Milli Məclis əhalinin müxtəlif kateqoriyaları ilə bağlı güzəştləri təsdiqlədi
Fevralın 23-də Milli Məclisin növbəti plenar iclası spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirildi.
Deputat Nigar Arpadarai yaralıların, qazilərin üzləşdiyi problemlərlə bağlı danışdı. Dedi ki, yaralılar bəzi sənədləri almaq üçün bir sıra qurumlara getməli olurlar. “İndiki mərhələdə bu məsələni sistem halına salmalıyıq. Bizim yaralılarımız, qazilərimiz bilməlidir ki, dövlət onların qayğısına qalır. Məsələn, ASAN Xidmət tipli, səyyar bir sistemdən istifadə etmək olar, bizim könüllülər ordusu var”, deyən N.Arpadarai yaralı və qazilərə lazım olan sənədlərin onlara çatdırılmasını zəruri saydı.
Deputat Azər Badamov dağlıq bölgələrdə yaşayanları narahat edən problemdən danışdı. O, 2019-cu ilin martından güzəştli qaz limitinin müəyyən qədər artırıldığını, ancaq bu qərarın yetərli olmadığını qeyd etdi. A.Badamov bildirdi ki, “Azəriqaz”ın məlumatına görə, ölkə əhalisinin cəmi 15 faizi qaz limitini keçir. “Dağlıq rayonlarda ilin 7 ayı soyuq keçir, bu da evlərin qızıdırılmasını zəruri edir. Hava soyuq olduğundan daha çox qaz yandırılması tələb olunur. Amma güzəştli qaz limiti tətbiq olunanda bu amil nəzərə alınmayıb və hamıya eyni qayda tətbiq olunub. Tarif Şurasından dağlıq rayonlarda yaşayan insanların haqlı narazılığını nəzərə alaraq, güzəştli qaz limitinin artırılmasını xahiş edirəm” , deputat çıxışında bildirdi.
Deputat Əli Məsimli müharibədə yaralanmış insanlarla bağlı dövlətin gördüyü işlərdən bəhs etməklə yanaşı, problemlərin olduğunu da qeyd etdi: “Görünür, haradasa boşluqlar, hansısa bürokratik əngəllər var. Müalicəyə ehtiyacı olan insanların müalicə mərkəzlərinə çıxışının əlçatan olmasına köməklik göstərmək lazımdır”.
Deputat Tahir Kərimli öncə Qarabağ qazilərinin problemlərindən bəhs etdi, yaralıların müalicəsi istiqamətində zəruri addımların atılmasını istədi. Daha sonra ölkə futbolunun mövcud durumundan bəhs etdi, bildirdi ki, Azərbaycan futbolu yerində sayır: “Futbol elə Bakıdan ibarətdir? Güclülər dəstəsindəki 9 klubdan 8-i Bakının payına düşür. Cəmi bir klub Qəbələni təmsil edir. Bəs başqa bölgələr? Futbol və futbol klubları ancaq Bakıdan ibarətdir? Niyə ölkə futbolu yerində sayır? Niyə yerlərdə futbol, uşaq idmanı, uşaq futbolu inkişaf etdirilmir? Uşaq futbolunu, gənclər futbolunu, Azərbaycan futbolunu məhv etməyin! Artıq həyəcan təbili çalmaq lazımdır!”
Deputat Fazil Mustafa gileylənərək bildirdi ki, Azərbaycanda ictimai rəyə əhəmiyyət verilmir. “Deyirik idman zalları açılsın, kiminsə vecinə deyil. Yaxud toyların keçirilməsi. Bu, insanların problemidir. Heç kimin vecinə deyil ki, bu, əhalidə narazılıq yaradır. Buradan, ali tribunadan deyilir, məsələlər qaldırılır ki, əhali kasıblaşır. Heç olmasa yığışın, deyin ki, istəyirik əhali kasıblasın. Azərbaycanda demoqrafik vəziyyət çox böyük təhlükədədir”. F.Mustafa ardınca İslam Universitetinin diplomlarının tanınması ilə bağlı problemə də diqqət çəkdi. Bildirdi ki, Qarabağda basdırılan minalar boş şeydir: “Azərbaycan dövlətinin altına basdırılan bir cəhalət minası var. Bu minalar nə vaxtsa partlasa, dəhşətli nəticələri olacaq”.
Spiker isə F.Mustafanın “heç kəs maraqlanmır” fikri ilə razılaşmayaraq dedi ki, Operativ Qərargah cəmiyyətə operativ şəkildə məlumat verir: “Əsas problem pandemiya ilə bağlıdır”.
