2015-ci il üçün kimya üzrə Nobel mükafatının türk əsilli Amerika alimi Aziz Sancara verilməsi son günlər türk dünyası ilə bağlı ən böyük xəbərə çevrilib. Dünyanın ən ali mükafatları sırasında olan Nobel mükafatının İdarə heyəti qərarı açıqlayandan sonra həm Türkiyədə, həm də bütün türk dünyasında Əziz Sancarın uğuru böyük sevinclə qarşılanıb.
Nobel mükafatını İsveç Kral Elmlər Akademiyası, İsveç Akademiyası, Karolinska İnstitutu, Norveç Nobel Komitəsi 1901-ci ildə birgə təsis edib. Hər il mükafat fizika, kimya, ədəbiyyat, sülh, tibb, iqtisadiyyat üzrə dünyanın ən ünlü alim və siyasət adamlarına verilir. Əziz Sancar bu mükafata xərçəng xəstəliyinin müalicəsində tətbiq olunan “sirkadiyen saat” (ritmik saat) kəşfinə görə layiq görülüb. Onu da vurğulayaq ki, bu il kimya üzrə Nobel mükafatına Əziz Sancarla yanaşı Tomas Lindahl və Paul Modrich də layiq görülüb.
Mükafatın təqdimat mərasimi hər il olduğu kimi, dekabrın 10-da – Alfred Nobelin vəfat günündə İsveçdə keçiriləcək. Nobel mükafatının həcmi 3 milyon İsveç kronu – təxminən 900 min dollar dəyərindədir.
Nobel mükafatının builki sahiblərinin adları açıqlanandan sonra sosial şəbəkələrdə Aziz Sancar haqqında çoxsaylı yazılar yerləşdirilib. Bəziləri onun kürd, bəziləri ərəb əsilli olduğunu iddia edib. Bu iddialar Sancarın doğulduğu Mardin vilayətinin etnik tərkibi ilə izah edilib.
Suriya-Türkiyə sərhədində yerləşən Mardin vilayətində əsasən kürd və ərəb əsillilər yaşayır. İddialara Əziz Sancarın böyük qardaşı Kenan Sancar son qoyub. O, ailəsinin Xorasandan köçən türkmən nəslinə aid olduğunu bildirib. Türkiyə telekanallarının bir neçəsinin canlı yayımına qoşulan Aziz Sancar da milli kimliyi ilə bağlı sualları “mən türkəm” deyə cavablandırıb.
Türk alim bu gün dünya mediasının da gündəmindədir. Ancaq Sancar ona verilən bəzi sualları mənsub olduğu millətə sayğısızlıq kimi qəbul edib: “BBC-nin ingilis xidməti mənə “siz ərəbsiz, qismən türksünüz” sualını verməklə sayğısızlıq etdi. Mən dedim ki, ərəbcə bilmirəm, kürdcə də bilmirəm, mən türkəm. Güneydoğuda doğulanların heç biri bu sualdan yayına bilmir. Mardində, ya Cizrədə, ya da Qarsda doğula bilərdim, amma mən türkəm”.
Uzun illər apardığı elmi araşdırmalar haqqında danışan alim insan orqanizmi ilə bağlı açdığı yenilikləri əzəmətli bina tikintisinə bənzədib: “Bu, sanki Süleymaniyyə camesinin tikintisində bir daşı digər daşın üzərinə qoymaq kimidir. Hər daş xüsusi diqqət istəyir”.
Aziz Sancar Nobel mükafatının qalibi elan olunanda ən çox Türkiyə üçün sevindiyini deyib: “Mən Türkiyədə təhsil almışam. Məni Türkiyə yetişdirib. Ona görə də mükafat aldığımı öyrənəndə ilk olaraq ölkəm üçün sevindim”.
Aziz Sancar 1946-cı ildə Mardinin Savur kəndində doğulub. 8 uşaqlı savadsız ailənin dördüncü övladıdır. Valideynləri oxuma-yazma bilməsələr də övladlarının təhsili üçün əllərindən gələni ediblər. Aziz Sancarın 2 qardaşı Türkiyə Ordusunun zabitləridir. 82 yaşlı Kenan Sancar Türkiyə Silahlı Qüvvələrinin generalı, 74 yaşlı Tahir Sancar isə polkovniki rütbələrindən təqaüdə çıxıblar.
_37.jpg)
Aziz Sancar Mardində orta təhsili başa vurduqdan sonra İstanbul Tibb Universitetinə daxil olub. Tibb fakültəsini yüksək qiymətlərlə başa vuran Sancar iki ilə Savurda həkim işləyib. Daha sonra təhsilini davam etdirmək üçün Amerika Birləşmiş Ştatlarına gedib. Dallasda Teksas Universitetinin doktoranturasını 1977-ci ildə molekulyar biologiya ixtisası üzrə başa vurub, doktorluq işini isə Yale Universitetində DNA üzrə müdafiə edib. 1982-ci ildə Amerinanın ünlü elmi mərkəzlərindən olan UNC Chapek Hill-də biokimya və biofizika üzrə çalışmağa başlayıb, DNA, hüceyrə düzülüşü, xərçəngin müalicəsi və bioloji saat üzrə ciddi elmi araşdırmalar aparıb. Çalışdığı sahə üzə 400-ə yaxın elmi məqalə, 33 kitab yazıb.
