XƏBƏRDARLIQ: "Tarif Şurasının qərarı aptekləri boş qoyacaq" - FOTOLAR
Prezident İlham Əliyevin Azərbaycanda əczaçılıq sahəsinin problemləri və dərmanların qiymətinin süni şəkildə artırılması ilə bağlı tənqidi çıxışından və qiymətlərin aşağı salınması ilə bağlı göstərişindən sonra bu sahənin inzibati yolla tənzimlənməsinə başlanıldı.
Tarif Şurası dərmanların qiymətlərinin tənzimlənməsi ilə bağlı qərar qəbul etdi və ilkin mərhələdə 250 adda dərmanın qiymət həddi müəyyən edildi. Son olaraq oktyabrın 6-da Tarif Şurasının keçirdiyi növbəti iclasda daha 1126 dərman vasitəsinin qiymətləri təsdiqlənib.
Ümumilikdə, indiyədək 2183 dərman vasitələrinin qiymətləri təsdiqlənib ki, bununla da satışda olan dərman vasitələrinin mövcud qiymətləri ilə müqayisədə 53 faiz dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 28 faiz dərman vasitəsinin qiyməti, 3 dəfədən çox aşağı salınıb. Ümumilikdə isə, dərmanların 98 %-i üzrə qiymətlər endirilib.
Bəs, görəsən apteklərdə Tarif Şurasının qərarına necə əməl edilir? Özəl və dövlət apteklərində dərmanların qiymətləri endirilibmi? Bu qərarlar Azərbaycanda əczaçılıq sahəsində qiymət və keyfiyyət məsələsinin tənzimlənməsinə necə təsir edəcək?
Musavat.com-un müxbiri bu sahbədəki son durumu öyrənmək üçün paytaxtın mərkəzində yerləşən bir neçə aptekə baş çəkib, əczaçılar və alıcılarla həmsöhbət olub.
Dərman preparatlarının qiymətlərindəki dəyişiklik paytaxtdakı apteklərə öz təsirini göstərib. Apardığımız müşahidələrə görə, bir çox dərman preparatlarının qiymətində hiss olunacaq səviyyədə ucuzlaşma olsa da, yeni qərar bəzi dərmanların piştaxtalardan yoxa çıxması ilə nəticələnib. Belə ki, qiymətlər tənzimlənəndən sonra dərman firmaları bahalı dərmanları apteklərə verməkdən imtina ediblər. Adının çəkilməsini istəməyən bir neçə aptek satıcısı bunu bizimlə söhbət zamanı bildirdi .
Satıcıların sözlərinə görə, Tarif Şurasının qərarından sonra dərmanların qiymətlərində enmə olub: “Misal üçün, "Eskolon" adlı ürək dərmanı əvvəllər 30 manat idisə, indi 3-4 manat ucuzlaşıb. Bundan əlavə antibiotiklərin qiymətlərində ucuzlaşma var. Ən çox bahalı dərmanların qiymətlərində enmə var".
Aptekdə alıcıların bir neçəsi ilə də həmsöhbət olduq. Öd xəstəliyi üçün istifadə olunan dərman almaq istəyən şəxs bu dərmanı tapa bilmədiyini dedi: " Bir neçə aptekdə oldum, lakin bu dərmanın olmadığını dedilər. Elə apteklər var ki, dərmanın satışının dayandığını bildirdilər. İndi bilmirəm necə əldə edim...”
Qiymətlərin endirilməsi ilə bağlı musavat.com-a danışan tibb elmləri doktoru Adil Qeybulla bu tənzimləmənin sahibkarların işinə mənfi təsir edəcəyini bildirdi: “Bu qərarlar manatın devalvasiyasından sonra süni qiymət artımının qarşısını almaq üçün bir addım idi. Hesab edirəm ki, zamanında bu problem öz həllini tapacaq. Son zamanlar dərmanların qiymətlərində kəskin azalma müşahidə olunur. Lakin bu, bütün dərmanları əhatə edə bilməz. Çox bahalı dərmanlar var və onların Azərbaycana gəlişi bahadır. Qiymətlər tənzimlənərkən burada sahibkarların gəlirləri nəzərə alınmalıdır. Əks halda sahibkarlar xaricdən Azərbaycana dərman gətirməkdə maraqlı olmayacaqlar. Artıq apteklərdə bəzi dərmanların qıtlığı müşahidə olunur. Bu isə həmin faktorla əlaqədardır”.
