Dünyada sığorta üçün prioritet uşaqlardır, Azərbaycanda isə .... maşın
Ölkəmizdə insanlar daha çox maşın sığortasına üstünlük verirlər. Yollarda rast gəldiyimiz qəzalarda ən çox bu nümunə özünü göstərir. Amma gedin xəstəxanalara, çox nadir hallarda insanların həyat sığortası olduğuna rast gələrsiz. Nadir hallarda, vətəndaş xarici şirkətdə çalışırsa, onun sağlamlıq sığortası, həyat sığortası olduğu üzə çıxır. Uşaqlarımızın həyatı, onların gənclik illərinin sığortası bizim təcrübəmizdə yoxdur... Bunun səbəbləri barədə az sonra...
Dünya insanı həyatını neçəyə sığortalayır?
Ruslar öz həyatlarına 1.2 milyon dollar qiymət qoyublar. Bu rəqəm onların bədbəxt hadisə nəticəsində öləcəkləri təqdirdə ailələrinin alacağı kompensasiyadır. Bu, bütün hallarda dünya miqyası ilə müqayisədə 2.5 dəfə azdır.
Avropa və Amerikada sığorta şirkətləri tez-tez insanların statistik həyat dəyərinə görə hesablama aparırlar. Amerikada bu rəqəm adambaşına 7-10 milyon dollar arasındadır. Sanitar Nəzarət Komitəsinin hesablamalarına görə, bu məbləğ konkret olaraq 7,9 milyon dollar təşkil edir. Ölkənin Nəqliyyat Nazirliyi isə hesab edir ki, həyat sığortasının məbləği 9.2 milyon dollardan az olmamalıdır. Burada həyatı sığortalananlar arasında ilk sıranı uşaqlar tutur.
Yeni Zelandiyadakı sığortaçılar isə vətəndaşın həyatını bir neçə dəfə aşağı qiymətləndiriblər - 4.14 milyon dollar məbləğində. Amma bununla belə, son əsrin dörddə birində bu rəqəm ümumən iki dəfə artıb. Avropa Komissiyasının tövsiyələrinə əsasən, həyat sığortası ümumən 3 milyon dollardan çox olmamalıdır.

İnsan həyatına ən aşağı qiymət verilən yer isə Afrikadır. Hətta iş o yerə qədər çatmışdı ki, Sudanda hər öldürülən sakinə görə cəmi 50 kor ödəyirdilər. Belə götürəndə bunun adı nə təcrübə idi, nə də teoriya. Bu, sadəcə acı reallıqdır.
Şərqi Avropada isə vəziyyət, hər halda, Afrikadakından daha yaxşıdır. Baxmayaraq ki, buradakı rəqəmlər Qərbi Avropadakılarla müqayisəyə gəlmir. “Traffic Challenge” layihəsi çərçivəsindəki hesablamalar göstərir ki, bir ukraynalının orta hesabla həyatı 219 min dollar olaraq qiymətləndirilir.
Azərbayanda kimlər həyatını sığortaladır?
Azərbaycanda fəaliyyət göstərən böyük sığorta şirkətlərinin həyat sığortası üçün lisenziyası var. Keçirdiyimiz sorğu zamanı öyrəndik ki, həyat sığortası etdirmək istəyənlər kateqoriya ilə sığortalanır. Belə ki, bu, sığortalının iş və statusu ilə əlaqəli bir prosesdir. Azərbaycan insanının orta aylıq əmək haqqı 300 manat həddində olsa da (bu, standartlara görə, aşağı rəqəmdir), orta aylıq əmək haqqı alan hər bir vətəndaş çox az bir məbləğə öz həyatını sığorta etdirə bilər.

Hesablamalar zamanı öyrəndik ki, qulluqçu kateqoriyasında aylıq 300 manat əmək haqqı alan bir müəllim və ya bir həkim ildə 7 manat 20 qəpik ödəməklə öz həyatını sığorta etdirə bilər. Müqavilə əsasında həyata keçirilən sığorta prosesi bir illik nəzərdə tutulub. Sığortalı bir ildən sonra müqaviləsini yeniləyərək növbəti il üçün sığortalanmış olur.
