banner
banner

Gündəm

“Bir-birimizə hörmət etməyi bacarmırıq”

“Bir-birimizə hörmət etməyi bacarmırıq”
Avropalı qonağımız ötən həftə redaksiyamızı ziyarət edəndə müsahibə üçün razılığını almışdım. Amma bundan öncə Lənkərandakı doğmalarını ziyarət edəndən sonra daha rahat danışa biləcəyini demişdi və növbəti dəfə qəzetimizə təşrif buyurdu, səmimi söhbət etdik.
 
Tanışlıq üçün qeyd edim ki, Rahim Sadıqbəyli 1965-ci ildə Lənkəranda anadan olub, İncəsənət Universitetini bitirib.
 
Azərbaycanın bir sıra televiziyalarında, o cümlədən kinostudiyada işləyib. Moskvada ali rejissorluq və ssenari kursunu bitirib. Sənədli filmlər rejissorudur. İki sənədli filmi dünya arenasına çıxıb. Dəmir yolunda yaşayan uşaqlardan bəhs edən “13-cü yolun sakinləri” çəkilən sənədli film San-Fransisko və Berlin festivallarında nümayiş etdirilib. Rəssam İbrahim Əhrari haqqında çəkdiyi “Əzablı qurtuluş” adlı filmi isə dünyanın bir sıra televiziyalarına satılıb və göstərilib. O cümlədən Berlində sənədli filmlər konfransında nümayiş etdirilib. Ondan sonra da iki alman rəssamı haqqında film çəkib. Eyni zamanda o, Azərbaycanda ilk serialın, 2002-ci ildə yayımlanan 10 seriyalı “Bəyaz həyat” teleserialının müəllifidir.
 
- Rahim bəy, Azərbaycanı nə vaxt tərk edibsiniz? 
 
- 2004-cü ildən İsveçdə yaşayıram, indi Stokholm şəhərindəyəm. Tərki-Vətən olandan sonra bizə oturum verdilər. O vaxt qanun çıxdı ki, kimin iki usagı var və iki ildən artıq İsveçdə yaşayır, daimi oturum verilir. Biz də daimi oturum statusu aldıq.
 
- Azərbaycan vətəndaşlığından çıxmamısınız?
 
- Xeyr. Çıxmaq fikrim də yoxdur. 
 
- 11 illik mühacirət dövründə Vətənə neçə dəfə gəlmisiniz?
 
- 5 il gəlmədim. Çünki inteqrasiya prosesi ilə məşğul idim. Həm də dil məsələsi var idi. Mən başqa sahələrdə işləmək istəmirdim, elə öz sahəmdə çalışmaq istəyirdim. Həmin müddət də təhsilə getdi. 2 il sırf dil öyrənmə kursları ilə məşğul oldum. Ən aşağı səviyyədən başlayıb universitet səviyyəsinə qədər davam etdim və İsveç dilini mənimsədim. Hətta boş vaxtlarımda miqrasiya idarəsində tərcüməçi kimi də fəaliyyət göstərirəm. 
 
- Övladlarınız böyükdür? 
 

“Ən böyük arzum budur ki, insanların o qədər imkanları olsun ki, evlərinə qonaq gələndə utanmasınlar”

 
- 3 övladım var. Böyük qızım burda yaşayır. BDU-nu bitirib. Avropa Oyunlarında stadionların dizaynerlərindən biri oldu, hətta mükafat aldı. Bir oğlum, bir qızım İsveçdə yaşayır. Qızım 13, oğlum 10 yaşındadır.  İsveç dilində təhsil alırlar, ingiliscə sərbəst danışırlar, Azərbaycan dilini də bilirlər. Üstəlik, rusca da danışırlar, çünki həyat yoldaşım rusca təhsil alıb. O, burda da, orda da kulinariya məktəbini bitirib. 

- Milli xörəklər sarıdan korluq çəkməzsiniz...
 
- (Gülürük) Qətiyyən! Həm milli, həm də Avropa mətbəxi sarıdan problemimiz yoxdur. Biz çalışırdıq ki, inteqrasiyaya çox üstünlük verək. Mən də orda paralel qaydada vebdizayner məktəbinə getdim. Artıq hər il Azərbaycana gəlirik. Atam Lənkəranda, “Böyük bazar” məhəlləsində yaşayır, 78 yaşın içindədir.
 