Komitə sədri Zahid Oruc çıxışında dedi ki, Azərbaycan xalqı qələbədən sonra, itirilən bütün tarixi torpaqlara yeni nəzərlərlə baxır. Millət vəkilinin sözlərinə görə, Zəfərə gedən 27 illik uzun yoldan fərqli olaraq, İrəvana, Göyçə mahalına, Zəngəzura qayıdış qısa vaxtda mümkün ola bilər: “Prezidentin 10 noyabrdan sonra itirilmiş torpaqlara yeni məqsədlər və milli hədəflər kimi yanaşması da bunu sübut edir. Ölkə rəhbərinin ustad Ələsgərin 200 illik yubileyinin keçirilməsinə dair sərəncamında deyilir: ”Azərbaycanlıların əzəli yurdu Göyçə mahalında Ələsgərin qəbirüstü abidəsi ucaldılmışdı. Həmin əzəmətli büst ermənilər tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş o irs yaşamaqdadır". Z.Oruc daha sonra müraciət etdi: “Mən parlament üzvü kimi, Göyçə mahalına, sonra Abasqulu bəyin yurduna getmək istədiyimi rəsmən bəyan edirəm! Qoy, UNESKO öz nizamnaməsinə sadiq qalaraq, bizim və soydaşlarımızın da əcdadlarının irsinə dönüşünü təmin etsin! Yeri gəlmişkən, belə müraciətlərin sayı getdikcə artır. Onsuz da sərhədin o biri tərəfində də Rüstəm Muradovun həmkarları keşik çəkir”.
İclasda deputat Nizami Səfərovun Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi məsələsinə baxıldı. Spiker Sahibə Qafarova bildirdi ki, bundan əvvəl parlamentin komitə sədri Ziyafət Əsgərov Milli Məclisi qurumda ləyaqətlə təmsil edib. Buna görə sədr Z.Əsgərova həmkarları adından təşəkkür etdi. Bundan sonra məsələ səsə qoyuldu və qəbul olundu.
Məlahət İbrahimqızı Qarabağ müharibəsində sağlamlığını itirənlərlə bağlı fikirlərini bölüşdü. Bildirdi ki, bir sıra hallarda ağır xəsarətlər almış keçmiş döyüşçülər əlillik dərəcələrini almaq üçün əlavə əziyyətlər çəkməli olurlar. M.İbrahimqızı bu sahədə bəzi boşluqların aradan qaldırılmasını zəruri saydı. Əlavə etdi ki, Türkiyədə, ABŞ-da məişət zəminində əlil olanların dərəcələri 3 kateqoriyaya bölünür, amma müharibə dövründə əlil olanlar altı kateqoriyaya bölünür. Bu mənada deputat da Vətən müharibəsində sağlamlığını itirənlərlə məişət qəzalarında sağlamlığına zərər dəyənlərin fərqləndirilməsini zəruri saydı.
Azay Quliyev əvvəlki dönəmlərdə döyüş bölgəsində qulluq edən hərbi qulluqçulara ikiqat pul verildiyini, ancaq yaranmış yeni situasiya ilə əlaqədar ödənişlərin fərqli şəkildə həyata keçirilməsindən bəhs etdi. Deputat bildirdi ki, geniş müzakirə obyektinə çevrilən bu məsələyə baxılmalıdır: “Azərbaycan öz torpaqlarını işğaldan azad edəndən sonra vəziyyət radikal olaraq dəyişib. Maliyyə Nazirliyi və Müdafiə Nazirliyi açıqlamalar verib. Tam dəqiqləşmələrdən sonra yəqin ki, bu ödənişlər olacaq. Mən də hesab edirəm ki, ödənişlər olmalıdır. Hərbçilərimiz çətin relyefdə və sərt iqlim şəraitində xidmətlərini davam etdirirlər. Yaxşı olar ki, Milli Məclis məsələyə münasibət bildirsin”.

Sədr “hazırda Qarabağ döyüş bölgəsi deyil”, - deyə bildirdi.
Komitə sədri Ziyafət Əsgərov isə problemlə bağlı danışarkən dedi ki, hazırda komitə ilə müvafiq dövlət qurumları arasında müzakirələr gedir, razılaşmalar aparılır: “Bu layihə hazır olduqdan sonra Milli Məclisin müzakirəsinə çıxarılacaq”.
