banner
banner

Dünya

Koronavirus ABŞ-ı seçim qarşısında qoyub: yardıma davam, yoxsa...

Koronavirus ABŞ-ı seçim qarşısında qoyub:

Koronavirus pandemiyasının yaratdığı iqtisadi böhran ABŞ-da işsizlik səviyyəsini kəskin şəkildə artırıb. Rəsmi məlumatlara görə, ölkədə rəsmi işsizlik səviyyəsi 14,7 faizə qalxıb, 20 milyondan yuxarı insan işsiz qalıb. Lakin Ağ Ev rəsmiləri bu rəqəmin 25 faizə çatacağını proqnozlaşdırırlar.

ABŞ Maliyyə Naziri Stiven Mnuçin bildirib ki, iqtisadiyyat ilin ikinci yarısında dirçəlməyə başlamazdan öncə “hazırda gördüyümüz rəqəmlərin pisləşəcəyi gözlənir”.

“Fox News Sunday” verilişində müsahibə verən Mnuçun işsizliyin 25 faizı çata biləcəyini deyib. Ağ Evin iqtisadi müşaviri Kevin Hassett də rəqəmin 20 faizdən yuxarı qalaxağını istisna etmədiyini bildirib.

İşsizlik səviyyəsinin may-iyunda daha yüksək həddə çatacağı gözlənir. Ötən cümə günü açıqlanmış 14,7 faiz işsizlik 1930-cu illərdə Böyük Depressiya dönəmindən bəri ən yüksəlk göstəricidir. Stiven Mnuçin baş verənlərdə amerikalı əməkçilərin və biznesin heç bir günahının olmadığını bildirib.

“The New York Times” qəzeti ölkədə yaranmış böhranlı vəziyyət və ondan çıxış yollarına dair geniş yazı ilə çıxış edib. Yazıdan aydın olur ki, böhran vəziyyətində atılacaq növbəti addımlarla bağlı ABŞ-dakı siyasi qüvvələr arasında ciddi fikir ayrılıqları yaranıb. Bildirilir ki, indiki şəraitdə Konqress və Tramp administrasiyası qarşısında iki yoldan biri ilə getmək kimi məsuliyyətli seçim durur: işçi və biznesi dəstəkləmək üçün trilyonları xərcləməyə davam etmək, yaxud məhdudiyyətlərin aradan qaldırılmasının ABŞ iqtisadiyyatını yenidən əvvəlki qədər canlandıracağını gözləmək: “Ən azı 20 milyon amerikalı işsizdir, kiçik müəssisələrin böyük əksəriyyəti ya bağlanıb, ya da mümkün bağlanma ilə üz-üzədir. Siyasi qərarlarda yanlışlığa yol vermək yaxın həftələrdə aprel ayında müvəqqəti işsiz statusu almış 18 milyon nəfərin iş yerinin tamamilə itirilməsinə səbəb ola bilər ki, bu da Birləşmiş Ştatları son dövrlərdə görünməmiş səviyyədə dərin və uzunmüddətli böhrana sürükləyər.

Bununla yanaşı, Federal hökumət indiyədək koronavirusun yayılmasının qarşısını alan və böhranla vuruşmaqda olan insanları və şirkətləri dəstəkləyən strategiyadan imtina edir. Son iki ayda tətbiq olunan məhdudiyyətlər şəraitində prezident Tramp və ikipartiyalı koalisiya 3 trilyon dollar həcmində federal yardım paketini təsdiqləyiblər. Federal Ehtiyatlar Sistemi(FED) maliyyə-bank sektorunu dəstəkləmək üçün fövqəladə addımlara gedib. Qubernatorlar “evdə qal” əmrinə əməl ediblər ki, koronavirusun yayılmasının qarşısı alınsın”.