- Azərbaycandan gedişinizdə siyasi baxışlarınız səbəbkar oldu, yoxsa...
- Mən heç vaxt partiyalı olmamışam. Hətta komsomol da olmamışam. Babam Həsən Sadıqbəyov uzun müddət vəzifələrdə işləyib, Astaranın 1-ci katibi olub. 1975-ci ildə rəhmətə getdi. Yadımdadır, onda bizi yığıb dedi ki, hansı biriniz Kommunist Partiyasının üzvü olsanız, zəhmətimi sizə haram edirəm. Babamın vəsiyyətinə əməl etdik. Mühacirətə getməyimizə gəldikdə, bəzən insan daha fərqli mühitdə yaşamaq istəyir. Mən burda bir sıra sənədli filmlər çəkdim, o cümlədən Əflatun Amaşovun rəhbərlik etdiyi RUH Jurnalistlər Birliyinin fəaliyyəti barədə. Həmçinin o vaxt “Yeni Müsavat”ın iki müxbiri Elbəyi Həsənli və Kamil Tağısoy təzyiqə məruz qalmışdı, onlardan müsahibə almışdım. Yəni deməzdim ki, siyasi baxışlara görə ölkədən getdim. Daha çox azad mühit axtarışındaydım. Yerli televiziyalarda işlədiyim dövrdə də mənim İbrahim Əhrarinin vasitəsilə Almaniya ilə çox sıx əlaqəm var idi. Düşünürdüm ki, Almaniyaya gedərəm. AzTV-də, ANS-də işləmişəm, “Space” ilə əməkdaşlıq etmişəm, ATV-nin qurucularındanam. Daha sonra “İnternyus”da çalışmışam. 
 
- Burda qalsaydınız, indi ən azı “Tərəqqi” medalı almışdınız...
 
- (Gülərək) Ola bilər. Uşaqların təhsil alması orda çox gözəldir. Bəlkə də missiya məsələsi var. Düzdür, heç nəyin fanatı deyiləm. Ancaq biz orda da Vətəni daha çox təbliğ etmək istəyirik. 
 
- İsveçdəki Azərbaycan diasporunun durumu ilə bağlı vəziyyət necədir? 
 
- Açıq etiraf etmək lazımdır ki, lobbiçilik, diaspora siyasəti çox aşağı səviyyədədir. Bu işlər komitələrlə, təşkilatlarla həyata keçirilmir. Bu məsələlər daha çox insanların özlərinin fəallığından asılıdır. Diaspora Komitəsinin ordakı nümayəndələri bilmirəm hansı işlərlə məşğul olur, ancaq uğursuzluq dalınca gəlir. 
 
- Niyə belədir? Erməni diasporu hətta Ermənistana maliyyə göndərir, Qarabağ separatçılarına dəstək verir. Bizdə niyə durum ürəkaçan deyil? Bizdə təşkilatlanmanın qarşısında duran səbəb nədir?  
 
- Biz “mənəm-mənəmlik” xəstəliyinə tutulmuşuq ki, bunu mən edim. Fərqi yoxdur, Azərbaycan daxilində də belədir, xaricində də. “Biz”lə “mən” arasındakı uçurum bizi normal fəaliyyət göstərməyə qoymur. Sizə bir fakt deyim, orda Hrant Dinkin anım mərasimi oldu. Bunu İsveç Jurnalistlər Birliyi təşkil etmişdi. Aparıcı kim olsa yaxşıdır? Avropa Jurnalistlər Birliyinin sədri. Orda isveçlilər, avropalılar daha çox idi, nəinki ermənilər. 3-5 erməni var idi. Biz parlamentdə, ya kənarda Xocalı haqqında bir tədbir keçirmək istəyirik, inanın ki, özümüzdən başqa heç kəs olmur. Bu, həddindən artıq üzücüdür və bizə pis təsir edir. Sizə başqa bir faktı deyim. Avropa Oyunlarından qabaq İsveç televiziyası Azərbaycan haqqında çox tənqidi və aşağılayıcı reportaj yayımladı. Özü də fakta əsaslanmadığı halda, həddindən artıq kəskin şəkildə Azərbaycan rəhbərliyini ittiham etdilər. Təəssüflər olsun ki, diasporamız buna reaksiya vermədi. Bir gündə Azərbaycan haqqında nəinki tənqidi, hətta təhqiredici məqalələr İsveçin bir sıra qəzetlərində dərc olundu. Lakin yenə də 20-30 il orda olan diaspora nümayəndələrindən heç kəs buna münasibət bildirmədi ki, siz niyə bir ölkənin üst düzeyinin korrupsiyada və digər məsələlərdə ittiham edirsiniz. Mən və dostum Babək Azəri buna etiraz etdik. İsveç televiziyası bizə cavab yazdı və televiziyaya bizi dəvət etdilər. 
 
