banner
banner

Sosİal

7 ballıq zəlzələ; möcüzəvi qurtuluş, yoxsa saxtakarlıq?

7 ballıq zəlzələ;
Bir neçə gün əvvəl Azərbaycan ərazisində 7 bal gücündə zəlzələ baş verdi. Ən güclü təkanlar Şəkidə qeydə alınıb və böyük bir ərazini əhatə edib. Əhali bu zəlzələdən sonra təşvişə düşüb və bu zəlzələnin yenidən baş verəcəyindən qorxur. Hətta insanlar arasında paytaxtda da güclü zəlzələnin olacağı haqda söhbətlər dolaşır. Bir qisim insan isə bir neçə gün əvvəl baş verən zəlzələnin əslində 7 bal gücündə olmadığını və bu rəqəmin şişirdildiyini bildirir. 
Maraqlıdır, bu nə dərəcədə doğrudur? 7 ballıq zəlzələdən möcüzəvi şəkildəmi qurtulduq, yoxsa bu bir saxtakarlıqdır? Məsələ ondadır ki, Türkiyədə, Yaponiyada 6-7 ballıq zəlzələ şəhərləri viran qoyur...
 
Dəqiqləşdirmə apararkən öyrəndik ki, ümumiyyətlə zəlzələlər müxtəlif üsullarla ölçülür. Zəlzələnin proqnozu üsullarından biri Yer qabığında müxtəlif səslərə qulaq asmaqdan ibarətdir. Yer qabığında hər bir böyük pozğunluqdan qabaq xırda pozğunluqlar baş verir, bu pozğunluqlar zəlzələ yaratmır, lakin hazırlıq işi aparır. Bu ibtidai pozğunluqlar müxtəlif səslər yaradır, səslərə qulaq asmaq üsuluna əsasən həssas səs cihazları ilə bu səsləri eşitmək mümkün olur. Zəlzələ proqnozunun ikinci üsulu, meylölçənlər vasitəsilə Yer səthinin meylini öyrənməkdən ibarətdir. 
 
 
Bu cihazlar Yer səthinin ən kiçik meylini böyük dəqiqliklə ölçür. Meylölçənlər Yer qabığının hərəkətləri ilə və zəlzələyə hazırlıq işləri ilə əlaqədar olan meylləri qeyd etməkdən başqa, xarici səbəblər nəticəsində baş verən meylləri də göstərir. Təəssüf ki, meylölçənin ümumi qeydlərindən, daxili səbəblərin yaratdığı meyli ayırmaq böyük çətinlik törədir. Üçüncü üsul atmosferin elektrik vəziyyətini dəyişməsi, yəni zəlzələdən qabaq və zəlzələ zamanı elektromaqnit dalğaların əmələ gəlməsi üzərində aparılan müşahidələrə əsaslanır. Lakin bu müşahidələr hələlik təsadüfi olub, sistematik tədqiqat aparmağı tələb edir. Zəlzələnin intensivliyi yer səthində titrəyişin dərəcəsini göstərir və balla ölçülür. Ölkəmizdə 12 bala bölünmüş seysmik cədvəldən (şkaladan) istifadə olunur. 
 
Bu cədvələ görə zəif zəlzələlərin intensivliyi 2-3 bal, güclü zəlzələlərinki 5-6 bal, çox güclülərinki 7 bal, dağıdıcı zəlzələlərinki 8 bal, viranedici zəlzələlərinki 9-10 bal, katastrofik zəlzələlərinki 11-12 bal sayılır. Daha dəqiq desək, 1 bal-hiss olunmayan, 2 bal-çox zəif, 3 bal-zəif, 4 bal-orta, mülayim, 5 bal-nisbətən güclü, 7-bal çox güclü, 8 bal-dağıdıcı, 9 bal-viranedici, 10 bal-məhvedici, 11 bal katastrofik, 12 bal-dəhşətli katastrofik zəlzələ sayılır. 2 balda torpaq son dərəcə parçalanır, çoxlu çatlar, sürüşmələr, uçqunlar baş verir, şəlalələr əmələ gəlir, çay dərələrinin qabağı kəsilir, göllər yaranır, çayların məcrası dəyişir. Bütün binalar uçub dağılır. 
 