Ekspert və iqtisadçılar bu tədbirləri pandemiyanın yaratdığı resessiyanın üzərindən salınmış və mümkün olan qədər çox sayda şirkət və insanı böhrandan keçirəcək körpüyə bənzədirlər. Lakin virus ölkə və iqtisadiyyatı bir çox rəsmi şəxslərin gözlədikləri vaxtdan daha uzun müddətə təhdid altına almağa davam edir deyə, cənab Tramp və Konqresdəki respublikaçılar işçiləri və biznesi dəstəkləyən federal xərcləmələrdən yorulublar. Onlar ştatları məhdudiyyətləri tezliklə qaldıraraq iqtisadiyyatı əvvəlki vəziyyətə qaytarmağa çağırırlar: “Hətta prezidentin bir çox tərəfdarları da etiraf edirlər ki, bu, real plandan daha çox qeyri-real bir oyuna bənzəyir. Çünki pandemiyanın qarşısı alınmadan məhdudiyyətlərin götürülməsi şəraitində yoluxma və ölüm sayı sürətlə artacaq, testdən keçmə sayı isə azalacaq. Buna görə də gözlənilir ki, bir çox ştatlarda müəssisələr bütün yay boyu, hətta daha uzun müddətə bağlı qalacaq. Hətta hər şey bərpa olunsa belə, bu, vaksin və ya effektiv müalicə əlçatan olmadığı müddətdə insanların gözəllik salonları və kinoteatrlara əvvəlki kimi axın edəcəyi demək deyil”.

İqtisadçılar, liberallar, hətta bir çox mühafizəkarlar belə xəbərdarlıq edirlər ki, işçi və müəssisələrə yardımı vaxtından əvvəl, yeni strategiya qəbul etmədən dayandırmaq iqtisadiyyatın yaya doğru hissəvi canlanmasına, xəstələnmə hallarının və işsizlərin sayının isə artmasına səbəb ola bilər. Bu halda, ekspertlərin xəbərdarlığına görə, böhrandan çıxmaq üçün hökumətin indi saldığı körpü şirkətlər və insanlar üçün məchulluğa aparan körpüyə çevriləcək.

FED-in sabiq iqtisadçısı, hazırda liberal analitik mərkəzlərdən birində çalışan Klaudiya Sam hesab edir ki, hazırda ABŞ kitabın “özünə macəra seç” bölümündədir:

“İqtisadiyyatın bərpa olunmasını sadəcə gözləmək düzgün deyil. Çünki bu halda əksər amerikalılar müvəqqəti çıxdıqları iş yerlərini tapa bilməyəcəklər, onlar daimi bağlanmış olacaq”.

Hazırda ölkənin bəzi əraziləri pandemiyanın ilk ayları üçün xarakterik olan dərin durğunluqdan çıxır. Bunun üçün tədbirlər qeyri-bərabər, əsasən də hər hansı təhlükəsizlik tədbirləri alınmadan həyata keçirilir. Səhiyyə mütəxəssislərinin fikrincə, bu, tezliklə yeni yoluxma dalğasının başlanması və yenidən qapanmaya gətirib çıxaracaq.

Demokratlar və respublikaçılar sürətlə yaxınlaşan seçkilərin fonunda tamam fərqli çıxış yolları təklif edirlər. Demokratlar şirkətlərə, insanlara və yerli hakimiyyət orqanlarına trilyonluq yardımları iqtisadi məlumatlar ölkənin bərpa dövrünə daxil olduğunu göstərənə qədər davam etdirilməsini təklif edirlər. Xanım Sam, Massaçusetsdən olan senator Elizabet Uorren kimi liberallar bəyan edirlər ki, onlar əvvəlki böhranın səhvlərinin təkrarlanmasına, qanunvericilərin yardımı vaxtından əvvəl dayandırmaqla iqtisadiyyatı uzunmüddətli ləng inkişafa məhkum etmələrinə qarşı qətiyyətli olacaqlar.

Cənab Tramp və respublikaçılar hökumətin fəaliyyətini məhdudiyyətlərin yumşaldılmasına yönəltmək istəyirlər. Onlar hesab edirlər ki, vergilərin azaldılması, biznesə yeni ödənişlər kimi maliyyələşmə tədbirləri açılan iqtisadiyyatda sürətli canlanmaya səbəb olacaq. Ağ Ev və respublikaçılar iqtisadiyyatın stimullaşdırılması çağırışlarını dayandırıblar, ştatları qadağaları götürməyə sövq edirlər, eyni zamanda yenidən proqnozlara görə, bu maliyyə ilində 3,7 trilyon dollara çatacaq federal büdcə kəsirindən danışmağa başlayıblar.

Milli İqtisadi Şuranın diektoru Larri Kudlou Ağ Evdə jurnalistlərə iyun ayını gözləməyi məsləhət görüb: “Biz bütün bu pulları yatırırıq, bun dəyər. Gəlin, gözləyək görək nə baş verir. Biz bu aydan açılmağa başlayırıq, gəlin kim, harada, nə zaman barədə qərar vermək üçün iyunu gözləyək”.