Həyat sığortasının ən vacib detalı: əgər sığortalının başına sığorta müddəti ərzində bədbəxt hadisə gələrsə, onda onun əmək haqqının 10 və ya 12 misli miqdarında sığorta haqqı onun ailəsinə ödənilir. Yəni sığorta şirkəti tərəfindən edilən ödənişin həcmi qanunvericiliyin qoyduğu qayda ilə hesablanır. Sığorta ödənişinin maksimal həddi işçinin bir illik əmək haqqı fondundan 10-12 dəfə çox ola bilər.
İnsan həyatını itirəndə, kritik xəstəliyə tutulanda və....
Həyat sığortası, sığortalanan şəxs həyatını itirərsə, kritik xəstəliyə tutularsa, əmək qabiliyyətini itirərsə sığorta şirkəti tərəfindən müqavilədə qeyd olunan pul vəsaitinin sığorta olana verilməsini təmin edən bir mexanizmdir. Bu vəsaitlə müştəri istəyindən asılı olaraq özünə, ailəsinə və ya xəstəliyinin müalicəsinə sərf edə bilər.
Sadə dillə ümumiləşdirib desək həyat sığortasını iki kateqoriyada qiymətləndirə bilərik;
- YIĞIM VƏ İNVESTİSİYA XARAKTERLİ
- ARZU OLUNMAYAN HALLARDA ÖZÜNÜZÜN VƏ AİLƏNİZİN ÇƏTİNLİKLƏRDƏN QORUNMASI
Həyat sığortası əmək qabiliyyətinin itirilməsi, hansısa sağalmaz xəstəliyə tutulmaq, hər hansı səbəbdən ölüm kimi hadisələrin qarşısını almır. Amma bu hadisələrin hansısa biri baş verdikdə onun yaratdığı fəsadların, törədə biləcəyi ağır nəticələrin, ailə ilə bağlı planların pozulmasının qarşısını almaqda kömək edir. Əmək qabiliyyətinin itirilməsi vaxtı ailənizin maddi vəziyyətinin pisləşməməyinə kömək edir. Uzaq olmağını arzuladığımız hansısa kritik xəstəliyə tutulduqda müalicəsinə kömək edir. Həyatın reallığı olan ölüm halında isə ailəmizlə bağlı planlarımızın yarım qalmamağına, onların çətinlik çəkməməyinə köməklik edir.
Müştəri istənilən məbləğdə yığım vəsaitlərini bir neçə dəfə artıra bilər. Məhsulun mövcudluğu qanunvericilikdə həyat sığortası şirkətlərinə verilən güzəştlərin hesabına reallaşır.
Bu güzəştlər sığorta şirkətini və müştərini bəzi vergilərdən azad edir və bunun sayəsində onların arasında bölünür.
Məsələn, əgər siz ayda 1000 AZN əmək haqqı alırsınızsa və ayda əmək haqqından 100 AZN yığım sığortası məhsuluna yönəldirsinizsə, bu halda siz 36 aydan sonra 3600 AZN deyil, 5600 AZN vəsait əldə etmiş olursunuz.
Həyatın yığım sığortası üzrə müqavilə 3 tərəfli bağlanır - sığortalanan şəxs, onun işə götürəni və sığorta şirkəti. Sığorta haqqı da işəgötürən şirkət tərəfindən işçinin maaşından tutulmaqla hər ay sığorta şirkətinə ödənilir.
Həyat sığortasının ən sərfəli cəhəti odur ki, işçinin əmək haqqından sığorta haqqı kimi sığorta şirkətinə ödənilən məbləğ gəlir vergisindən (14%) və Dövlət Sosial Müdafiə Fonduna ödənilən sosial sığorta haqqından (25%) azaddır. Bu məbləğlər də sığorta şirkətinə edilən ödənişlərin üzərinə əlavə olunur.
