Bəzən valideynlər su hövzələrində istirahət edərkən uşaqları üçün real təhlükə mənbəyi yaradırlar. Ona görə də övladlarının taleyinə biganə olmayan valideynlər daha diqqətli olmalıdırlar. Bu barədə Trendə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) Təbliğat və təşkilat sektorunun müdiri Mansur Piriyev deyib.
Sektor müdirinin sözlərinə görə, bu günlərdə məktəblərin, təhsil ocaqlarının yay tətilində olmasını fürsət bilən azyaşlılar, valideynləri ilə və ya təkbaşına, dostlarla kütləvi şəkildə çimərliyə, bəzən də çimmək üçün qadağan olunmuş su hövzələrinə üz tuturlar: "Bu zaman başı müxtəlif oyunlara qarışan uşaqlar bədbəxt hadisə ilə üzləşməli olurlar. Onların əksəriyyəti çimərliyə üzməyə yox, oynamağa, qaçmağa, vaxtını maraqlı keçirməyə gəlirlər. Məsələn, futbol, voleybol oynayırlar. Bəzən də dənizin içərisində voleybol oynayırlar. Əslində, ilk baxışdan burada təhlükəli bir şey görünmür. Amma bəzən hər şey topun dənizin dərinliklərinə, sahildən uzağa getməsi ilə başlayır. Topu gətirmək üçün üzə bilməyən bir uşağın topun arxasınca suyun dərinliklərinə doğru getməsi isə artıq bədbəxt hadisənin başlanğıcı sayıla bilər. Nəzərə alsaq ki, uşaq dənizə dostları ilə və ya tək gəlib, onda demək olar ki, bədbəxt hadisəyə artıq zəmin hazırlanıb".
M.Piriyev qeyd edib ki, təəssüf ki, valideynləri ilə gələn uşaqlar da bu cür səhvə yol verəndə əksər hallarda nəticə dəyişmir: "Çünki həmin vaxt əksər valideynlərin bundan heç xəbəri olmur. Ona görə ki, onlar gətirdiyi yemək-içməklə uşağın qarnını doyurandan sonra işini bitmiş hesab edir və başları istirahətlərinə qarışır. Bu isə valideynlər tərəfindən real təhlükə mənbəyinin yaradılmasından başqa bir şey deyil".
Bəs valideyn məsuliyyətsizliyinin arxasında nə durur?
Psixoloq Dəyanət Rzayev deyir ki, xarici ölkələrdə çimərliklərdə dövlət xilasedicilərindən başqa özəl xilasedicilər də olur. Belə olan zaman nəzarət etmək daha asan olur: "Pulsuz çimərliklərdə də bir neçə nəfər durbinlə daimi nəzarət etməlidir. Bizim valideynlərin ümumiyyətlə maraqlı psixologiyası var. Onlar bədbəxt hadisə baş verdikdən sonra durumu anlayır, ağlayıb özlərini öldürürlər. Azərbaycanlılar özlərini hər işdə ağıllı, hər şeyi bilən hesab edirlər. Ancaq səmimi qəbul etsək, heç də o qədər bacarıqlı, hər şeydən xəbərdar insanlar deyilik. 7 il üzgüçülüklə məşğul olmuşam. Övladımı çimərliyə aparanda onu bir saniyə belə gözümdən qoymuram. Valideynlərin çoxu quru boğulmadan belə xəbərsizdirlər. Quru boğulma - uşaq evə gəldikdən sonra ölüm hadisəsinin baş verməsidir. Su onun nəfəs borusuna gedir və quru boğulma baş verir".
D.Rzayev deyir ki, bu kimi halları nəzərə almaq lazımdır. Ancaq bizim millət oxumağı xoşlamır: "Bircə dəfə olsun internetdə ilkin yardım, suda boğulma halları ilə bağlı maraqlanmırlar. Düşünmürlər ki, birdən övladım boğular, bu zaman necə yardım edim. Faciə baş verməmişdən öncə onun qarşısını almaq lazımdır. Bununla bağlı profilaktika tədbirləri görülməlidir. Ancaq nə məktəblərdə, nə sosial strukturlarda bununla bağlı hər hansı işlər görülür. Ən azından bu kimi məsələlərlə bağlı broşurlar, plakatlar hazırlana bilər. Çünki bizim insanlar öz başlarına oxumaq xoşlamırlar. Heç olmazsa, belə tədbirlərlə maarifləndirmə aparıla bilər. Sovet vaxtı həyəcan çağırışı verirdilər ki, bomba, yanğın kimi fəlakətlər baş verəndə nələr edilməlidir. İnsanları hər şeyə hazırlayırdılar. İndi də həmin çimərliklərdə insanlara broşuralar paylana bilər. Plakatlarda hansı hissələrə getmək olar, hansına olmaz deyə qeyd olunsun. İlkin tibbi yardım necə göstərilməlidir və s. kimi məsələlər bu broşuralarda öz əksini tapmalıdır".
Suda boğulma nədir?
Fövqəladə Hallar Nazirliyinin saytında bildirilir ki, suda boğulma - suyun tənəffüs yollarına daxil olması nəticəsində baş verən mexaniki asfiksiyanın bir növüdür. Suda boğulma zamanı orqanizmdə baş verən dəyişikliklər, başqa sözlə suyun altında ölüm müddəti, bir sıra amillərdən asılıdır.