 
Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı zəlzələ balının şişirdilməsi xəbərlərinin əsassız olduğunu dedi: “Baş verən zəlzələlərlə bağlı məlumatlar bizim respublika ərazisində olan 35 seysmik telemetrik rabitəsi ilə işləyən stansiyalarımız vasitəsi ilə qeydə alınır. Həmin məlumatlar tək bizim deyil, dünyanın aparıcı ölkələrinin seysmoloji xidmət mərkəzlərinin stansiyalarında da qeydə alınır. Burada maqnituranın şişirdilməsindən söhbət gedə bilməz. Sadəcə olaraq gələn siqnalların emalı zamanı ola bilər ki, bir ölkədə nəticə başqa cür gəlir. Məsələn, Amerika maqnitudanı 5,4, biz isə 5,9 göstərdik. Bu ərazi məsafə ilə bağlıdır. Mən yenə də rəsmi olaraq təkrar edim ki, baş verən zəlzələnin maqnitudası 5,9 idi. Bunu da bala çevirəndə 7 bal edir. Dərinliyi isə 13 kilometr idi. Təbii ki, kimlərsə çıxıb nələrsə deyib müxtəlif rəqəmlər səsləndirə bilər. Amma unutmaq lazım deyil ki, o rəqəmləri, kordinatları heç kim özündən qoymur. Qeydə alınan siqnallar, onun emalı nədirsə, o rəqəmlərdə ortaya çıxır”.
 
V.Rafiqqızı bildirdi ki, heç kim zəlzələnin proqnozunu qabaqdan verə bilməz: “Seysmologiya elmi hələ zəlzələnin dəqiq proqnozunun əvvəlcədən xəbər edilə bilməsi sualına dəqiq cavab tapmayıb. Biz sizə rəsmi şəkildə bəyan edirik ki, yayılan əsassız informasiyalar şayiədir. Heç kim zəlzələnin baş verəcəyini əvvəlcədən bilə bilməz”.
 
 
Azərbaycanlı alim, Geofizika İnstitutunun professoru Kərim Kərimov Bakıda heç bir zəlzələ gözlənilmədiyini dedi: “Zəlzələni əvvəlcədən bildirən ixtiramı dünya qəbul edib. Azərbaycanda isə buna laqeydlik göstərirlər. bu ixtira quraşdırılan üç stansiya sayəsində zəlzələni bir saat əvvəlcədən xəbər edə bilər. Bir neçə gün baş verən zəlzələ paytaxtımızda gözlənilmir. Amma Azərbaycan seysmoloji cəhətdən aktiv zonadır. Mən deyə bilərəm ki, hələlik gözlənilmir. Çünki 3-5 ay müddətində o enerji toplanmalıdır. Mən üç stansiya vasitəsilə bir neçə saat qabaq zəlzələnin olub-olmayacağını deyə bilərəm. O stansiyadan minimum 122 kilometr məsafəni göstərir ki, burada zəlzələ gözlənilir. Yarım saat qabaq isə konkret hansı nöqtədə olacağını göstərir. Mən bu ixtirama beynəlxalq patent almışam. Biri çıxıb ortalığa desin ki, mən ikisini almışam. Mənim zəlzələ ilə bağlı ixtirama beynəlxalq Avrasiya patenti almağıma baxmayaraq yenə də qəbul etmirlər. Bu cür yanaşma düzgün deyil”.
 
K.Kərimov Bakı və Bakı ətrafındakı ərazilərdə heç bir zəlzələnin gözlənilmədiyini bildirdi.  
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.