İclasda “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna dəyişikliklər üçüncü oxunuşda müzakirəyə çıxarıldı. Komitə sədri Ziyafət Əsgərov layihə barədə danışarkən xatırlatdı ki, bundan sonra Azərbaycanda doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən möhlət veriləcək. Dəyişikliyə əsasən, doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən 3 ay möhlət verilməsi nəzərdə tutulur. Qanuna dəyişiklik üçüncü oxunuşda səsverməyə qoyularaq qəbul edildi.
Plenar iclasda “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində ”Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə" qanun layihəsi müzakirəyə çıxarıldı. Layihə barədə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov geniş məlumat verdi. Həmçinin Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənədin önəmindən bəhs etdi. Müzakirələrdə deputatlar sənədin əhəmiyyətindən bəhs edib, Anlaşma Memorandumunun iki ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcəyini vurğuladılar.
Müzakirələrdən sonra sənəd səsvermə yolu ilə təsdiqləndi.
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi sonuncu-üçüncü oxunuşda müzakirəyə çıxarıldı. Bildirildi ki, təklif edilən dəyişikliklə sürücülər üçün sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər sənədlərin daşınması tələbi aradan qaldırılır. Belə ki, şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququ və onun avtomobilə sahiblik hüququnun olması Dövlət Yol Polisi əməkdaşları tərəfindən bort-kompüterlər vasitəsilə yoxlanılacaq. Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edildi.
Daha sonra Vergi Məcəlləsinə dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarıldı. Layihəyə əsasən, Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 3 il vergidən azad olunacaq. Beləliklə, vergidən azadetmə 2024-ci ilədək davam edəcək. Parlamentin müzakirəsinə təqdim edilən sənəddə digər dəyişiklik kəpəyin istehsalı və satışının da ƏDV-dən azad edilməsilə bağlıdır. Belə ki, bununla bağlı güzəşt müddəti daha 3 il artırılacaq. Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq sonuncu oxunuşda qəbul edilib.
Deputat Razi Nurullayev çıxışında bildirdi ki, iş adamlarının qeyri-rəsmi və “bəxşiş” ödənişləri çox olur deyə, onlar da xərclərini yazıq fəhlələrin canından çıxarır: “Bəzən o yazıqlar 8 saat əvəzinə 10-12, bəzən isə 13-14 saat işləmək məcburiyyətində qalır. Onlara nə yemək, nə çay, nə də istirahət verilir, soyuqdan qorunma və ya istidən sərinləmək imkanları da yoxdur. Vacib olan insana verilən dəyərdir və ümid edirəm ki, biz qanunları həm qəbul edəcək, həm də icrası məsələsini daima gündəmdə saxlayacağıq. İş adamlarının qeyri-rəsmi ödənişlərini dayandırmaq və əli qabarlı təbəqənin hüquqlarını bərpa etmək və onlara daha normal, adekvat iş şəraiti qurmaq lazımdır. İnsan ləyaqətlə yaşamalıdır və bu münasibətləri qurmaq və qorumaq birmənalı olaraq hökumətin məsuliyyətidir”.

Milli Məclisin plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi sonuncu-üçüncü oxunuşda müzakirəyə çıxarıldı. Dəyişikliklə Azərbaycanda sənədlərin surətinin notarial təsdiqi üçün rüsumun miqdarı azaldılaraq 1,5 manat müəyyən edilir. Layihəyə əsasən, notariat xidmətlərinin göstərilməsi sahəsində vətəndaş məmnunluğunun artırılması məqsədilə hazırlanan qanun layihəsində sənədlərin surətinin təsdiqi üçün rüsumun miqdarı azaldılaraq 1,5 manat müəyyən edilib. Sənəddə təklif edilir ki, layihədə göstərilən bir sıra hallarda notariat hərəkətləri ilə əlaqədar xidmətə görə haqq tutulmasın. Qeyd edək ki, hazırda sənədlərin notarial təsdiqinə görə rüsumun məbləği 5 manatdır.
İnzibati Xətalar Məcəlləsinə digər dəyişikliklərə əsasən, Azərbaycanda dayanma və ya durma qaydalarının pozulmasına görə gün ərzində təkrar cərimə ləğv edilir. Bildirildi ki, dəyişikliyə əsasən, məcəlləyə yeni qeyd əlavə edilib. Həmin qeydə əsasən, şəxs bu Məcəllənin 346-cı maddəsində nəzərdə tutulmuş eyni inzibati xətanın törədilməsinə görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz. Sözügedən maddə dayanma və ya durma qaydalarının pozulmasını əks etdirir və buna görə iyirmi manat məbləğində cərimə nəzərdə tutulur.
Milli Məclis “Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini təsdiqlədi.


