Prosesin kökündə nə dayanır və haraya aparır?
ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində Corc Floyd adlı qaradərili vətəndaşın polis tərəfindən boğularaq öldürülməsi ilə başlayan etirazlar ölkə üzrə iğtişaşlarla nəticələnib.
Xarici KİV xəbər verir ki, iğtişaşlar ölkənin digər şəhərlərinə də yayılıb. Minneapolisdə etirazların növbəti günündə bir nəfər aldığı güllə yarasından ölüb. Belə ki, lombard sahibinin mağazalara hücum etməyə başlayan etirazçıların aqressiv davranışlarına görə atəş açdığı məlum olub. Yaralı xəstəxanada ölüb. Yaralıların olduğu bildirilir.
Bundan əlavə, qaradərili insanlara yönəlik zorakılığa qarşı çıxan “Black Lives Matter” hərəkatının tərəfdarları Los-Ancelesdə toplanıblar. Dinc şəkildə başlayan etiraz mitinqi daha sonra iğtişaşlara çevrilib. Ardınca şəhərdə polislə ciddi qarşıdurma baş verib, etirazçıların bir qrupu şəhər polis idarəsinə aparılıb.

Xatırladaq ki, mayın 25-də saxta kuponla pul ödədiyi iddia edilən Floyd polis tərəfindən saxlanılarkən avtomobildən çıxarılıb və asfaltın üstünə uzadılıb. Daha sonra polis dizi ilə vətəndaşı boğmağa başlayıb. O, nəfəs ala bilmədiyini desə də, polis buna əhəmiyyət verməyib. Huşsuz vəziyyətdə xəstəxanaya aparılan Floyd orada vəfat edib.
ABŞ Federal Təhqiqat Bürosu Floydun ölüm səbəbləri ilə əlaqədar istintaq başlatdığını elan edib, onlar bu hadisədə vətəndaş hüquqlarının pozulmasını araşdıracaqlar. Şübhəlinin tutulmasında iştirak edən dörd polis əməkdaşı işdən qovulub. Minneapolis bələdiyyə başçısı Cakob Fray insidentlə əlaqədar şəhər sakinlərindən üzr istəyib.

ABŞ prezidenti Donald Tramp da hadisəyə münasibət bildirib. Tramp deyib ki, onun təşəbbüsü ilə FTB və Ədliyyə Nazirliyi Corc Floydun kədərli və faciəli ölümünü hərtərəfli araşdırır.
Bütün bunlara baxmayaraq, polislə qarşıdurmalar və küçə etirazları dayanmaq bilmir.
Bu, iryçiliyin başlandığı anlamına gəlirmi? Başı koronavirusla mübarizəyə qarışmış ABŞ-a proses nə vəd edir?

Politoloq Elşən Mustafayev “Yeni Müsavat”a bildirdi ki, ABŞ-da irqçilik ittihamı ilə polis zorakılığına qarşı etirazların keçirilməsi ilk dəfə deyil. Müxtəlif zamanlarda təxminən eyni səbəblərlə qara dərililər özlərinə qarşı irqi ayrı-seçkilik olduğunu səbəb gətirərək etiraz ediblər. Maraqlı tərəfi budur ki, həmin etirazlara kütləvi tədbirlərdə iştirak edən müəyyən sayda ağ dərililər də dəstək veriblər: “Demək olar ki, hər dəfə hadisələrə səbəb olmuş polislər cəzalandırılır və insanların etirazlarını nəzarətə almağa nail olublar. Bu dəfə də eyni hadisələr təkrar olunur və qaradərilinin ölümünə səbəb olan polislər həbs edilib, işdən azad olunublar. Amma göründüyü kimi, etirazlar daha geniş şəhərləri əhatə edib və hadisələrdən istifadə edib prosesləri daha da ağırlaşdırmaq istəyən güclərin mövcud olması ehtimalları real görünməyə başlayıb. Bunu ABŞ rəsmilərinin verdiyi açıqlamalardan da hiss etmək olar. Bir nəfərin ölümü ilə başlayan dinc aksiyalar bir çox hallarda aksiyaçıların içindən olan insanların vasitəsilə iğtişaşlara çevrilməyə başlayıb. Artıq çoxlu sayda yaralanan və hətta deyilənlərə görə, ölənlər də var. Bunlar isə əsasən qaradərililərin hücumuna məruz qalan ağ dərililər və polislərdir. Bu günə qədər rəsmi məlumata görə, iki minə yaxın etirazçı iğtişaşlar zamanı həbs olunub. Ola bilsin, bu rəqəm daha böyükdür. Bir çox ştatlarda fövqəladə vəziyyət elan olunub, bəzi şəhərlərdə isə komendant saatı tətbiq olunub. Küçələrə milli qvardiya çıxarılıb. ABŞ-da pandemiyanın davam etdiyi bir zamanda belə hadisələrin baş verməsi sözsüz ki, təhlükəli nəticələrə gətirib çıxarda bilər. O səbəbdən də hesab edirəm Ağ Ev bu nəticələrə gəlib çatmaması üçün iğtişaşların qarşısını almaq məqsədilə daha sərt tədbirlərə əl atacaq”.
E.Mustafayev qeyd etdi ki, bir çox ştat rəhbərləri etirazların narkokartellər tərəfindən istiqamətləndirildiyi haqda bəyanatlar verməyə başlayıblar. Təsadüfi deyil ki, etirazların ilk günlərində sırf konkret hadisəyə görə etirazını bildirmək üçün küçələrə çıxmış bir çox insanlar sonradan hadisələrin başqa istiqamətdə cərəyan etdiyini görüb evlərinə dönüblər: “Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, ABŞ hökuməti yaxın bir neçə gündə bütün mümkün vasitələrdən istifadə etməklə etirazları tamamilə nəzarətə almağa çalışacaq. Bunun üçün onların qərarlı olduğu görünür. İğtişaşların təhlükəli həddə qədər inkişaf edəcəyi qorxusu ABŞ vətəndaşlarını hökumətin sərt tədbirlər görməsi üçün dəstək verməsinə məcbur edib. Yeri gəlmişkən, bəziləri deyir ki, bu hadisələrdən demokratlar Trampı vurmaq üçün istifadə etməyə çalışacaqlar. Ancaq görünən odur ki, demokratların yerlərdəki seçiciləri belə öz təhlükəsizlikləri səbəbindən Trampın sərt tədbirlər görməsini istəyirlər. Əgər Tramp administrasiyasi bu böhranın öhdəsindən tez bir zamanda gələ bilməsə, o zaman respublikaçıların gələcək seçkilərdə taleyi sual altında ola bilər”.

