlk növbədə xaricdən asılılığımızı aradan qaldırmaq üçün cənab prezidentin Ali Baş Komandanlığı altında məlum sənaye kompleksləri quruldu. Amma bununla bərabər açıq demək lazımdır ki, dünyanın silah bazarında aparıcı mövqe tutan birinci növbədə Birləşmiş Ştatlardır. Ondan sonra digər dövlətlər gəlir. Rusiya da o sırada önəmli yer tutur.
Azərbaycan şimal qonşumuzla, o cümlədən, İsraillə son illər ərzində yürütdüyü siyasət hesabına bölgədə onun ziyanına olan balansı nəinki bərpa edib, həmçinin, üstünlük qazanıb. Əgər siz neytral beynəlxalq, hərbi araşdırma mərkəzlərinin hesabatları ilə tanış olsanız, görəcəksiniz ki, Azərbaycanın 34-cü yerdə dayanması, Ermənistanla müqayisədə qat-qat üstün mövqedə olması realdır, əsaslıdır. Bu, o deməkdir ki, istənilən hərbi əməliyyatlar zamanı Azərbaycan böyük texnikaları, silahları işlətməyə qadirdir.
Ölkəmiz artıq insan resurslarını da bu işlərə uyğunlaşdırıb. Ona görə də İranla əlaqələr hesab edirəm ki, düşünülmüş, hesablanmış və konkret Azərbaycanın hərbi ehtiyaclarına bağlı bir strategiyadır. Düşünürəm ki, bu da son dərəcə ölkə rəhbəri tərəfindən yürüdülən düzgün siyasətdir. Əminəm ki, hansısa bir cinahdan əleyhimizə hansısa addımlar atılan deyil. Ən azından biz belə nümunələri çoxlu ölkələrin timsalında göstərə bilərik. Bu qətiyyən İranla hərbi alyans, hərbi müttəfiqlik, o cümlədən, beynəlxalq hər hansı bir hərbi əməliyyatlarda iştirak anlamına gəlmir. Siz eyni sualla Türkiyəni götürsəniz, görəcəksiniz ki, 2009-cu ildə Strateji Tərəfdaşlıq Şurasının yaradılması çərçivəsində anlaşmalar yeni bir səviyyədədir ki, biz artıq Naxçıvanda, Qaraheybətdə, Qarabağ ətrafı ərazilərdə birgə qırıcı təyyarələr çərçivəsində uçuşlardan, təlimlərdən tutmuş, digər səviyyəli addımlara qədər birgə addımlar atmaqdayıq. Amma 90-cı illərdə bunu etmək qeyri-mümkün idi. Çünki Türkiyə Rusiya və İranın mənafelərini nəzərə alıb, hər hansı addım atmaqdan özünü kənarda saxlayırdı. Azərbaycanın İranla bağlı siyasəti təzyiq, təsir altında deyil, məqsədyönlü, düşünülmüş bir plan əsasında həyata keçirilir".


