Parlament işini dayandıra bilərmi?
COVİD 19 pandemiyası ilə bağlı yaranmış vəziyyətlə əlaqədar Milli Məclisin növbədənkənar sessiyasının 23 iyuna təyin olunmuş növbəti plenar iclası təxirə salınıb.
“Yeni Müsavat” bununla bağlı Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir. Rəsmi məlumatda deyilir ki, iyunun 21-də gün ərzində Milli Məclisin deputatlarından koronavirus infeksiyası ilə bağlı götürülən test nümunələrinin cavabları sabah (bu gün-red.) bəlli olacaq. Bu səbəbdən Milli Məclisin iyun ayının 23-də keçirilməli olan növbədənkənar plenar iclasının tarixi dəyişdirilib. Plenar iclasın yeni tarixi ilə bağlı məlumat veriləcək.
Xatırladaq ki, ötən həftə Milli Məclisin iki əməkdaşında virus aşkarlandığı açıqlandı. Deputat Sahib Alıyevin koronavirusa yoluxduğu barədə xəbər yayıldıqdan sonra deputatlar və Milli Məclis əməkdaşları testdən keçiriliblər. Qeydri-rəsmi məlumata görə, yoluxan deputatların sayı birdən çoxdur. Onlara telefonla zəng edib testin pozitiv nəticəsi barədə məlumat verilib.
Odur ki, bəzi deputatlar vəziyyətlə əlaqədar olaraq parlamentin iclaslarının dayandırılmasını təklif edirlər.
"Mən, ümumiyyətlə, Milli Məclisin (MM) iclaslarının təcili təxirə salınmasının, dayandırılmasının tərəfdarıyam. Bunu parlamentin növbədənkənar sessiyasının sabah keçiriləcək növbəti plenar iclasında bir daha səsləndirəcəyəm və bunda da təkid edəcəyəm. Onsuz da yaz sessiyası başa çatıb. Mən biləni növbədənkənar sessiyada da müzakirəsi nəzərdə tutulan elə bir vacib, ciddi qanun layihəsi gündəmdə deyil, ortada yoxdur. Əgər hansısa vacib məsələ ilə də bağlı qanun layihəsi olarsa, onunla bağlı toplaşmaq olar. Amma bütün hallarda, payıza qədər plenar iclasların dayandırılmasının tərəfdarıyam".

Bu fikirləri Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. Qeyd edib ki, onlayn iclasların keçirilməsi, onlayn səsvermənin aparılması üçün də hələlik lazımi mexanizmlər və texniki imkanlar yoxdur. “Eyni zamanda ”ZOOM" proqramı vasitəsilə iclasların keçirilməsi nəinki xeyrimizə, əksinə, ziyanımıza olar. Bu, milli və informasiya təhlükəsizliyimizi ciddi sual altına qoyar. Çünki elə məsələlər, elə qanun layihələri var ki, onların öncədən bilinməsi, yayılması düzgün deyil. Elə məsələlər var ki, onlar sırf Milli Məclis daxilində, hüdudlarında qalmalıdır, kənara çıxmamalıdır. Əgər “ZOOM” proqramı vasitəsilə bu edilərsə, həmin proqramı icra edənlər sirlərimizi, kənara yayılması heç cür məqbul sayılmayan məlumatlarımızı dərhal başqalarına ötürə, kənara çıxara və milli, informasiya təhlükəsizliyimizi təhdid altına sala bilərlər. Ona görə “ZOOM” vasitəsilə iclasların keçirilməsi heç cür yolverilməz və qəbuledilməzdir. Qaldı ki cari məsələlərə, onlarla bağlı da xüsusi yığışmağa ehtiyac yoxdur. Görünən də odur ki, koronavirus bəlası hələ çox davam edəcək. Hətta payızda ikinci dalğanın ola biləcəyi də ehtimal olunur. Odur ki, belə bir şəraitdə deputatların bir araya gəlməsi həm də onların sağlamlığının təhlükə altına alınması deməkdir. Bu baxımdan, payıza kimi onlayn iclasların keçirilməsi mexanizmləri tapılmalı, bunun texniki tərəfləri həll olunmalıdır. Yalnız bu texniki məsələlər həll olunduqdan sonra payızda onlayn iclasların keçirilməsi mümkündür. Bununla belə, bir daha o fikirdəyəm ki, parlamentin iclasları payızacan dayandırılmalıdır" - deyə, M. Quliyev Etikxeber.az-a açıqlamasında bildirib.
Bəs digər deputatlar mövcud vəziyyətlə bağlı nə təklif edirlər, onların narahatlığı varmı?
Deputat Musa Qasımlı “Yeni Müsavat”a dedi ki, koronavirus pandemiyasına qarşı mübarizədə bəzi vətəndaşlarımızın Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə riayət etməmələrinin nəticələri göz önündədir: “Karantin rejimi yumşaldılan kimi restoranlar, çayxanalar dolub daşdı. Çoxları maska taxmadı, sosial məsafəni gözləmədi, gigiyena qaydalarını pozdu. Virus o qədər artdı ki, artıq parlament əməkdaşlarından və deputatlardan da yoluxanlar var. Ona görə də parlamentin növbədənkənar sessiya iclaslarının dayandırılması vacibdir”. M.Qasımlı dedi ki, əgər payızda vəziyyət yaxşılaşmasa, onda onlayn iclaslar barəsində düşünməyə dəyər: “Onlayn iclaslarının payızda keçirilməsi üçün o vaxta qədər texniki və informasiya təhlükəsizliyi məsələləri həll edilməlidir. Başlıca qayğı vətəndaşların salamat qalması və sağlamlığının qorunması olduğu üçün hesab edirəm ki, daha sərt addımların atılması vacibdir”.

Deputat Əli Məsimli qeyd etdi ki, Milli Məclisin yaz sessiyası mayın 30-da bitib: “İyunda isə bir aya hesablanmış növbdənkənar sessiya keçirilir. Yəni bu sessiyanın bu ay bitəcəyi nəzərdə tutulub. Milli Məclis situasiyadan asılı olaraq, öz iclaslarını maska taxmaq, məsafə saxlamaq və digər qaydalara əməl etməklə ənənəvi qaydada da, onlayn formasında da keçirə bilər. İyulun 15-dən sonra isə parlamentdə payıza qədər iki aylıq məzuniyyət dövrü olacaq”.

Deputat Arzu Nağıyev isə “Yeni Müsavat”a bildirdi ki, bu iclaslar növbədənkanar iclaslar idi və məhz koronavirus pandemiyasına görə deputatarın nüraciətinə əsasən keçirilirdi: “Narahatlıq təbii ki, var, tək iclaslara görə yox, ümumiyyətlə, xəstələrin sayının artımı, müalicəsi, məhdudiyyələrin təbiqi, iqtisadi problemlərə görə ... Lakin iclaslar ən azından online da keçirilə bilər, yəni burada elə bir narahatlıq yoxdur”. A.Nağıyev qeyd etdi ki, parlament iclaslarının payızadək fəaliyyətinin dayandırılması barədə hər hansı müraciətin olub-olmamasından xəbərsizdir: “Hər sessiyanın öz gündəliyi var. Buna da Milli Məclisin rəhbərliyi ciddi nəzarət edir. Bundan başqa, ölkədə gedən proseslər və pandemiya ilə bağlı vəziyyət də nəzərə alınır. Düşünürəm ki, Milli Məclisin rəhbəri bunları da nəzərə alıb ən optimal variantlı qərar verəcək”.