- İsveçdə azərbaycanlıların və cəmiyyətlərin sayı barədə konkret məlumat varmı? 
 
- Fərqli məlumatlar var. Deyirlər ki, İsveçdə 30 minə yaxın güneyli-quzeyli azərbaycanlı yaşayır. Quzeylilər barədə 5-10 min rəqəmləri də səslənir. Cəmiyyətlərə gəldikdə, hər kəndin, hər şəhərin adına bir cəmiyyət yaradılıb. Orada cəmiyyət yaratmaq problem deyil, çox asan məsələdir.
 
- Avropa ilə Azərbaycan arasında vaxtaşırı gərgin münasibətlər yaranır, Bakı sərt tənqid olunur. 2004-cü ildə tərk etdiyiniz Azərbaycanı bu dəfə gələndə necə gördünüz? İsveç vətəndaşı kimi baxışınız necədir, 11 ildə dəyişən bir şey varmı?
 
- Hər dəfə gələndə mən yeni bir Azərbaycan görürəm. Amma insanların bir-birinə hörməti təəssüflər olsun ki, hələ də aşağı səviyyədədir. Biz bir-birimizə hörmət etməyi bacarmırıq. Elementar yol keçəndə bir-birimizə hörmət etmirik. Mənim isveçli jurnalist dostum var, Avropa Oyunlarından qabaq bura gəlmişdi. Çox yaxşı təəssüratlarla, müsbət emosiya ilə qayıtdı. Deyir, Bakıya gələndə elə bilirdim Azərbaycan çadralı İran, yaxud ərəb ölkələrinə bənzər, harınlaşmış neft ölkəsidir. Ancaq nə onu gördüm, nə digərini, başqa bir mühit gördüm. Gördüm ki, Azərbaycan Türkiyə deyil, Türkiyədən daha moderndir. Deyir, bir şey xoşuma gəldi ki, qonağa hörmət çox yüksək səviyyədədir, harada söhbət etmək üçün də otururduqsa, süfrə açıb təkidlə yemək yeməyi təklif edirdilər. Amma, dedi azərbaycanlılar bir-birinə hörmət etmirlər. Adicə sürücülər də bir-birinə yol vermir, yol keçən piyadaya yol vermir, addımbaşı siqnal verirlər. Ancaq mən inanıram ki, bunlar da düzələcək. 
 
- Vətənə birdəfəlik qayıtmaq niyyətiniz var, yoxsa artıq İsveçlə bağlı seçiminizi edibsiniz?
 
- Xeyr. Bunu heç kəs dəqiq deyə bilməz. Mən Azərbaycanı çox sevirəm, fürsət olan kimi Vətənə gəlirəm. 
 
- Gələcəkdə övladlarınız istərsə, isveçli ailə ilə qohum ola bilərsiniz?
- Mən övladlarıma demişəm iki millətlə qohum ola bilmərik, biri ermənidir, o biri millətin adını çəkmək istəmirəm. İsveçlilər çox gözəl millətdir. Mən aşırı müsəlman deyiləm, amma müsəlman qayda-qanunlarına riayət etməyi bacarıram. Mənim qızım 12 yaşındadır, artıq 3 ildir İsveç Dövlət Televiziyasında aparıcılıq edir və çox gözəl diksiyası da var. İndi burda Azərbaycan haqqında da çəkilişlər aparır, yəqin ki, qayıdandan sonra ortaya bir film qoyacaq. Qızım deyir böyüyəndə inşallah vəkil olacağam, özü də həm Azərbaycan, həm də İsveçdə. Ancaq bütün bunları Allah özü bilər.
 
- Azərbaycanla bağlı ən böyük arzunuz nədir? 
 
- Ən böyük arzum budur ki, insanların o qədər imkanları olsun, evlərinə qonaq gələndə utanmasınlar.  Biz bir-birimizə hörmət etməyi bacarmalıyıq, istər Avropada, istər burda. 
 
- Bəziləri “hörmət”i ayrı cür başa düşür...
 