Sığorta üzrə mütəxəssis Aqşin Kərimov hesab edir ki, sığorta mədəniyyəti Azərbaycanda uşaqları daha çox əhatə etməlidir. Çünki ailələr uşaqlarının həyatı ilə bağlı həssas olarkən onların sığortasına önəm verməlidilər. Belə ki, uşaq 0-5 yaş arasında xüsusən riskli dönəm yaşayır. Bu zaman onun sağlamlığında çoxlu sayda problemlər üzə çıxır, bunun qarşısını almaq üçün görüləcək tədbirlər sırasında həyat sığortası gəlir. Müsahibimizin fikrincə, inkişaf etmiş ölkələrdə ailələrin prioriteti uşaqların həyatı ilə bağlı olur. İlk növbədə ailədəki azyaşlıların həyatı sığorta olunur.
“Sığorta haqqında” Qanunda deyilir ki, sığorta müqaviləsi sığorta olunanla sığortaçı arasında sazişdir. Bu müqaviləyə görə, sığortaçı sığorta hadisəsi zamanı sığorta olunana və ya xeyrinə sığorta müqaviləsi bağlanmış digər şəxsə sığorta ödənişi verməyi, sığorta olunan isə müəyyənləşdirilmiş müddətlərdə sığorta haqqı ödəməyi öhdəsinə götürür.
Sığorta müqaviləsində tərəflərin razılaşmasına əsasən başqa şərtlər də qoyula bilər. Deməli, sığorta vətəndaşın xeyrinə olan aktdır. Sadəcə, Azərbaycanda sığorta bazarı yenicə formalaşdığından vətəndaşlar arasında sığortanın həqiqi izahı anlaşılmayıb. Əsasən əyalətdə sığorta işin qeyri-ciddi baxışlar var.
Onu da deyək ki, Azərbaycanda konkret obyektlər üzrə ixtisaslaşmış sığorta şirkətləri yoxdur. Sığorta şirkətlərinin məşğul olması üçün 28 növ fəaliyyət var. Azərbaycanda olan 30-a yaxın sığorta şirkəti bu 28 növ fəaliyyətin hər biri ilə məşğul olur. Bu da vətəndaşların tələbatının zəif olduğunu göstərir. Normal ölkələrdə sığorta şirkətlərinin tərkibində bir neçə bank olur, yəni onlar sığorta pulu yığır. Bu banklar vasitəsilə uzunmüddətli, qısamüddətli kreditlər, ipotekalar verilir. Bizdə isə tərsinədir. Əvvəl banklar, bankdan sonra isə sığorta şirkəti yaradılır. Əslində sığorta şirkətlərində dövriyyə banklara nisbətən qat-qat çox olmalıdır.
Azərbaycanda sığortanın ən çox yayılan növü şəxsi avtomobillərin sığortalanmasıdır. Apardığımız araşdırma zamanı məlum oldu ki, xüsusi nəqliyyat vasitələrinin sığortasının səviyyəsi 2005-2006-cı illərdə aşağı olsa da sonradan yüksələn xətt üzrə inkişaf edib. Nəyə görə məhz avtomobil?
Ekspertlər deyir ki, maşını kreditə verirlərsə, kredit verən bank mütləq sığorta tələb edir. Üstəgəl, əhali avtomobillərini tıxacların və maşınların sayının artması nəticəsində yarana biləcək qəza şəraitindən özü sığortalayır. Buna görə maşınların sığortalanması sayı həddən artıq çoxalıb. Amma digər sahələrdə sığorta işi zəifdir.
Ekspertlər onu da qeyd edir ki, sığorta şirkətləri inamsızlıq yaradırsa və ya bəhanələrlə dəymiş ziyanı ödəməkdən imtina edirsə, onda “Sığorta haqqında” Qanuna müraciət etmək olar. Qanunvericilik sığortaçı tərəfindən dəfələrlə pozulduqda onun ləğv edilməsi barədə Arbitraj Məhkəməsində iddia qaldırmaq mümkündür.
Dünyada isə olduqca ilginc sığorta növləri mövcuddur. Qərargahı Amsterdamda yerləşən “Hullberry” sığorta şirkəti 10 müxtəlif, fərqli sığorta növü təklif edir.