Uğurlu elmi fəaliyyətinə görə ABŞ-ın Beynəlxalq Elmlər Akademiyasının, Amerika İncəsənət və Elm Akademiyasının, Türk Elmlər Akademiyasının üzvü seçilib. 2007-ci ildə Vehbi Koç Vəqfinin mükafatını alıb. Aziz Sancar Quzey Karolina Universitetinin Tibb Məktəbində biolimya və biofizika professorudur. Sancar xaricdəki elmi araşdırmalarına görə, Amerika Beynəlxalq Elmlər Akademiyasına üzv qəbul edilən 3 türk alimdən biridir. O, Nobel mükafatını alan ikinci türkdür. 2006-cı ildə ədəbiyyat üzrə Nobel mükafatı türk yazar Orhan Pamuka verilib.
Sancar Chaperl Hill-də xanımı Guen Sancar ilə yaşayır. Guen Sancar da professordur. Aziz və Guen Sancarlar Karolinadakı Türk Evinin qurucularıdır.
Sancarlar 2008-ci ildə Quzey Karolinadakı şəxsi mənzillərində yaratdıqları Türk Evini türk dünyasından olan tələbələrin və araşdırmaçıların ixtiyarına verib, orada türk-islam mədəniyyətini yaşatmaq üçün bir çox tədbirlər təşkil ediblər. Türk Evi Quzey Karolinada yaşayan türklər üçün həm də milli və dini bayramların keçirildiyi məkandır. Əziz Sancar həftəsonları Türk Evində Amerikada yaşayan türk ailələrin azyaşlı övladlarına Quran dərslərinin verilməsi üçün proqram hazırlayıb. Türk-islam dünyasının ABŞ-dakı əsas isimlərindən olan Aziz Sancar Doğu Türküstan üçün düzənlənən hər toplantıya şəxsən dəstək verib və bu dəstək davam etməkdədir.
Aziz Sancarla bağlı maraqlı faktlardan biri də onun heç zaman tətilə çıxmamasıdır. Bu haqda sualları cavablandıran Sancar deyir ki, onun üçün istirahət türkləri bir araya toplamaq və hər hansı mərasimi qeyd etmək, müxtəlif mövzular üzrə müzakirələr aparmaqdır.
Türkiyə mediası yazır ki, Aziz Sancar indiyə qədər yüzlərlə tələbə yetişdirib, Türkiyədəki vəqflərin xətti ilə yüzlərlə elmi konfransa çıxış edərək bildiklərini paylaşıb.
Sancarın yaxınları deyir ki, onun Mardindəki evinin divarlarından Oğuz Xaqanın və Ergenekondan çıxış tabloları əskik olmayıb, bütün fəaliyyəti boyu ülküçü ruhunu yaşadıb.
Aziz Sancarın 69 illik həyat hekayəsinin ən maraqlı səhifələrindən biri də Amerika Birləşmiş Ştatlarında yaşamağa başladığı ilk aylarda evinin damından Türkiyə bayrağını asdığı üçün polis bölməsinə aparılmasıdır. Bu olay 1979-cı il mayın 19-da baş verib. 19 may Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün Samsunda Qurtuluş Savaşını başlatdığı gündür və atatürkçü cameə hər il həmin günü Türkiyə dövlətinin təməlinin atılması günü kimi qeyd edir.
Alimi ilk təbrik edənlər çalışdığı Duke Universitetindəki həmkarları olub. Universitetdə düzənlənən mərasimdə çıxış edən Sancar çıxışında dünya gündəminin ən ciddi problemlərindən biri olan Suriya məsələsinə də toxunub: “Mən Türkiyənin Suriya sərhədinə yaxın kiçik bir qəsəbəsindən gəlmişəm. Bu gün hamımız Suriyada və yaxın ərazilərdə yaşanan faciələrin fərqindəyik. Hamımız bu problemin barışla həlli üçün çapalamalıyıq. Mən bizi ayıran yanaşmalar yerinə problemlərə elm gözü ilə baxılmasının gərəkdiyini düşünürəm”.
İndi Sancarların Mardindəki ata evlərində “Aziz Sancar muzeyi”nin açılmasına hazırlıq gedir. Alimin qardaşı Tahir Sancar bildirib ki, artıq bu məsələ ilə bağlı yerli hakimiyyət orqanları ilə danışıqlara başlanıb.
Cia.az