- (Gülür) Yox, o “hörmət” olunmasa, daha yaxşıdır. Biz millət olaraq bir-birimizə hörmət etsək, böyük problemlərimizin də həllinə nail ola bilərik. Novruz bayramı münasibətilə mən ilk dəfə özüm tədbir keçirdim. Bakıdan da Lalə Məmmədovanı dəvət etmişdim. İnanın ki, heç kəsin gözləmədiyi halda 360 bilet satıldı. Hansı ki, 200-250 yer düşünmüşdük. Mən 30-40 isveçliyə biletləri havayı verdim, təbliğat məqsədilə. İsveçlilər gəlib Azərbaycan bayrağı altında “Yallı” oynadılar. Necə gözəl idi. Bunu da isveçli ilə birgə etmişdim. 28 Mayda belə tədbir keçirmək istəyirdim, diasporanın oradakı nümayəndəsi qarşısını aldı. Həmin günə 4-5 tədbir keçirdilər, onların da tədbirinə 25-30 adam gəldi və qoymadılar ki, mən böyük bir tədbir keçirim. Təəssüflər olsun ki, bu məsələlərdə biz əlbir olub öz mədəniyyətimizi göstərə bilmirik. Qarşılıqlı hörmət lazımdır. Mən şəxsi maraqlarımı düşünən adam deyiləm. Amma eyni zamanda çəkdiyim xərclərin qarşılığında ciddi ziyana da düşmək istəmirəm. Amma kənardan deyirlər ki, “Rahim bacarır ha, gəlin ona mane olaq”.   
 
- Rahim bəy, Azərbaycanda olduğunuz günlərdə “Yeni Müsavat”ı izləyə bildinizmi? Baş redaktorumuzun təltif olunması ilə bağlı fərqli yanaşmalardan xəbəriniz varmı? 
 
- Təbii ki, xəbərim var. Mən İsveçdə də musavat.com-u daim izləyirəm. Bilgisayarımdakı Azərbaycanla bağlı səhifəm musavat.com-dur. Musavat.com-a baxandan sonra digər linklərə də daxil oluram. Açığını deyim, mən “Yeni Müsavat”ın yazdıqlarına əvvəlki illərdən çox, indi daha çox etimad bəsləyirəm. Mən İsveçin həm də parlament müxbiriyəm. Həm də İsveç XİN-də qeydiyyatdan keçmiş ilk azərbaycanlı jurnalistəm. İndi AzərTAcın da müxbiri var, məndən qabaq yox idi. İstədiyim vaxt parlamentin iclaslarına qatılıram. Görürəm ki, aşırı millətçi partiyanın nümayəndəsi ilə sosial-demokratların nümayəndəsi olan baş nazirin bir-biri ilə dialoqu necə keçir...
 
 Rauf Arifoğlunun Əməkdar jurnalist adı alması məni çox sevindirdi. Yəni müxalif mövqeli qəzetin redaktoru belə bir mükafat alıb. Niyə də almasın? Əslində yaxşıya yaxşı demək, pisi tənqid etmək mətbuatın borcudur. Bu gün “Yeni Müsavat” qəzeti bu parametrlərə uyğun gəlir. Bəzən əlbəttə, aşırı tənqidi məqalələr də olur. Amma bütün bunlar polemika səviyyəsində olsa, daha yaxşıdır.
 
 Əslində qəzet redaktorunun, ya müxbirinin partiyalı olması heç cür doğru deyil. Lakin dövlət başçısı tərəfindən qəzetçinin mükafatlandırılması gərək ki, heyrət doğurmasın. Vaxtilə sizin qəzeti oxuyanda düşərgələr arasında kəskin qarşıdurmanı müşahidə edirdim. Amma indiki mənzərə çox yaxşıdır. Bütün məsələlərin çözümü dialoqdan asılıdır. Bu gün Rauf Arifoğlunun Əməkdar jurnalist adı alması bir örnəkdir, buna pis baxmaq lazım deyil.  Rauf Arifoğlu bunu bacardı, qəzetçi kimi dialoqa gedə bildi, hasarı aşdı, sərhədi keçdi. Şair demişkən, “Kəssə hər kəs tökülən qan izini, Qurtaran dahi odur yer üzünü...” Belə adamları yalnız təqdir etmək lazımdır.
 
- Mətbuatın durumu ilə bağlı İsveçdə vəziyyət necədir?  
 
- Əslində orda bütün mətbuat hökumətə müxalifdir, tam azaddır. Lakin İsveçdə mətbuat on illərdən sonra gəlib bu səviyyəyə çatıb. İsveç dünyanın ən çox immiqrant gedən ölkəsi olub.  80 il bundan qabaq İsveçdən 1 milyondan artıq immiqrant Amerikaya gedib. Amerikanın Pensilvaniya ştatında İsveç kəndi var, Nyu-Yorkun iki məhəlləsini köçmən isveçlilər yaradıb.
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.