Azad olunmuş rayonlara turlar - hamı torpağa tələsir...
Yaxın günlərdə Ağdam rayonuna səfər turlarının təşkili prosesinə başlanılacaq. Həftədə üç dəfə təşkil ediləcək səfərdə məqsəd insanların öz ata-baba yurdlarını görmək üçün onlara şərait yaratmaqdır. Əməkdar artist, ağdamlı Cabir Abdullayev moderator.az-a açıqlamasında təşkil ediləcək turun təqdirəlayiq olduğunu bildirib:
“Hamı istəyir ki, doğulduğu yeri gedib görsün. Ona görə də insanları da qınamaq lazım deyil. Təbii ki, təşkil ediləcək səfər turu çərçivələr daxilində olacaq. Amma bəzən görürsünüz ki, insanlarımız özbaşına, gizli yolla o torpaqlara səfər edir və minaya düşürlər.

Cabir Abdullayev
İnsanlar birbaşa həyatlarına risk edirlər. Şükür Allaha, torpaqlarımız işğaldan azad edilib və kiminsə gizli yolla o yerlərə səfər etməsini məsləhət görmürəm. Elə insanlarımız var yaşının elə vaxtıdır ki, bilmir sabah başına nə iş gələcək. Ona görə o yerləri gedib görməsi məsləhətdir”.
Bəs daha hansı rayonlar bu siyahıda ola bilər? Kəlbəcərə, Şuşaya nə vaxt bu cür səfərlər olması mümkündür?

Bəxtiyar Sadıqov
Ağdamın deputatı Bəxtiyar Sadıqov “Yeni Müsavat”a bildirdi ki, Ağdama turların təşkil ediləcəyi barədə xəbəri çox sevinclə, razılıqla qarşılayıb: “Görünür, artıq belə bir imkan yaranıb ki, dövlət başçımız insanların, xüsusən Ağdamı görmək həsrəti çəkən yaşlı insanların istəyini nəzərə alaraq belə bir təqdirəlayiq gözəl addımın atılmasını göstəriş verib. İndiyə qədər ona görə belə turlar təşkil edilmirdi ki, mina təhlükəsi daha ciddi idi. Prezidentimizin qətiyyəti mövqeyi sayəsində artıq Ağdam ərazisindəki mina xəritələrini əldə etdik. Dövlət çox sürətli, operativ şəkildə həmin minalı ərazilərin təmizlənməsini həyata keçirib və keçirir. Bu prosesin nəticələrini artıq biz Ağdama vətəndaşlarımızın səfər turlarının təşkilinə başlanmasında görürük. Mən çox şadam, insanlar getsinlər 28 ildir həsrətində olduqları yurd yerlərini ziyarət etsinlər, həm də o yerlərdə erməni vəhşiliyini, qəddarlığını öz gözləri ilə görsünlər. Görsünlər ki, düşmən bizim yurd yerlərmizi necə vəhşicəsinə dağıdıb, bizə qarşı necə qəddar düşmən dayanıb. Bütün bunları insanlar görməli və heç vaxt unutmamalıdırlar. Bilirsiniz ki, digər üç rayonun da mina xəritələri ermənilərdən alınıb. O rayonlarda da ciddi mina təmizləmə işləri gedir. Bu da onu deməyə əsas verir ki, yəqin imkan yaranan kimi o rayonlara da insanların səfərləri təşkil olunacaq. Vətəndşalrımızın istəyi də burada əsaslardan biridir. Bu cür səfərlər, şübhəsiz, elə təşkil ediləcək və edilməlidir ki, xaotik proses olmasın. Çünki sistemsiz xaotik proses təhlükələr gətirə bilər. Qoyulan marşrutdan, təlimatlardan kənara çıxılmamalıdır. Yəni bu cür səfərlər təhlükəsizlik tədbirlərinə ciddi əməl olunmaqla uğurlu həyata keçirilməlidir. Bu adi bir iş deyil".

