Ermənistanın davam etdirdiyi süni məskunlaşdırma siyasəti hərbi gücə əl atmaqdan savayı yol qoymur; türkiyəli politoloq: “Türkiyə ilə Azərbaycanın Qarabağla bağlı birgə hərəkət etməsi ən doğru yoldur...”
Azərbaycan və Türkiyə silahlı qüvvələrinin iyulun 29-da başlayan birgə möhtəşəm təlimləri dünən başa çatıb. İki qardaş ölkənin müxtəlif qoşun növlərinin və böyük sayda şəxsi heyətinin cəlb olunduğu, Naxçıvan da daxil olmaqla, ölkəmizin 5 bölgəsində həyata keçirilən budəfəki hərbi manevrlər gözlənildiyi kimi, işğalçı Ermənistanda çox ciddi təlaş yaratdı.
Təlimlərdə əsas hədəflərdən biri də məhz İrəvana ortaq güc nümayişi idi. Təcavüzkar tərəfə Azərbaycan ərazilərini tezliklə və qeyd-şərtsiz boşaltmaqdan savayı yolunun qalmadığını anlatmaq idi. Həmçinin, bölgədən keçən beynəlxalq neft-qaz kəmərlərinə Ermənistanın təhdid yaratma cəhdlərinin ilk növbədə onun özü üçün fəlakətə səbəb ola biləcəyi barədə anons idi. Didər bir mesaj bu idi ki, maksimum döyüş şəraitinə yaxınlaşdırılan son təlimlər günün birində gerçək döyüş əməliyyatlarına da çevrilə bilər.
*****
“İki qardaş ölkə keçirdiyi hərbi təlimlərlə bir daha öz gücünü dünyaya göstərmiş oldu”.
“Yeni Müsavat”ın məlumatına görə, bu barədə Axar.az-a açıqlamasında türkiyəli politoloq, Avrasiya İqtisadi Əlaqələr Təşkilatının (EkoAvrasiya) idarə heyətinin sədri Hikmət Ərən deyib.
“Tovuzla sərhəddə toqquşmalar davam edərkən Ankara və Bakı birgə təlim-məşq gerçəkləşdirmək qərarına gəldilər. Təlimin hava və quru qüvvələrinin iştirakı ilə 29 iyul-10 avqust arasında davam edəcəyi açıqlandı. Hərtərəfli birgə hərbi təlimlər Bakı, Gəncə, Kürdəmir, Naxçıvan və Yevlaxda tam sürətlə davam edir. Türkiyə ilə Azərbaycanın bu mövzuda birlikdə hərəkət etməsi ən doğru yoldur”, - deyə o qeyd edib.
Hikmət Ərən hesab edir ki, Nuru Paşa komandanlığındakı Qafqaz İslam Ordusunun Bakını bolşevik işğalından azad etməsi dostluğun simvolu olduğu kimi, son hərbi təlimlər də iki xalqın qardaşlığının, sarsılmaz dostluğunun göstəricisidir. “Ermənistan son təxribatları ilə təkcə Azərbaycana deyil, Türkiyəyə də qarşı gəlmiş oldu. Qarabağ bölgəsində və ya sərhəddə hər hansı savaş olarsa, Türkiyə Azərbaycana öz dəstəyini verəcək, ”Bir millət-iki dövlət" şüarı ilə hərbi-siyasi dəstəyini göstərəcək. İki qardaş ölkə birlikdə vahid güc formasında hərəkət edəcək", - politoloq vurğulayıb.
*****
Sözsüz ki, işğalçı siyasətini davam etdirəcəyi təqdirdə cəzalandırılacağını yaxşı bilən Ermənistan tək ümidini Rusiyaya və onun Gümrüdəki hərbi qruplaşmasına bağlayıb. Lakin Rusiya da İrəvanın kaprizlərinə görə dərhal Türkiyə və ya Azərbaycana qarşı Qarabağ savaşına girməyəcək. Çünki Moskvanın bölgədə öz maraqları var. Bu maraqlar Kremlə həm Bakı, həm də Ankara ilə normal tərəfdaşlıq münasibətlərini qoruyub saxlamağı və inkişaf etdirməyi diktə edir. Rusiyadakı ekspert dairələrində də oxşar qənaətlər var.
