Dünyanın iri dövlətləri koronavirus ( COVİD-19) infeksiyasının qarşısında aciz qalıblar. Xüsusilə də bu virusdan əziyyət çəkən ölkələr kifayət qədər inkişaf etmiş, hegemon dövlətlərdir.
ABŞ-dakı mövcud mənzərə artıq hər kəsə məlumdur. Dünyada koronavirusa yoluxanların siyahısında birinci olan Amerikada bu saata görə 435 min 160 koronavirusa yoluxan, 14 min 797 nəfər isə ölən var. Dünən ABŞ-da koronavirusdan 1940 nəfər dünyasını dəyişib.
Maraqlısı budur ki, siyahıda ilk sıralarda olmasa da (hazırda 8-ci yerdədir və ondan sonrakı yerdə Türkiyə gəlir) İngiltərədə koronavirusdan ölənlərin sayı sürətlə artır. Dünən bu ölkədə 938 nəfər koronavirusdan ölən olub. Ümumi ölüm sayı isə 7 min 97 nəfərdir.
İngiltərəni nə gözləyir?
Bu ölkədə ölüm halı sürətlə yayılmadan öncə məlumat gəldi ki, ölkənin baş naziri Boris Conson koronavirusa yoluxub. Rəsmi açıqlamalarda bildirilir ki, baş nazirin vəziyyəti stabil şəkildə inkişafa gedir.
Boris Conson canını bu virusdan qurtarsa belə, minlərlə ingiltərə vətəndaşı virusdan qurtula bilmir və təhlillərdə qeyd edilir ki, bu say hələ bir müddət artmaqda davam edəcək.
ABŞ-da aparılan bir araşdırmaya görə, avqust ayında İngiltərədə korona virusunun yeni növü (Covid-19) səbəbiylə 66 mindən çox ölüm hadisəsi baş verəcək. Buna görə, yayın sonuna qədər bu ölkə, İngiltərədə, İtaliya və İspaniyada ölənlərin sayından iki dəfə, Fransada ölənlərin sayından isə dörd dəfə artıq ölüm olmaqla, Avropada ən çox təsirlənən ölkə olacaq.
Vaşinqton Universitetinin tədqiqatçılarının apardığı bir araşdırmaya görə, Avropa qitəsində 151,680 adamın yeni koronavirusdan öləcəyi proqnozlaşdırılıb.
Tədqiqatçılar hesab edirlər ki, ingiltərədə iyulun sonuna qədər 66 min 300 Covid-19 ölümü baş verəcək. Elm adamları, böhrandan çıxmaq üçün İngiltərənin aprelin ortalarına qədər daha 100.000 çarpayıya ehtiyacı olduğunu bildirirlər.
Digər tərəfdən, bu xəstələrin 24 544 nəfərinin reanimasiya xəstələri olduğu düşünülür. Lakin araşdırmada göstərilir ki, İngiltərədə yalnız 744 reanimasiya şöbəsi boşdur. Bu isə o deməkdir ki, proqnozda göstərilən qədər xəstə olacaqsa, həmin xəstələri yerləşdirmək mümkün olmayacaq.
Məsələ burasındadır ki, Avropada virus sürətlə yayılır və digər ölkələr də təxminən İngiltərənin vəziyyətindədir. Ona görə də Avropa dövlətlərinin tibb sahəsində bir-birilərinə ciddi yardım edə biləcəkləri də düşünülmür.
Virusdan sürətli ölümün yaşandığı İngiltərədə qəribə hallar da baş verir. Belə ki,
İngiltərədə belə bir dedi-qodu yayılıb ki, guya koronavirusun yayılmasında 5 G şəbəkəsinin təsiri var. Buna görə də bəzi ərazilərdə ingilis xalqı 5 G şəbəkələrinə aid olan stansiyaları yandırıb, məhv ediblər. Duruma münasibət bildirən
Baş nazirin müavini Michael Gove bildirib ki, bu, sadəcə axmaq bir hərəkət deyil, eyni zamanda çox təhlükəli bir vəziyyətdir.
İngiltərənin Milli Səhiyyə Xidmətinin (NHS) Tibb direktoru Stiven Povis isə 5 G-nin virus yayması ilə bağlı məlumatları tamamilə əsassız adlandıraraq, insanların evdə qaldıqları bir dönəmdə cib telefonlarının nə qədər vacib olduğuna diqqət çəkib.


