Ankaranın qərarından sonrakı qısa müddətdə 100 mindən artıq suriyalı qaçqın Avropaya üz tutdu; Kreml kimin yanında olacaq? Politoloq: “Artıq Türkiyənin Rusiyaya inamı qalmayıb...”
Xəbər verildiyi kimi, Türkiyə fevralın 27-də Suriyanın İdlib vilayətində 34 hərbçisinin şəhid edilməsindən sonra “Bahar qalxanı” əməliyyatına başlayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da martın 2-də hakim partiyanın toplantısında xain hücuma cavab olaraq terrora və rejim qüvvələrinə qarşı əməliyyatların davam etdiriləcəyini bildirib.
Rəsmi məlumata görə, fevralın 27-dən ötən dövr ərzində İdlibdə Suriya rejiminə məxsus 2 döyüş təyyarəsi (Su-24), 8 vertolyot, 1 pilotsuz uçuş aparatı, 103 tank, 72 top, 3 hava hücumundan müdafiə sistemi, 2 min 212 hərbçi məhv edilib. “İdlibdə Rusiya ilə qarşı-qarşıya gəlmək kimi bir niyyət və məqsədimiz yoxdur. Niyyətimiz Suriya rejiminin qətliamına son qoymaq və qaçqın axınının qarşısının alınmasıdır. Rusiyadan gözləntimiz Suriya rejiminin hücumlarını dayandıraraq Soçi razılaşması sərhədlərinə çəkilməsi üçün nüfuzundan istifadə etməsidir”. Bunu Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.
Ərdoğan martın 5-də Rusiyaya səfər etməyi planlaşdırır. Moderator.az xəbər verir ki, Türkiyənin Suriyada səfəröncəsi həyata keçirdiyi geniş antiterror əməliyyatları zamanı əldə edilən bu uğur Moskvada əsl faciə kimi qarşılanıb. Nə qədər qəribə olsa da, vurulan təyyarələrin Suriyaya məxsus olduğuna baxmayaraq, bundan Rusiya tərəfi Əsəd rejimindən daha çox məyusluq duyur. Su-24 təyyarələrinin məhvi ilə bağlı Rusiyanın davranışlarıdan diqqət çəkən məqamlardan biri də Kremlin heç cür baş verənlərə inana bilməməsidir. Belə ki, Türkiyənin bununla bağlı rəsmi məlumat və faktlar ortaya qoymasına baxmayaraq, Rusiyanın Müdafiə Nazirliyi bu məlumatı təkzib edib.

Türkiyə Hərbi Hava Qüvvələrinin Suriyanın İdlib şəhərinə “Bahar qalxanı” hərbi əməliyyatları çərçivəsində endirdiyi aviazərbələr nəticəsində çox sayda Bəşər Əsəd rejimi əsgəri zərərsizləşdirilib. “Bahar qalxanı” hərbi əməliyyatlarına yerli xalq da böyük dəstək nümayiş etdirib. Türkiyə və Suriyanın bayraqları ilə küçələrə axışan kütlə rejimə qarşı şüarlar səsləndirib. Dinc əhali Əsəd rejimi cəbhəsində savaşan Rusiya və İranı protest edərək türkcə və ərəbcə “9 ildə ilk dəfə səmadakı bir təyyarədən qorxmadıq”, “Türklərin müdaxiləsini məmnuniyyətlə qarşılayırıq”, “Çanaqqalada məzarlarımız qonşu idi, İdlibdə qanlarımız qarışdı” yazıları ilə pankartlar açıb. Suriya xalqı dəstək üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
Türkiyə sərhədlərini qaçqınların üzünə açıq elan edəndən sonra Avropanın yuxusu qaçıb. Qısa zamanda Avropaya üz tutan miqrantların sayı 100 mini keçib. Bu arada Avropaya getmək üçün Türkiyəni tərk edən suriyalı miqrantlardan biri yunan əsgərlərinin açdığı atəş nəticəsində həlak olub. Məlumata görə, Yunanıstana keçmək istəyən Əhməd Əbu Əməd adlı miqrant kürəyindən vurularaq öldürülüb.
İranın Suriyadakı səfirliyi hücumları dayandırması üçün Türkiyəyə martın 2-nə qədər vaxt verdiklərini bildirib. Səfirlik şiə milislərinə və Suriya ordusuna qarşı hücumların dayandırılmayacağı təqdirdə cavab veriləcəyini açıqlayıb. Məlumata görə, Suriyada 10 min şiə hərbçi döyüşür.