“Əgər Azərbaycanla Ermənistan arasında Qarabağ bölgəsində savaş başlasa, Rusiya birmənalı şəkildə buna müdaxilə etməyəcək”.

Bu sözləri erməni mediasına müsahibəsində rusiyalı tanınmış hərbi ekspert Aleksandr Xramçixin deyib. Onun sözlərinə görə, Gümrüdəki Rusiya bazası Azərbaycanın yox, Qafqazdakı xarici oyunçuların qarşısını almağa yönəlib: “Azərbaycanla ərazi mübahisəsi Ermənistanın özünün şəxsi məsələsidir. Əgər konflikt Ermənistan-Azərbaycan sərhədində baş versə, o zaman Rusiyanın hansı mövqe tutacağı aydın deyil. Əgər Qarabağda savaş başlasa, Rusiya dəqiq olaraq buna müdaxilə etməyəcək”, - deyə o qeyd edib.
*****
Qarabağda müharibə riski isə həmişəkindən böyük olaraq qalır. Sərhədin Tovuz istiqamətindəki hərbi insidentdən sonra atəşkəs rejimi daha kövrək xarakter alıb. Çünki onsuz da dalanda olan sülh danışıqları indi faktiki olaraq, dayanıb. Zatən, nizamlama prosesi buna qədər də sırf imitasiya xarakterli idi. Bir yandan da araya girən koronavirus pandemiyası diplomatik danışıqları daha mənasız edib.
“2020-ci il tam anomal bir il oldu. Pandemiya və epidemiyalar əvvəllər də olub, lakin iqtisadiyyatın və bütövlükdə ictimai-siyasi quruluşun belə qlobal bağlanması olmayıb. Bütün bunlar qlobal dünya atmosferinə təsir etməyə bilməzdi. Dünya pandemiyadan çıxır, ölkələr ”özünə qayıdır". Beləliklə, bütün keçmiş münaqişələr də geri dönür".
Bu fikri erməni mediasına açıqlamasında başqa bir rusiyalı politoloq Fyodor Lukyanov Ermənistanın Tovuz təxribatı, eyni zamanda, Qarabağda hərbi əməliyyatların mümkünlüyü barədə danışarkən deyib.
O bildirib ki, dünya ölkələrindəki vəziyyət olduqca gərgindir: “Bütün dünyada hər şeyin bəzən olduqca aqressiv hala gəldiyini görürük. ABŞ-da belə bütün bunlar mövcud ziddiyyətlərin güclü katalizatoruna çevrilib. Mən Ermənistan-Azərbaycan qarşıdurmasını pandemiya ilə əlaqələndirməyə meylli deyiləm. Lakin pandemiyanın beynəlxalq atmosferi olduqca güclü bir şəkildə gərginləşdirdiyinə şübhə yoxdur. Və bu atmosferdə hər hansı bir münaqişə zonası partlaya bilər”.
Buna baxmayaraq, politoloq qeyd edib ki, “Qarabağ minası”nın hələ bir müddət də “partlamadan qalması” (dondurulması) mümkündür.
