banner
banner

Sosİal

Cərimə mövsümü başlayır...

Cərimə mövsümü başlayır...
İyulun 7-də Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) nəqliyyat vasitələri sürücüləri və sahiblərinə müraciət edib. İdarənin ictimai qurumlarla əlaqə şöbəsinin rəisi Kamran Əliyevin verdiyi məlumata görə, "Yol hərəkəti haqqında" qanuna ötən ilin fevral ayında edilən dəyişikliklərə əsasən ölkədə qeydiyyatda olan mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları istehsal olunduqları vaxtdan dörd il keçdikdə iki ildə bir dəfə, istehsal olunduqları vaxtdan on il keçdikdə ildə bir dəfə texniki baxışa cəlb olunurlar. Avtobuslara, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələrinə, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələrinə isə istehsal olunduqları vaxtdan bir il keçdikdə ildə bir dəfə texniki baxış keçirilir.
 
Yeni qanunla 2004-cü ilə qədər olan (2004-də daxil olmaqla), 2006, 2008, 2010-cu illərin istehsalı olan mexaniki nəqliyyat vasitələrinin (Xarici dövlətlərdə və onların baza modelləri əsasında istehsal olunan minik avtomobilləri üçün) texniki baxışdan keçmə vaxtı cari ilin may ayının 1-də başlayıb və iyul ayının 31-də başa çatacaq.
 
Sürücülər şikayətlənir...

Sürücülər isə avtomobillərin texniki baxış müddətinin qısaldılmasından narazıdırlar. Uzun illərdir sürücülüklə məşğul olan 50 yaşlı Ceyhun Məmmədov deyir ki, əvvəllər texniki baxışın müddəti sentyabr-oktyabr aylarına kimi idi. İndi vaxtın qısaldılması isə onun kimi bir çox sürücünün narazılığına səbəb olub: "Həmişəki kimi texniki baxışın müddətini sentyabra hesablamışdım. Buna görə də istirahət üçün ailəmi də götürüb rayona üz tutdum. Düşünürdüm ki, avqustun ortalarında qayıtsam, bütün işlərimi həll edəcəm. Ancaq indi bilirəm ki, texniki baxışın müddəti iyulun sonunda bitir. Mənim isə indi qayıtmağım mümkünsüzdür. Görünür cərimə ödəməli olacam. Ancaq bu vəziyyətdə olan tək mən deyiləm. Tanışlardan xarici ölkələrdə olanlar var. Onlar da bu durumdan şikayətçidirlər".
 
Texniki baxışdan keçməyən avtomobillər cərimələnəcək 

K.Əliyevin sözlərinə görə, texniki baxışdan keçməli olan, lakin bunu etməyən nəqliyyat vasitələrinin idarə olunmasına görə sürücülər məsuliyyətə cəlb olunacaqlar: "Vaxtında texniki baxışdan keçmədiyinə görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə olunacaq".
 
Şöbə rəisi sürücüləri avtomobillərini vaxtında texniki baxışdan keçirməyə çağırıb: "Qanunvericiliklə onlara texniki baxışdan keçmək üçün kifayət qədər vaxt verilir. Bu işi son günə saxlamaq lazım deyil. Bu, ilk növbədə həmin avtomobil sahiblərinin və sürücülərinin təhlükəsizliyi üçün lazımdır. Avtomobilini texniki baxışdan hələ keçirməyənlər bu gün iş gününün sonunadək müraciət edə bilərlər". 
 
Qanunvericiliyə əsasən texniki baxış necə baş tutur?

Qanunvericiliyə əsasən, minik avtomobilləri və motosikletlər istehsal olunduğu vaxtdan hesablanmaqla 5-ci, 7-ci, 9-cu, 11-ci və sonrakı hər il texniki baxışdan keçirilməlidir. Bu zaman nəqliyyat vasitəsinin nə vaxt əldə edilməsinin heç bir əhəmiyyəti yoxdur. Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, bu ildən başlayaraq nəqliyyat vasitələrinə tətbiq olunan yol vergisi ləğv edilib. Ona görə də texniki baxışa gedən nəqliyyat vasitəsi sahibləri yalnız baxış üçün dövlət rüsumu ödəyəcəklər. 
 
Dövlət rüsumu isə avtomobillər üçün 20 manat, motosikletlər, habelə avtomobil qoşquları üçün 10 manat nəzərdə tutulub. Bu rüsumlar mühərrikin iş həcmindən və avtomobilin istehsal ilindən asılı olmayaraq bütün nəqliyyat vasitələri üçün eynidir. Texniki baxış zamanı həmin rüsumdan və rüsumu bank vasitəsilə ödədiyiniz halda 1 manatdan artıq olmayan bank xərcindən əlavə hər hansı ödəniş nəzərdə tutulmur və heç kəs belə ödənişi sizdən tələb edə bilməz.
 
