banner
banner

Gündəm

Azərbaycanda 7 bal gücündə zəlzələ oldu- əhali təşvişə düşdü

Azərbaycanda 7 bal gücündə zəlzələ oldu-
Sentyabrın 4-də Azərbaycan ərazisində zəlzələ baş verib. Zəlzələ saat 09.49 radələrində Ucar, Göyçay, Ağdaş, Şamaxı, Zaqatala, Balakən, Qəbələ, İsmayıllı, Tovuz, Salyan, Sabirabad rayonlarında, Şəki, Şirvan və Mingəçevir şəhərlərində qeydə alınıb. Zəlzələnin episentri sayılan Şəkidə 7 bal, yaxın yaşayış məntəqələrində isə 6-5 bala qədər hiss olunub.
Zəlzələ böyük ərazini əhatə etdiyindən əhali təşvişə düşüb. Zəlzələ nəticəsində insan tələfatı olmasa da dağıntılar qeydə alınıb. Şəki şəhərinin icra qurumlarından bildirilib ki, zəlzələnin episentrinə yaxın ərazilərdə - Turan qəsəbəsi, Sarıca kəndindəki köhnə tikililərdə çatlar yaranıb. Rayonunun Sarıca kəndində uşaq bağçası zəlzələdən sonra dağıntılara məruz qalıb.
Göyçayda isə zəlzələ nəticəsində iki uşaq anası su quyusuna düşərək ölüb. Rayonun Məlikkənd kənd sakini 1987-ci il təvəllüdlü İbadova Ruhiyyə Mustafa qızı zəlzələ baş verən zaman yaşadığı evin həyat yanı sahəsində su arxının yanında olub. Təkanların təsirindən ayağı sürüşərək su arxına düşüb. Orada elektrik enerjisi ilə işləyən su motoru işlək vəziyyətdə olduğundan, cərəyan R.İbadovanı öldürüb.
 
 
Ağdaşda da zəlzələ ziyansız ötüşməyib. Rayonda bir çox evlərdə çatlar, müxtəlif zədələr yaranıb. Bəzi evlərdə və inzibati binalarda pəncərə şüşələri sınıb. Silkələnmə nəticəsində qab-qacaq və digər əşyalar düşərək qırılıb. Ağdaş şəhərinin  Yusif Nəbiyev küçəsində bir evin hasarı uçub. Zəlzələ zamanı iki qadın qorxu və həyəcandan özünü yaşadığı evin ikinci mərtəbəsindən ataraq ağır kəllə-beyin travması və sınıq xəsarətləri alıblar. Bir nəfər isə qaçarkən pilləkəndən yıxılaraq xəsarət alıb.
 
Azərbaycanda baş verən güclü zəlzələ nəticəsində Ağdam şəhər mərkəzindən 6 kilometr aralıda yerləşən zərər çəkmiş evdən də fotolar yayılıb.

 
Zəlzələ Ermənistan və Dağlıq Qarabağda da hiss olunub. AzVision.az xəbər verir ki, Ermənistanın Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, İrəvanda 3-4 , Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda isə 4-5 bal gücündə zəlzələ olub. Bu gün səhər İranın Ərdəbil əyalətinin Azərbaycanın cənub bölgəsinə yaxın Parsabad, Biləsuvar və Germi şəhərlərində də güclü zəlzələ baş verib.
 
Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı zəlzələ ilə bağlı bildirib ki, xırda təkanlar davam edə bilər: “Bizə bu zəlzələdən sonra həm icra hakimiyyətlərindən, jurnalistlərdən, həm də yerli camaatdan zənglər gəlir. Müxtəlif məlumatlar verirlər. Ancaq Azərbaycanda seysmik vəziyyət fərqlidir. Məsələn, Bakıda eyni küçənin sağında seysmikliyin vəziyyəti soldakından fərqlidir. Amma bir məsələ var ki, biz həmişə demişik ki, şimal-qərb zonası, Şəki, Zaqatala, Şamaxı, İsmayıllı, Xəzər dənizi, cənubda Talış dağlıq sistemi, Gəncədə Kəpəz, Daşkəsən hissələri seysmik baxımdan aktiv zonalardır.  
 
Seysmik baxımdan aktiv olan zonada da zaman-zaman güclü və zəif zəlzələlər olur. Bu zəlzələdə həmin o sıradan zəlzələlərdən biridir. Sadəcə olaraq güclü zəlzələdir”.
Zəlzələnin yenidən baş verib verməyəcəyinə gəlincə isə V.Rafiqqızı bunun dəqiqliyi ilə əvvəlcədən bilməyin mümkünsüz olduğunu dedi: “Seysmologiya elmi zəlzələnin əvvəlcədən xəbər edilməsinin mümkünlüyü ilə bağlı olan suala hələ ki, cavab tapa bilməyib. Heç kəs zəlzələnin günü, saatı, yeri ilə bağlı dəqiq məlumat deyə bilməz. Biz sadəcə olaraq bunu deyə bilərik ki, güclü təkan baş verəndən sonra həmin ərazidə xırda avtoşoklar gedir. Bu avtoşoklar isə hiss olunan səviyyədə olmur”.

Zəlzələdən sonra “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin müvafiq qurumları gücləndirilmiş iş rejiminə keçib. Hollarda, körpülərdə, stansiyalarda yol, enerji təchizatı, işarəvermə və rabitə sahələrinin zəlzələdən ziyan görüb-görməməsini yoxlanılır.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.