Sülhəddin Əkbər: “Azərbaycan da öz seçimini və strateji xəttini müəyyən etməli olacaq”
NATO-nun Brüsseldəki son sammitində qəbul edilmiş yekun bəyannamədə bu Alyansın 10 illik strategiyasının “yol xəritəsi” qəbul edildi. Diqqətçəkən odur ki, gözlənildiyi kimi, əsas təhlükə kimi yenə Rusiya elan edildi. Bu dünyanın yaxın illərdə gələcəyini müəyyənləşdirən strategiyadır və Rusiya əsas hədəf kimi göstərlidi.
Rusiyanın ehtiyat etdiyi daha bir gözlənti-NATO-nun Gürcüstanla bağlı qərarlılığıdır. NATO baş katibi elan etdi ki, Gürcüstan Alyansa üzv olacaq.
Azərbaycanın iki qonşusu ilə bağlı verilmiş və gözlənilən qərar Bakının bundan sonrakı strategiyasına hansı təsirlər edəcək? Çünki hər iki ölkə bizim onşumuz olmaqla yanaşı həm də strateji tərəfdaşdır.
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Musavat.com-a bildirdi ki, Ukrayna böhranından sonra yeni dünya nizamı quruculuğu və onunla bağlı gedən geopolitik qarşıdurma həlledici mərhələyə daxil olub: “2021-ci ildən də Rusiya məsələsinin gündəliyə gələcəyi gözlənilirdi. İndi bu baş verir. Bu proses isə şübhəsiz ki, Azərbaycana da təsir edəcək. Mən illərdir bunu deyirdim və bu gün də baş verənlər hər şeyin gözlənildiyi istiqamətdə baş verməkdə olduğunu göstərir. Yəni bu, gözlənilməz deyil, əksinə gözlənilən hadisədir. Vaxt gəlib çatdı və artıq bu elan olundu. Sadəcə olaraq, burada qalan görüşləri də gözləmək lazımdır. Bilirsiniz ki, bu gün ABŞ-la Avropa Birliyinin sammiti keçirilir. Bir daha orada Avroatlantik birlik güclü mesajı veriləcək. Bu, ilk növbədə Rusiya və Çinə yönəlik mesaj olacaq. İyunun 16-da isə Co Baydenlə Rusiya Prezidenti Vladimir Putinin görüşü olacaq. Bu görüşdə Rusiya ilə açıq ciddi söhbət olacaq. Bu görüşləri gözləmək lazımdır. Çünki Rusiyanın ABŞ-a, kollektiv Qərbə necə cavab verəcəyindən asılı olaraq dünyada, xüsusən də postsovet məkanında, o cümlədən Cənubi Qafqazda hadisələrin hansı istiqamədə inkişaf edəcəyi aydınlaşacaq. Burada iki başlıca variant var: Rusiyadan istəniləcək ki, ABŞ-ın və kollektiv Qərbin Çinlə strateji qarşıdurmasında aradan çəkil, bizə problemlər yaratma. Baydenin verdiyi son açıqlamalardan da bu göründü. Rusiya Çinlə strateji tərəfdaşlıq edir, gizli danışıqlar aparır, Pekinə təklif edir ki, gəl, ABŞ-a qarşı birgə ittifaq yaradaq. Bu baxımdan, xüsusilə 16 iyun görüşü çox mühümdür. Rusiya ya Amerika ilə razılaşacaq, aradan çəkiləcək. O zaman hadisələr tamamilə başqa istiqamətdə gedəcək. Əgər Rusiya indiki mövqeyində qalacaqsa və Çinlə daha da yaxınlaşma xətti götürəcəksə, o zaman hadisələr postsovet məkanında, o cümlədən bizim regionda daha da kəskinləşəcək. Bu isə şübhəsiz ki, Azərbaycana da təsirlərini göstərəcək”.

Sülhəddin Əkbər
Gürcüstanla bağlı məsələyə gəldikdə, S.Əkbər qeyd etdi ki, əslində NATO-nun bundan əvvvəlki sammitində gizli gedən danışıqlardan biri bundan ibarət idi ki, Gürcüstana üzvlüyə hazırlıq planı verilsin. Sadəcə olaraq, Rusiyanın Gürcüstandakı uzantıları orada daxili ictimai siyasi vəziyyəti qarışdırdılar və bu planın verilməsinin qarşısını aldılar: “Yəni Rusiyaya bağlı qüvvələr Amerikanın, NATO-nun planını poza bildilər. Əslində, Gürcüstanla Ukraynanın NATO-ya üzvlüyə qəbul olunması ilə bağlı qərar hələ 2008-ci ildə verilmişdi. 2008-ci ildən başlayaraq bizim regionda proseslər Rusiyanın nəzarəti və dominantlığı altına keçməyə başladı. Nəticədə məsələ yubandı. İndi yenidən gündəmə gəlib. Ona görə də hesab edirəm ki, sabahkı Bayden-Putin görüşünü gözləmək lazımdır. Çünki hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini oradan çıxan nəticələr müəyyən edəcək. O cümlədən, Azərbaycanın da bundan sonra hansı istiqaməti tutacağı məsələsinə bunun nəticələri təsir edəcək.
Rusiya və Çinlə bağlı çox ciddi qərarlar qəbul olunub. Rusiya qarşıdurma xəttini davam etdirəcəksə, Türkiyənin önəmi ikiqat artacaq. Türkiyəyə birləşdirici müsəlman səddini qurmaq vəzifəsi qoyulacaq. Bu sədd Əfqanıstandan başlayacaq. Bir sözlə, bizim regionu, bizim ölkəmizi də çox ciddi proseslər gözləyir. Bu proseslərin Azərbaycana mütləq təsirləri olacaq. Ona görə də mən xeyli müddət əvvəl demişdim ki, Bakının iyunun sonuna kimi seçim etmək vaxtı var. Azərbaycan da öz seçimini və strateji xəttini müəyyən etməli olacaq. Çünki qardaş Türkiyə hesab edirəm ki, artıq seçimini edib və kollektiv Qərblə birgə hərəkət edəcək. Əslində Prezident Ərdoğan bunu elan etmiş oldu”.