Aqil Məmmədov i
Kəlbəcərin deputatı Aqil Məmmədov isə bildirdi ki, əgər Ağdama yaxın günlərdə səfər turları təşkil olunacaqsa bu çox yaxşı addımdır və xeyli vaxtdır insanların gözlədiyi addımdır: “Bu cür səfərlərin təşkil olunmasının vacibliyi barədə mən indiyə qədər bəlkə də 10 dəfə mətbuata açıqlamalarımda fikirlərimi bildirmişəm, təkliflərimi irəli sürmüşəm. Bildirmişəm ki, bu məsələ barədə aidiyyəti qurumlar düşünməlidir, heç olmasa ayda 3-4 dəfə 10-15 nəfərlik tərkibdə insanların azad olunmuş rayonlarımıza səfərləri təşkil edilməlidir. Mən çoxlu sayda müraciətləri nəzərə alaraq hesab etmişəm ki, bu cür səfərlər lazımdır. Şəhid ailələri, qazilər, yaşlı insanlar mənə müraciət edirlər ki, doğma yurda səfər etmələrinə dövlət köməklik göstərsin, şərait yaradılsın. İndi əgər Ağdama səfər turları təşkil edilməsinə başlanırsa bunu alqışlayıram. Sevinirəm ki, istədiyimiz məsələ tədricən həllini tapır. Ümid edirəm təmsil etdiyim Kəlbəcər rayonuna və digər işğaldan azad edilmiş rayonlarımıza da bu cür səfərlər təşkil ediləcək. Şübhəsiz ki, dövlətimizin məqsədi insanların təhlükəsizliyini qorumaqdır. İndiyə qədər belə səfərlərin təşkil olunmaması da məhz bununla bağlıdır. Yüz minlərlə minanı təmizləmək və ərazini tam təhlükəsiz hala gətirmək qısa zaman ərzində mümkün deyil. Amma 30 ilə yaxındır torpaq həsrəti çəkən insanları, xüsusən də yaşlı insanları da başa düşmək lazımdır. Kütləvi şəkildə yox, kiçik qruplar şəklində mərkəzləşdirilmiş qaydada insanların bütün işğaldan azad olunmuş bölgələrimizə səfərləri təşkil olunsa mən bunu alqışlayaram, dəstəkləyərəm”.

Akif Nağı
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə bildirdi ki, xeyli vaxtdır bu məsələ gündəmdəddir. Ağdam sakinləri bu və digər məsələlərlə bağlı bir neçə dəfə Prezidentə müraciət də göndəriblər: “Biz də bir qrup ağdamlının içərisində bu prosesdə iştirak edirik. Təxminən 2 ay əvvəl bir qrup ağdamlı, o cümlədən, Hacı Əkbər Rüstəmov, Hacı Namik Abbasov, Hacı Fərman Məmmədov, Abdal Qəhrəman, Ədalət Məhərrəmov, İlqar Əlfioğlu, Allahverdi Qiyaslı, Barat İmani, Ceyhun Tağıyev və digərləri ilə birlikdə bir araya gəldik, cənab Prezidentə məktub hazırlayıb göndərdik. Bir neçə gün əvvəl yenidən məktubla dövlət başçısına müraciət ünvanladıq və məktubda verdiyimiz təklifləri yerli icra hakimiyyəti rəhbərləri, ictimaiyyət nümayəndələri ilə müzakirə etmək üçün Hacı Namiq, Hacı Fərman və mən Ağdamda olduq. Rəsmi və qeyri-rəsmi səviyyədə görüşlərimiz oldu. Bizim təkliflərimizin içərisində bir bənd də rayon əhalisinin , xüsusilə də ahıl insanların tikinti işləri öncəsi öz yurd yerlərinə səfərinin təşkili ilə bağlıdır. İnsanlar istəyirlər ki, son dəfə uzun illər yaşadıqları yerləri, evlərinin qalıqlarını ziyarət etsinlər. İnsanların buna ciddi mənəvi ehtiyacları var. Hakimiyyətin bu məsələyə müsbət yanaşmasını alqışlayırıq. Bizim təkliflərin içərisində vəfat edən insanların öz qəbirstanlıqlarında dəfn olunmasına şərait yaradılması da var. İnsanlar 30 ildi öz yaxınlarını məskunlaşdıqları yerlərdə dəfn edib, buna dözməli olublar. Amma indi torpaqlar azad olunandan sonra ölülərimizin yenə də kənarda dəfn olunması çox ağır gəlir. Ona gərə də hesab edirik ki, işğaldan azad olunmuş ərazilərdə qəbiristanlıqların bir hissəsi minalardan təmizlənə, vəfat edənlərin orada az sayda, 4-5 yaxın adamının iştirakı ilə dəfni təşkil edilə bilər. Digər təkliflərimiz Ağdamda tarixi Qaraağacı qəbiristanlığının bərpası, Ağdamın bir və ya iki küçəsinin əvvəlki şəkildə bərpa olunması, işğaldan əvvəl fərdi evlərdə yaşayanların yenə də fərdi evlərlə təmin olunması, Şəhid məzarlıqlarının əvvəlki görüntüdə bərpa olunması və digər məsələlərə aiddir. Hesab edirik ki, bu təkliflər təkcə Ağdam rayonuna deyil, işğaldan azad edilmiş bütün rayonlara şamil edilməlidir. Bu məsələləri detallı şəkildə müzakirə etmək üçün Prezident Administrasiyasının rəsmiləri ilə, məsələn, Samir Nuriyev, Hikmət Hacıyev, Zeynal Naqdəliyevlə görüşməyə xeyli vaxtdır cəhd edirik, amma hələ bir nəticəsi yoxdur. Sonda bir inamımızı da ifadə etmək istəyirəm ki, düşmən üzərində inanılmaz qələbə əldə edən bir hakimiyyət minlərlə insanın ürəyindən keçən bu işləri də həyata keçirməyə qadirdir və keçirəcəkdir”.