Məsələn, əgər benzinin qiyməti 15%-dən çox artarsa, onda növbəti 1000 litr benzin üçün sığorta şirkəti əlavə xərcləri ödəmək öhdəliyi daşıyır. Sığortanın qiyməti illik 19,95 avrodur. Bunun Azərbaycan kimi benzin qiyməti ilə tez-tez oynanılan ölkədə tətbiq olunması arzuedilən olardı.
Digər ağlagəlməz sığorta növü: tutaq ki, siz evdən tələsik çıxdınız, açarlar evdə qaldı, qapı isə arxanızca bağlandı. Sığorta sizə günün və ya həftənin hansı hissəsindən asılı olmayaraq, 100 avroya qədər ödəniş həyata keçirəcək. Sığortanın qiyməti isə illik 18 avrodan başlayır.

Liftdə qalanlar da qazanırlar. Bu halda da “Hullberry” şirkəti liftdə itirdiyiniz vaxt üçün 75 avro təzminat ödəməyi vəd edir. Sığortanın qiyməti: illik 12 avrodan 28 avroyadək məbləğdir.
Lotereyada bəxti gətirməməyin də sığortası var imiş. İldə 52 dəfə lotereya oynayan, lakin heç nə uda bilməyən - bəxti gətirməyən şəxs sığorta şirkətindən 2500 avro pul ala bilər. Sığorta hadisəsinin baş vermə ehtimalı 1/4900-dür.
Nəzərə alsaq ki, altı rəqəmli lotereyanın baş prizini udmaq şansı 1/14 milyona bərabərdir, o zaman bu ehtimal heç də pis deyil. Sığortanın qiyməti illik 12 avrodan 28 avroyadəkdir.
Əgər ölkədə yeni “quru” qanun, tutaq ki, içki içilməsini qadağan edən qanun qəbul olunarsa, sığorta olunan kompensasiya olaraq 500 avro alacaq. Sığortanın qiyməti illik 12 avrodan 28 avroyadəkdir.
Başqa planetlilər tərəfindən oğurlanma - bu da bir sığorta növü yaradır. Yəni əgər sığorta olunan şəxs öz iradəsi olmadan (zorla) başqa planetlilər tərəfindən Yer kürəsindən qaçırılarsa, sığorta ödənişi həyata keçirilir. Sığorta müqaviləsində belə qeyd olunur. Belə olan halda zərərçəkənə 5000 avro ödəniş verilir. Amma o şərtlə ki, həkimdən və aviokosmik orqanlardan arayış təqdim olunsun. Sığortanın qiyməti illik 12 avrodan 28 avroyadəkdir.
Bax, indi yazacağımız sığorta növü tam azərbaycanlılara uyğundur. Bu sığorta növünün adı təqsirsiz halda həbsxanaya düşməkdir. Təqsiri olmadan dəmir barmaqlıqlar arxasına düşməkdən qorxanlar sığorta şirkəti ilə müqavilə bağlaya və belə hal baş verərsə, 500 avro sığorta ödənişi ala bilər. Sığortanın qiyməti: illik 12 avrodan 28 avroyadəkdir.
Xarici filmlərə mövzu olan sığorta növünə keçək. O toylarda keşişin, nikah məmurunun yanında adamdan “sən bu adamla (qadınla, kişi ilə) evlənmək istəyirsənmi” sualı verirlər ha. Qarşı tərəf də ani emosiyalar burulğanına düşüb, “yox” cavabı verir. Evlənəcəyi şəxsin “”hə" cavabından əmin olmayanlar bu sığorta növünə müraciət edir. Nəticədə də əgər “yox” cavabı alırlarsa, şirkət onlara 100 avro ödəyir. Sığortanın qiyməti yenə də eynidir - illik 12 avrodan 28 avroyadək.
Gəlib çatdıq günümüz Azərbaycanı üçün real sığortaya. Şirkət təklif edir ki, özünüzə və ya dostlarınıza gizli kameraya çəkilməkdən qorunmaq üçün sığorta şəhadətnaməsi hədiyyə edəsiniz. Əgər belə bir vəziyyətə düşsəniz, zərərçəkən 1000 avroya qədər ödəniş ala bilər. Sığortanın qiyməti illik 12 avrodan 28 avroyadək.
musavat