Politoloq Əhəd Məmmədli də bildirdi ki, ABŞ-da irqçilik həmişə olub və bu ölkə qurulandan qaradərili problemini həll edə bilmir: “Baxmayaraq ki, bir dəfə prezidenti də afro-amerikalı seçdilər. Amma görünən tərəfi budur ki, bunlar hamısı görüntü üçün edilən işlərdir. Əslində isə ağlarla qaralar arasında problem hələ də Amerika cəmiyyətində həll edilməyib. Hələ də ABŞ-da ən yoxsul təbəqə qaralardır. Mən təkcə afro-amerikalıları deyil, həm də latın amerikalıları deyirəm. Amerika şəhərlərinin ən kriminal rayonları afro və latın amerikalıların toplu şəkildə məskunlaşmış bölgələridir. Ən çox işsiz təbəqə afro və latın amerikalılardır. Və heç kəs mənə deməsin ki, günah onların özündədir, onlar belədirlər, işləmək istəmirlər, kriminala meyllidirlər və s. Bunlar hamısı problemləri ört-basdır etmək üçün bəhanələrdir. Hökumət qaradərililərə lazımi təminat vermir, qayğı göstərmir. ABŞ-ın ən geridə qalmış ştatı afro-amerikalılar və latın-amerikalıların çoxluqda olduğu Alabama və Nyu-Meksika ştatlarıdır. Digər ştatlarında ən təminatsız rayonları afro və latın amerikalıların yerləşdiyi bölgələrdir. Polisin qaradərililərə qarşı xüsusi qəddarlığı isə illərdir davam edən, həll edilməyən problemdir. Amerikada ağ polis qaralara nifrət edir və kriminalla mübarizə adı altında onlara işgəncə verir, qətl edir. Zəncilərin polisin onlara qarşı bu cür zorakılıqlara etirazları lokal səviyyədə daim olub. Lakin ölkə boyu səviyyəsində etirazlar dalğası ilk dəfə baş verdi.
Los-Ancelesdə etiraz iştirakçılarına qarşı gözyaşardıcı qaz, səs qumbaraları, rezin güllə istifadə edilir. ABŞ gizli xidməti və Vaşinqton polisi etirazçıları Ağ Evin ətrafına buraxmır. Nyu-Yorkda isə polis şöbələrinə aparan yollar bağlanıb. Gördüyünüz kimi, etirazların miqyası çox böyükdür, ölkə boyudur. Buna səbəb həm də COVİD-19 oldu. COVİD-19 bir çox Qərb ölkələrinin zəifliyini, problemlərin çılpaqlığını göstərdi. Hamı gördü ki, sən demə, ABŞ-da tibb infrastrukturu deyildiyi kimi inkişaf etməyib. Koronavirus pandemiyasının dünyada ən çox yayılan ölkəsi Amerika oldu. Bunlar hamısı Amerika cəmiyyətini gərginləşdirdi".
Politoloq həmçinin hesab edir ki, bu olaylarda başqa əllər də var: “Mitinqlərdə mühafizəkar Trampa qarşı müxalif liberal-demokrat cameə də fəal iştirak edir. Çoxsaylı liberal ağlar da zəncilərə etiraz aksiyalarında dəstək verir. Bu iğtişaşları prezident seçkisi qabağı Trampın rəqibləri ona qarşı təşkil və istifadə edə bilərlər. Bu versiyanı da unutmayaq”.