Adil Qeybulla əhalinin gündəlik tələbatı olan dərmanların qiymətlərində ciddi azalma olduğunu da vurğuladı: “Gündəlik ən çox istifadə olunan başağrısı dərmanları, antibiotiklər, mədə-bağırsaq sistemi xəstəliklərinə aid dərmanlar və bu kimi tələbat çox olan dərman preparatlarının qiymətlərində xeyli dərəcədə enmə var”.
Musavat.com-a açıqlamasında apteklərdə yaranan durumu şərh edən iqtisadçı ekspert Natiq Cəfərli dərman bazarının Tarif Şurası tərəfindən tənzimlənməsinin qanuna zidd olduğunu bildirdi: “Tarif Şurasının nizamnaməsində də göstərilir ki, bu qurumun yaradılmasında əsas qayə təbii inhisarçıların fəaliyyətinin tənzimlənməsi, onların qiymət siyasətinə nəzarət edilməsidir. Bu səbəbdən Tarif Şurası bu günə qədər ancaq təbii inhisarçıların, yəni elektrik, qaz, yanacaq, nəqliyyat və digər bu kimi sahələrə - yəni dövlətin inhisarı olan sahələrə nəzarət etməyi və qiymətlərin tənzimlənməsini öz üzərinə götürmüşdü. Dərman preparatları isə kommersiya fəaliyyətinə aid məsələdir. Tarif Şurasının dərmanların qiymətini tənzimləməsi onun əsasnaməsinə və qanunda nəzərdə tutulmuş müddəalara ziddir. Ona görə də, sahibkarların fəaliyyəti üçün daha yaxşı şəraitin yaradılması lazım olduğu halda, qiymət tənzimləməsinin həyata keçirilməsi bir çox problemlərə yol açacaq. Bu problemlər artıq özünü göstərməkdədir. Bəzi dərman preparatları satışdan yığışdırılıb. Bundan başqa, son iki ayda ən çox qarşılaşdığımız hallardan biri də odur ki, insanlar Avropa ölkələrinə, hətta Türkiyə və Rusiyaya gedən qohumlara və tanışlara dərman sifariş etməyə başlayıblar”.
Ekspert onu da bildirdi ki, qiymətlərin tənzimlənməsi üçün daha effektli tədbirlər görülməli və inzibati üsullara əl atılmamalı idi: “Əhalinin daha ucuz dərman preparatları ilə təmin olunması üçün ilk olaraq, icbari tibbi sığortanın tətbiqinə ehtiyac var idi. İkinci tərəfdən, əgər qiymətlər yüksək idisə, dərman preparatlarına qoyulan gömrük rüsumları lığv edilə bilərdi. Çünki gömrük rüsumu daxili istehsalın bazardakı yerinin qorunması üçün tətbiq olunan iqtisadi metoddur. Ancaq Azərbaycan dərman istehsalçısı yox, idxalçısıdır. Çünki bizdə dərman istehsal olunmur. Əgər daxili bazarda yerli istehsalçı yoxdursa, gömrük rüsumlarının o həddə qaldırılması məqsədsizdir və bu qiymətlərin həddindən artıq yüksək olmasına gətirib, çıxarır. Üçüncü olaraq, dərman bazarında iri şirkətlərin inhisarı aradan qaldırılmalı idi və rəqabətli mühit yaradılmalı idi. Bu tədbirlər görülmədən Tarif Şurası tərəfindən tənzimlənməsi ciddi problemlər yaradacaq. Çünki qiymətləri tənzimlənən dərmanlar yox, molekullardır və bu molekullar dünyanın müxtəlif yerlərindən gətirilir. Qiymətlər ucuzlaşandan sonra sahibkarlar maraqlı olacaq ki, dərmanları Avropa ölkələrindən deyil, ikinci dərəcəli ölkələrdən – Pakistandan, Hindistandan, Çindən gətirsinlər. Bu da insanların sağlamlığını təhlükəyə atacaq”.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.