Nəqliyyat vasitəsini texniki baxışa təqdim edən hər kəs aşağıdakı sənədləri də təqdim etməlidir:
1) sürücülük vəsiqəsi;
2) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi (nəqliyyat vasitəsi başqasının adına olduqda isə etibarnamə və ya icarə müqaviləsi);
3) dövlət rüsumunun ödənilməsinə dair sənəd;
4) nəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bağlanması faktını təsdiq edən sığorta şəhadətnaməsi.
 
Bundan başqa, texniki baxışa təqdim edəcəyiniz əsas şey saz vəziyyətdə olan nəqliyyat vasitənizdir. Nəqliyyat vasitəsinin sazlığına dair tələb "Yol hərəkəti haqqında" Qanunun 1 saylı Əlavəsində verilib. Əgər avtomobiliniz, motosikletiniz və ya onların qoşqusu həmin Əlavədə nəzərdə tutulan tələblərə uyğun deyilsə, o cümlədən əlavə vasitələrlə (odsöndürən, dərman qutusu, qəza dayanma nişanı) təchiz edilməmişdirsə, texniki baxışdan keçməkdə probleminiz olacaq. Odur ki, nəqliyyat vasitənizin sazlığına xüsusi diqqət yetirməlisiniz. Qanunvericiliyə əsasən, texniki baxışa daxil olmuş hər bir nəqliyyat vasitəsi üçün texniki nəzarətçilər tərəfindən Müayinə Vərəqi tərtib olunur. Bu vərəqdə avtomobilinizin müayinə edilən əsas aqreqat və detallarının sazlığı qeyd olunur. 
Nəzərə almaq lazımdır ki, texniki nasazlıq səbəbindən ilk dəfə baxışdan keçməyən nəqliyyat vasitəsini təkrarən baxışa təqdim edərkən əlavə dövlət rüsumu ödənilmir. Nəqliyyat vasitəniz texniki baxışdan keçdikdən sonra sizə müvafiq talon veriləcək. Həmin talonda növbəti dəfə texniki baxışdan keçirilmə ili və vaxtı (aylar) göstərilir. Talonu avtomobilinizin alın şüşəsinin aşağı sağ küncünə yapışdırmalısınız.
 
"Burda qeyri-adi heç nə yoxdur"

Nəqliyyat eksperti Ərşad Hüseynov "Bizim Yol"a açıqlamasında bildirdi ki, sürücülərin texniki baxışın müddətinin əvvələ çəkilməsini demələri düzgün irad deyil: "Avtomobillərin texniki baxışı yanvar ayında başlayır, oktyabrın 31-də də bitir. Avtomobillərin meyarlarına görə isə Daxili İşlər Nazirliyi qrafik müəyyən edib. Yay tətilində istirahətini pozmaq istəməyən sürücülərə isə demək lazımdır ki, "zəhmət çək, mayın 1-də avtomobilin texniki baxışı üçün gəl". Üç gün sonra texniki baxış müddəti bitəcək olan avtomobillərin texniki baxış müddəti may ayının 1-dən başlayır. Qrafikin dəyişilməyi isə qanunvericiliyə əsasən həyata keçirilib. Əvvəlki qrafik isə düzgün deyildi. Orada etalonlu avtomobillərin müddəti çox idi. Onlar da əvvəldən qalma rus maşınları idi. İndi isə digər ölkələrdən gələn maşınların sayı çoxalıb. Ona görə qrafiki dəyişdilər. Burda qeyri-adi heç nə yoxdur. Sürücülər isə iyulun 31-ni gözləməməlidir. Mayın 1-də də texniki baxış üçün gedə bilərdi".
Ə.Hüseynov "Texniki baxış zamanı sığortası olan maşın yenidən sığorta olunmalıdırmı" sualımızı da cavablandırdı. Onun sözlərinə görə, texniki baxışla sığortanın əlaqəsi ondan ibarətdir ki, icbari sığortası olmayan maşın texniki baxışdan keçmir: "İcbari sığorta özü qanunla tənzimlənir. Birinci sığorta bağlanılır, bir il müddətində davam edir. Onun texniki baxışla bir əlaqəsi yoxdur. Alqı-satqıdan çıxan maşın üçün isə qanunvericiliyə əsasən nəqliyyat vasitəsinin alqı-satqısı zamanı sürücü istəsə, həmin baxış məcburidirsə, texniki baxışdan keçə bilər. Ancaq sürücü istəməsə, o, texniki baxışdan keçməməlidir. Qanunda nəzərdə tutulan vaxt texniki baxışdan keçməlidir. Dediyim kimi, maşın həmin il texniki baxışdan keçməlidirsə, keçməlidir. Yox, əgər texniki baxışdan keçməməlidirsə, keçməməlidir. Sadəcə olaraq texniki müayinədən keçməlidir".
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.