Dünyada koronavirusa yoluxanların sayı 72 milyon 173 min nəfərə çatıb. Virusdan ölənlərin sayı isə 1.6 milyon 12 min nəfəri ötüb. İndiyə qədər 50,5 milyon nəfər şəxs bu virusa qarşı müalicə alaraq, sağalıblar.
Lakin dünyada koronavirus kabusu davam edir...
ABŞ artıq aylardır ki, koronavirusa yoluxma və bu virusdan ölüm sayına görə siyahıda liderlik edir. Son statistikaya görə, ölkədə koronavirusa yoluxanların sayı 16 milyon 549 min nəfəri ötüb. Ölənlərin sayı isə sürətlə artaraq, rekord həddə 305 min nəfərə çatıb. “Business İnsider” nəşri bu halı “ABŞ-da koronavirusdan ölənlərin sayı ölkənin İkinci dünya müharibəsi zamanı verdiyi itkilərinin sayını aşdı”,- deyə təsvir edib.
Məlumata görə İkinci dünya müharibəsndə ABŞ-da 291.557 nəfər həlak olub.
İndi ölkədə bütün ümidlər koronavirusa qarşı hazırlanan vaksinlərədir. Məlum olduğu kimi bu günə qədər ABŞ-da bir neçə vaksin üzərində təcrübələr aparılıb. Son olaraq ABŞ-ın Qida Məhsulları və Dərmanların Keyfiyyətinə Sanitar Nəzarət üzrə İdarəsi (FDA) Amerikanın “Pzifer” və Almaniyanın “BioNTech” şirkətlərinin birgə istehsalı olan “BNT162b” adlı koronavirus əleyhinə peyvəndi təsdiqləyib. Qeyd olunur ki, artıq vaksini ABŞ-ın ştatlarında istifadə etmək mümkün olacaq.

ABŞ-ın hazırkı prezidenti Donald Tramp da artıq əhali arasında vaksinasiyaya başlanıldığını bildirib. Peyvənd üç həftə ərzində iki dozada tətbiq olunacaq. Vaksinin 16 yaşdan yuxarı şəxslərə tətbiq olunmasına icazə verilir.
Dünyada yoluxma sayına görə ikinci sırada Hindistan gəlir. Ölkədə bu günə qədər 9,8 milyondan çox insan bu virusa yoluxub, 143 mindən çox insan isə virusdan dünyasını dəyişib.
Xatırladaq ki, Hindistanda martın 25-dən karantin rejimi tətbiq edilib. Bun baxmayaraq, ölkədə koronavirusla bağlı vəziyyət nəzarətdən çıxıb. Üstəlik, karantin rejimi ölkə iqtisadiyyatına öz mənfi təsirini göstərib. Bir müddət sonra karantin rejimində yumşalmalar olsa da, artıq iqtisadiyyatda geriləmə yaranıb, xeyli iş yeri bağlanıb.
Belə ki, Asiyanın üçüncü böyük iqtisadiyyata sahib ölkəsi olan Hindistanda ümumi daxili məhsul (ÜDM) üçüncü rübdə 7,5 faiz azalıb. ÜDM-də iki ardıcıl rüb geriləmə qeydə alınan Hindistanda iqtisadiyyat texniki tənəzzülə qədəm qoyub. Əvvəlki rüb ÜDM 23,9 faiz geriləmişdi. Bu, Hindistan tarixində ən böyük, son 40 ildə isə ilk geriləmə olub.
Həmçinin ölkədə son günlərdə naməlum bir xəstəliyin də sürətlə yayılması insanları daha da təşvişə salıb. Artıq naməlum xəstəliyə yoluxanların sayı 850 nəfərə çatıb. Xəstəxanalara axın durmadan artır, amma həkimlər diaqnoz qoya bilmirlər. Qeyd olunur ki, xəstələrdə huşunu itirmə, başgicəllənmə, baş ağrısı və epilepsiya simptomları müşahidə olunur. Araşdırmalar zamanı xəstəliyin koronavirusla əlaqəli olmadığı ortaya çıxıb. Pasiyentlərin hamısı testdən və kompüter tomoqrafiyasından keçib.

Braziliya isə yoluxma sayına görə Hindistandan sonra üçüncü sırada, virusdan ölüm sayına görə isə ABŞ-dan sonra ikinci sırada dayanır. Son məlumata görə ölkədə 6,8 milyondan çox insan virusa yoluxub, 181 nəfərdən çox insan isə virusdan dünyasını dəyişib. Beləliklə, təxminən 212 milyon əhalisi olan Braziliya dünyada pandemiyadan ən çox zərər çəkmiş ölkələrdən biridir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da Braziliyada yeni koronavirus növünün səbəb olduğu ölüm və yoluxma sayının artması ilə əlaqədar vəziyyəti çox narahatedici hal kimi səciyyələndirib.
Braziliyadan sonra Rusiya dünyada yoluxma sayına görə 4-cü sıradadır. Ölkədə bu günə qədər 2,6 milyondan çox insanda koronavirus aşkarlanıb, 47 minə yaxın insan isə virusdan dünyasını dəyişib.
Qeyd edək ki, Rusiyada artıq koronavirusa qarşı vaksinasiya prosesi başladılıb. Hazırda Moskvada Rusiya Səhiyyə Nazirliyinin Hamaley adına İnstitutun hazırladığı "Sputnik V" vaksininin 40 min nəfərə vurulması prosesi davam edir. İlk növbədə yüksək risk qrupuna daxil olan tibb işçilərinə və müəllimlərə peyvənd edilir.
İkinci rus vaksininin adı isə "EpiVakKorona"dır. Bu vaksin "Rospotrebnadzor"un "Vektor" Elmi Mərkəzi tərəfindən hazırlanıb və cari ilin 14 oktyabrında qeydiyyatdan keçib. Vaksin Rusiyanın regionlarında 40 min insana vurulacaq və 60 yaşdan yuxarı 180 könüllünün üzərində testdən keçirilib.
Rusiyanın 3-cü vaksini isə Rusiya Elmlər Akademiyasının Çumakov adına Mərkəzində hazırlanıb. Hələlik bu vaksin kliniki təcrübədən keçməyib və 300 könüllünün üzərində testdən keçiriləcəyi bildirilir. Qeyd edilir ki, bu vaksinin qeydiyyatı cari ilin sonuna qədər mümkün ola bilər.

Qonşu İran dövlətində də koronavirusla bağlı vəziyyət gərgin olaraq qalır. Bu günə qədər ölkədə 1,1 milyondan çox insan bu virusa yoluxub ki, onlardan da 51 min 949 nəfəri dünyasını dəyişib. Mövcud rəqəmlər Yaxın Şərqdə ən yüksək göstəricilərdir.
Qeyd edək ki, ötən həftə İran öz vaksini üzərində çalışdığını və insanlar üzərində sınaqların gələn ay başlanacağının gözlənildiyini bildirib. Beləliklə, İran 80 milyondan çox əhalisi üçün xaricdən 20 milyon vaksin dozası almağı planlaşdırır.