Rusiya və Türkiyə prezidentləri martın 5-də Moskvada görüşəcək. Məlumata görə, görüş təşəbbüsünün kim tərəfindən gəlməsi hələlik açıqlanmır. Amma hesab olunur ki, Putin artıq Rusiyanın əleyhinə işləyən savaşın dayandırılmasında maraqlı tərəf kimi görünməyə başlayıb. Ekspertlərin fikrincə, Türkiyə və Rusiya liderlərinin Moskvadakı görüşü İdlibin taleyini müəyyən edəcək.
Rusiyalı ekspert Martin Çulov hesab edir ki, Türkiyə və Rusiyanın növbəti addımları Suriya müharibəsinin son mərhələlərini müəyyənləşdirəcək. Çulov Rusiya ilə müqayisədə Türkiyənin Suriyadakı hədəflərinin o qədər böyük olmadığını iddia edir. Onun fikrincə, əsas məqsəd Azad Suriya Ordusunun dəstəyi ilə kürd qüvvələrini Türkiyə sərhədlərindən uzaqlaşdırmaqdır. O, buna görə də, liderlər arasında baş tutacaq görüşdə Türkiyənin maraqlarının təmin olunacağını istisna etmir.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a dedi ki, liderlərin budəfəki görüşü bir qədər fərqli olacaq: “Çünki bu vaxta qədər bir-birilərinə inam var idi, artıq bu inam ortadan qaldırılıb. Rusiya verdiyi vədləri yerinə yetirmir. Sonuncu dəfə Türkiyəyə gələndə İstanbulda vəd etmişdi ki, İdlib ətrafında atəşkəsə əməl olunacaq. İki atəşkəs razılaşması var idi, ancaq heç birinə riayət olunmadı, hər iki razılaşma pozuldu. İndi də Türkiyə qətiyyətli siyasət ortaya qoyub. Rusiya prezidenti bununla hesablaşmaq məcburiyyətindədir. Amma düşünmürəm ki, Moskvada bu dəfə şifahi və ya yazılı razılaşma olsa, o, yüz faiz yerinə yetiriləcək. Çünki artıq Türkiyənin Rusiyaya inamı qalmayıb”.
E.Şahinoğlu qeyd etdi ki, İran da bölgədə öz oyununu aparır: “Təsadüfi deyil ki, İran prezidenti ayrıca Rəcəb Tayyib Ərdoğana zəng etmişdi. Çünki İranın özünün mövqelərinə də zərbələr endirilir. Həmçinin İranın özünün xeyli problemləri var, üstəgəl, Suriyadakı problemləri artır. Türkiyənin İrana da o qədər böyük inamı qalmayıb. Çünki İran da Əsədin qətliamlarına çox ciddi dəstək verir. Ona görə də mənə elə gəlir ki, bu danışıqlara, anlaşmalara baxmayaraq, Suriyada hərə öz oyununu oynamaqda davam edəcək”.
Politoloq hesab edir ki, Əsəd rejimi böyük bir zərbə alıb: “Hətta mən düşünürəm ki, bu zərbədən sonra Suriyanın silahlı müxalifəti daha da fəallaşa, həmçinin hakimiyyət içərisində də böyük problemlər yaşana bilər”.
E.Şahinoğluna görə, rəsmi Moskva da prosesləri ciddi şəkildə təhlil edir: “Çünki Rusiya bu gün Türkiyə ilə toqquşmaya getsə, Rusiya cəmiyyətinin özündə də ciddi suallar yarana bilər ki, niyə övladlarımız uzaq bir bölgədə savaşa girib? Yəni Əfqanıstan SSRİ üçün hansı problemlərə çevrildisə, Suriya da Rusiya üçün ikinci Əfqanıstana çevrilə bilər”.

Politoloq Türkiyənin Suriya ərazisində hərbi əməliyyatları genişləndirdiyini bildirdi: “Türkiyə artıq Əsədin Hələbdəki mövqelərinə zərbələr endirir. Yəni Türkiyə artıq İdlib və onun ətrafı ilə məhdudlaşmır, Əsəd ordusunun mövqelərini harada gəldi vurur. Bəzi məlumatlara görə, Bəşər Əsədin partiyasının Dəməşqdəki binasına da hücum olub. İsrail də fəallaşıb. İsrailin Türkiyə ilə münasibətləri soyuq olsa da, hər ikisi üçün Əsəd hədəfdir. Ancaq son hadisələr Suriyadakı terrorçuları da cəsarətləndirə bilər, onlar Əsəd ordusunun itki verməsindən istifadə edərək fəallaşa bilərlər”.
Baş verənlər bunu deməyə imkan verir ki, NATO artıq Türkiyəni ciddi şəkildə dəstəkləməkdə qərarlıdır. Hər halda, Ankaranın sərt və birmənalı mövqeyi, Əsəd rejiminə qarşı açıq döyüş aparması və qaçqınlara açdığı qapını bağlamayacağını bəyan etməsi Qərbi ciddi şəkildə düşünməyə vadar edəcək. Vaxtilə Türkiyəyə qaçqınlara sahib çıxdığı üçün bir neçə milyardlıq dəstəyi də çox görən, hətta Ankaranın qarşısında həll olunması mümkünsüz görünən tələblərlə çıxış edən Avropa Birliyinin də siyasətini dəyişəcəyi gözləniləndir. İndiki halda nəzərlər Moskva görüşünə dikilib. Ona qədər hələ daha bir neçə gün var və Suriyada hədəflər uğrunda savaş davam edəcək...