Ağ Evin divarları arxasında məmurlar fərdi qaydada iqtisadi itkilər və iqtisadiyyatın bərpası üçün tələb olunacaq aylardan, rüblərdən danışırlar. Buna baxmayaraq, onlar yardım siyasətinin kəskin və tələsik formada dayandırılması fikrində tam qətiyyətli deyillər: hamı məhdudiyyətlərin götürülməsinin verəcəyi nəticələri gözləyir.

Qəzetin yazdığına görə, hökumətin ayırdığı yardım müddət baxımından məhdud olmaqla yanaşı, heç də ehtiyacı olanların hamısına çatmayıb. Məsələn, kiçik müəssisələrdə əmək haqqı ödənişlərinə yardım üçün ayrılan ilkin məbləğ 349 milyard dollar çox tez bitdi, əlavə olaraq 310 milyard dollar da ayırmaq lazım gəldi. Və bu ayrılan vəsaitlər yalnız 8 iş həftəsinin əmək haqqını ödəməyə imkan verir. Bu isə o deməkdir ki, mayın 29-da həmin yardım əksər şirkətlər üçün başa çatacaq.

İşsizlər üçün həftədə əlavə olaraq 600 dolların ödənməsini nəzərdə tutan proqram iyulun sonunda başa çatır. Aşağı və orta gəlirli amerikalılar üçün ayrılan 1200 dollarlıq ödəniş birdəfəlik idi. Düzdür, bir sıra ekspertlər, o cümlədən Konqresin büdcə idarəsinin işçiləri iqtisadi inkişafın bu yay bərpa olunacağını gözləyirlər, amma hamı bilir ki, əmək bazarında yaxın müddətdə əvvəlki səviyyə bərpa olunmayacaq. Mayın 8-də Moody's Analytics açıqlayıb ki, ölkədə indi itirilən işçi yerlərinin 2023-cü ildən tez bərpa olunmasını gözləmir.

İqtisadçılar xəbərdarlıq edirlər ki, məhdudiyyətlərin götürülməsi əlavə yardımın həyata keçirilməsi zərurətini aradan qaldırmır, çünki amerikalılar virusa yoluxmayacaqlarına əmin olmasalar istehlakı əvvəlki həcmdə bərpa etməyəcəklər. Məhdudiyyətlərin götürüldüyü Corciya və Cənubi Karolina ştatlarının təcrübəsi göstərir ki, işgüzar aktivlik çox ləng bərpa olunur. Belə ləng “sağalma” bütün ölkə boyu geniş spektrli müəssisələri effektiv şəkildə “öldürə” və milyonlarla amerikalını işsiz qoya bilər. Məşhur kadr şirkəti olan “Homebase”in məlumatları göstərir ki, bu proqram təminatından istifadə edən müəssisələrin 40 faizi böhran başlanandan öz qapılarını bağlayıblar. Müxtəlif qurumların iqtisadçılarının hesablamalarına əsasən, ölkədə itirilmiş iş yerlərinin 40 faizi bu böhran dövründə tamamilə bağlanam müəssisələrin payına düşür.

Demokratlar təkid edirlər ki, işsizlərəəlavə ödənişləri ölkədə işsizlik səviyyəsi aşağı düşənədək davam etdirilsin. Lakin respublikaçılar bu yanaşmanı tənqid edərək bildirirlər ki, əlavə ödəniş olmasa bir çox işçilər öz iş yerlərinə qayıtmalı olarlar. Böhran başa çatmasa da, respublikaçılar xüsusilə noyabr ərəfəsində böyük həcmli xərc proqramlarını davam etdirmək istəmirlər. Onların arasında yardım proqramlarının davam etdirilməsini zəruri hesab edənlər də var. Xüsusilə hökumətdəki bir çox məmurlar ümid edirlər ki, Konqres deyil, FED böhran şəraitində şirkətlərə yardımı öz üzərinə götürəcək. Lakin iqtisadçılar bildirirlər ki, FED-dən həddindən artıq çox şeylər istənilir. FED rəhbəri Ceremi Pauell isə xəbərdarlıq edib ki, qurumun yardım aləti qaytarılmalı olan kreditlərdən ibarətdir, biznesə əlavə maliyyə dəstəyinə ehtiyac var.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.