Lukyanov Tovuz təxribatı zamanı “Moskvanın həddən artıq balanslı mövqeyi”nin əksinə olaraq Türkiyənin “dərhal Azərbaycanla birləşməsi” və Kremlin bu addımının Ermənistanda “müzakirələr” yaratdığı haqda erməni mediasının sualını bu cür cavablandırıb: “Türkiyədən fərqli olaraq, Rusiya bir sıra səbəblərə görə münaqişə tərəflərindən birinə açıq dəstək verə bilmir. Ermənistan Türkiyənin düşmənidir. Türkiyənin bu qarşıdurmada tarazlığa ehtiyacı yoxdur. Yaxın bir dövlət var, o da Azərbaycandır. Ancaq Moskva ilə hər şey tam fərqlidir. Bakı onun düşməni deyil, əksinə, Azərbaycanla Rusiyanın normal münasibətləri var və inkişaf edir. Azərbaycan Xəzərdə vacib tərəfdaşdır. Buna görə Rusiya bir növ tarazlaşdırıcı rolu ilə əlaqəli daha mürəkkəb, şaxələndirilmiş bir mövqeyə malikdir”.
*****
Bu arada Ermənistanın işğal etdiyi torpaqlarımızda süni məskunlaşma siyasətini davam etdirdiyi haqda xəbərlər gəlməkdədir. Məlumatlara görə, Beyrut yaxınlığındakı partlayışı bəhanə edən rəsmi İrəvan Livan ermənilərinin bir qismini Qarabağda yerləşdirməyə çalışır. Bununla da gələcəkdə bölgənin demoqrafik mənzərəsini bütünlüklə erməni əhalinin xeyrinə dəyişməyə ümid edir. Artıq Azərbaycan XİN məsələ barədə ATƏT-in Minsk Qrupunun həmsədrlərini xəbərdar edib. Problem həm də ondadır ki, Livandakı etnik erməniləri bir qayda olaraq, terrorçu qruplaşmalarla əlaqəli olurlar.
“Yaxın Şərqdən ermənilərin işğal altındakı torpaqlara köçürülməsi yolverilməzdir. Bu vətəndaşlar arasında terrorçular da var”.

Bunu politoloq Zaur Məmmədov bildirib. Ekspert Azərbaycan prezidenti İlham Əliyevin ötən ay öz çıxışlarının birində qanunsuz köçürülmə siyasətini pislədiyini, ATƏT-in faktaraşdırıcı missiyasının son dövrlərdə regiona gəlməməsini tənqid etdiyini yada salaraq deyib: “ATƏT-in faktaraşdırıcı missiyaları sonuncu dəfə 2005-2010-cu illərdə Azərbaycanın ciddi təhriki ilə işğal edilmiş ərazilərə gəlib. Yəni Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşdırma faktı hesabatlarında qeyd olunub. Lakin artıq uzun müddət keçib və bu dövr ərzində Suriyadan ailələrin bölgədə yerləşdirilməsinə dair məlumatlar var. Ermənistanın bu əməlləri beynəlxalq humanitar hüququn, eləcə də 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə Protokollarının kobud pozulmasıdır”.
Politoloq hesab edir ki, işğalçı Ermənistanın məqsədi bu torpaqlarda ermənilərin sayını süni şəkildə artıraraq, ərazilərin etnik-mədəni xüsusiyyətlərinin dəyişdirilməsi və beləliklə də ilhaqçı siyasəti həyata keçirməkdir: “Xarici İşlər Nazirliyi də avqustun 8-də erməni əsilli livanlıların işğal olunmuş ərazilərə köçürülməsi ilə bağlı məlumatlara münasibət bildirib. İlk dəfə deyil ki, Ermənistan bölgədəki vəziyyətdən öz mənfur məqsədləri üçün istifadə edərək bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır”.
*****
İrəvanın həyasızcasına davam etdirdiyi bu ilhaqçı və işğalçı siyasət, sözsüz ki, onun Azərbaycan torpaqlarını öz xoşuna azad etmək istəmədiyinin növbəti təzahürüdür. Demək, ərazimizdəki “çağırılmamış qonaqları” qovub çıxarmaq üçün hərbi gücün tətbiqi qaçılmaz olacaq. İki qardaş ölkənin uğurla başa çatan ortaq təlimlərində daha bir mesaj-xəbərdarlıq bu idi...