1. Suyun xarakterindən (şirin su, duzlu su, hovuzlarda olan şirin xlorlu su).
2. Suyun temperaturundan (buzlu, soyuq, isti)
3. Suyun tərkibində qarışıqların (lil, cəng, lehmə və s.) olub-olmamasından.
4. Suda boğulma anında zərərçəkənin orqanizminin vəziyyətindən - yorğunluq, oyanıqlıq, alkoqol sərxoşluq.
Həqiqi suda boğulma - suyun traxeyaya, bronxlara və alveollara düşməsi nəticəsində baş verir. Adətən suda boğulan insanda güclü sinir oyanıqlığı əmələ gəlir, o, xilas olmaq üçün müqavimət göstərərək çoxlu enerji sərf edir. Bu mübarizə zamanı boğulan şəxs dərindən nəfəs alaraq hava ilə birlikdə su da udur ki, bu da tənəffüsün ritmini pozmaqla yanaşı, bədən kütləsinin artmasına da səbəb olur. Zərərçəkən halsızlaşaraq suyun dibinə getdikdə, qırtlağın reflektor spazmı (səs yarığının qapanması) nəticəsində tənəffüs dayanır. Qanda karbon turşusunun miqdarının artması tənəffüs mərkəzinin qıcıqlanmasına səbəb olur. Boğulan şəxs huşunu itirməklə yanaşı suyun altında nəfəsalma cəhdlərini təkrarlayır ki, bu da ağ ciyərlərə suyun və qumun daxil olmasını tezləşdirir. Qanda karbon turşusunun miqdarının təkrar artması nəticəsində tənəffüsün təkrar dayanmasından sonrakı 30- 40 saniyə ərzində ölümqabağı dərindən nəfəsalma baş verir. Həqiqi boğulmalar əsasən şirin sularda və dəniz sularında olur.
Dənizdə boğulma zamanı ilkin tibbi yardım
Dəniz suyunda boğulmalar zamanı bir qayda olaraq ağ ciyərlərin ödemi inkişaf edir. Alveollarda az miqdarda qalan hava tənəffüs hərəkətləri zamanı mayenin çalxalanması və davamlı zülal köpüyünün əmələ gəlməsinə səbəb olur. Qaz mübadiləsi kəskin pozulur, ürəyin fəaliyyəti dayanır.
Reanimasiya tədbirləri aparılarkən vaxt faktoru böyük əhəmiyyət kəsb edir. Bu tədbirlər nə qədər tez başlasa, bir o qədər uğurlu nəticə əldə etmək şansı artır. Buna görə də süni tənəffüsü zərərçəkən suda olarkən başlamaq tövsiyə olunur. Bunun üçün zərərçəkən sahilə və ya qayığa çatdırılana qədər, dövrü olaraq, ağızdan və ya burundan nəfəs vermək (hava üfürmək) lazımdır. Sahildə zərərçəkənə ümumi baxış keçirilir. Əgər zərərçəkən huşunu itirməmişsə və ya yüngül bayılma vəziyyətindədirsə, boğulma əlamətlərinin aradan qaldırılması üçün ona amonyak (naşatır) spirti iylətmək və bədənini isitmək kifayət edir.
Əgər qan dövranının fəaliyyəti saxlanıbsa (yuxu arteriyalarının pulsasiyası), lakin tənəffüs yoxdursa, ağız boşluğu bint dolanmış barmaqla yad cisimlərdən təmizlənir, protez dişlər varsa çıxarılır. Çox vaxt çeynəmə əzələlərinin spazmı ilə əlaqədar ağzı açmaq mümkün olmur. Bu hallarda süni tənəffüs ağızdan- buruna verilir; bu üsul effekt vermədikdə yastı metal əşyadan istifadə olunur. Bu zaman dişləri sındırmamaq üçün olduqca ehtiyatla davranmaq gərəkdir. Yuxarı tənəffüs yollarını köpük və sudan təmizləməkdən ötrü sorucu vasitədən isifadə etmək lazımdır. Əgər sorucu cihaz yoxdursa, zərərçəkən qarnı üstə xilasedicinin diz oynağından bükülmüş budu üzərinə uzadılır. Daha sonra onun döş qəfəsi sürətlə və kəskin hərəkətlərlə sıxılır. Bu manipulyasiyaların tənəffüs yollarının su və köpüklə qapanması ilə əlaqədar süni tənəffüsün həyata keçirilməsi mümkün olmadıqda aparılması zəruridir. Bu prosedur cəld və sürətlə yerinə yetirilməlidir. Əgər bir neçə saniyə ərzində effekt olmazsa, ağ ciyərlərin süni ventilyasiyasını başlamaq lazımdır. Əgər dəri örtükləri avazımışdırsa, ağız boşluğu təmizləndikdən birbaşa sonra süni ventilyasiyaya başlamaq lazımdır.
Əgər süni ventilyasiya zamanı xəstənin ağzından su xaric olursa, zərərçəkənin başını yana əyərək çiyni qaldırılmalıdır. Bu zaman zərərçəkənin ağzı döş qəfəsindən aşağı səviyyədə yerləşdiyinə görə maye xaricə tökülür. Bundan sonra süni ventilyasiyanı yerinə yetirmək olar. Əgər zərərçəkəndə sərbəst tənəffüs hərəkətləri əmələ gəlirsə, lakin onun şüuru bərpa olunmamışdırsa və ya tənəffüs ritmi pozulmuş, yaxud kəskin surətdə tezləşmişdirsə, qətiyyən ağciyərlərin süni ventilyasiyasını dayandırmaq olmaz. Əgər qan dövranı bərpa olunmamışdırsa (iri arteriyalarda nəbzin olmaması, ürək döyüntülərinin eşidilməməsi, arterial təzyiqin təyin olunmaması, dəri örtüyünün avazımış və ya göyərmiş rəng alması) süni ventilyasiya ilə eyni vaxtda ürəyin xarici masajı da yerinə yetirilir.
Cia.az