banner
banner

Sosİal

Havalar soyudu, “dəm qazı terroru” başladı...

Havalar soyudu,

Ekspert: “İnsanlar qazdan təhlükəsiz istifadə qaydalarını bilmirlər”

Havalar bir az soyuyan kimi dəm qazından zəhərlənmələrin sayı da artır. Hələ ki kəskin soyuqların olmamasına baxmayaraq, müxtəlif informasiya mənbələrində hər gün dəm qazından zəhərlənmə ilə bağlı xəbərlərə rast gəlirik. Sonuncu olaraq Şabranda dəm qazı bir gənc qadının həyatına son qoyub. Bəs hər il təkrarlanan və can almağa davam edən dəm qazı zəhərlənmələrinin səbəbi nədir? Bunun qarşısını necə almaq olar?
Azad İstehlakçılar Birliyinin kommunal məsələlər üzrə eksperti Nüsrət Qasımov dəm qazından zəhərlənmələrin başlıca təqsirkarının elə insanların laqeydliyi olduğunu bildirdi: “Qaz Amerikada da, İngiltərədə də metan CH4-dür. Onun tərkibi dəyişmir. Ən keyfiyyətli qaz isə Azərbaycan qazıdır. Yerdən çıxan qazın 94-96 faizi metandan ibarətdir. Bundan başqa, qaz  emal zavoduna gəlir və orada təmizlənir, daha sonra isə əhaliyə verilir. Qazın tərkibində heç bir zəhərli maddə yoxdur. Sadəcə olaraq, qazı yandıranda, onun yanma prosesi düzgün getməyəndə karbon 4 oksid əvəzinə, karbon monoksid - yəni dəm qazı ayrılır. Bu da insanı zəhərləyir. Əgər bir otaqda 1,4 faiz dəm qazı yığılıbsa, 7 dəqiqədən yarım saata qədər insan zəhərlənir, beyin toxumaları ölür və beləliklə, insanın həyatının sonu olur. Dəm qazından ölmələrə, zəhərlənmələrə səbəb insanların laqeydliyi və səhlənkarlığıdır. Bəzi mütəxəssislər deyir ki, dəm qazı iysizdir. Amma elə deyil. Dəm qazının sarımsaq iyinə bənzər iyi var. İnsanlar bu iyi hiss etsələr də, gözləri yaşarsa da, öz talelərinə laqeyd yanaşırlar. 
Qazın təhlükəsiz istifadə qaydaları istehlakçılar tərəfindən tez-tez pozulur. İnsanlar özbaşlarına qaz təmir edir, qaz quraşdırırlar. Qaz ustalarının lisenziyası olmalıdır. Qaz ustaları işə başlamadan əvvəl onlara naryad yazılmalıdır, təlimat verilməli, dərs keçirilməlidir ki, hərə əlinə bir çamadan alıb şəhərin canına "qaz ustasıyam" deyib düşməsin. Bu cür insanlar qazdan təhlükəsiz istifadə qaydalarını bilmirlər. Cihaz işləməyəndə onun gözünü deşib böyüdürlər ki, təmir etdim. Bu da abonentlərə sərf edir. Amma onlar bilmirlər ki, bunun nəticəsi pis olacaq”.
N.Qasımov dəm qazından zəhərlənmələrə bir səbəbin də qaz peçlərinin harada gəldi quraşdırılmasının olduğunu dedi: “Qaz peçini harada gəldi quraşdırmaq olmaz. Statistika göstərir ki, zəhərlənmələrin 90 faizi hamamxanada və yataq otağında olur. Qaz olan hamamın hündürlüyü 2 metr 20 santimetr olmaqla həcmi 7 kub metr olmalıdır. Hamamın qapısının aşağısında dəliklər olmalı və bayıra açılmalıdır. Eyni zamanda tüstü bacası düzgün işləməlidir. Tüstü bacası düzgün işləməyəndə dəm qazından ölüm halları baş verir. Qazdan təhlükəsiz istifadə qaydalarına görə ”pyatiminutka" deyilən su qızdırıcısının tüstü bacaları rübdə bir dəfə təmizlənməlidir. Digər yandırıcı cihazlar isə qış mövsümü qabağı təmizlənməlidir. 
 
Təəssüflər olsun ki, bu işi heç kim öhdəsinə götürmür. Qazdan təhlükəli istifadə qaydalarında yazılıb ki, bu işlə mülkiyyət sahibi özü məşğul olmalıdır. Əgər ev sənədi olan həyət evidirsə, bu işi ev sahibi görməli, yox, əgər hökumət evidirsə, bu işi yerli icra orqanları, mənzil istismar sahəsi həyata keçirməlidir. Təəssüflər olsun, 40 ildən çoxdur ki, bu işlə məşğul olan yoxdur. Tüstü bacaları öz ümidlərinə qalıb. İnsanlar da dərk etmir ki, tüstü bacası düzgün işləməyəndə o, dəm qazını içəri ötürür və beləcə otaqda olan insan zəhərlənir. Dörd gözlü qazlar quraşdırılan mətbəxin həcmi 15 kub metr olmalıdır. Yəni 2 metr 20 santimetr hündürlük saxlanılmaqla pəncərəsi olmalı, ventilyasiya kanalı olmalı və təbii işıq mənbəyi olmalıdır. Qaz yanan otaqda uzun müddət yatmaq, istirahət etmək olmaz. Ventilyator sistemi elə qurulmalıdır ki, həmin mənzillərin otağı bir saatda 3 dəfə dəyişilə bilsin. Bundan başqa, qaz yanan otaqlarda detektor deyilən qaz siqnal aparatı quraşdırılmalıdır. Bütün xarici ölkələrdə bu cihaz quraşdırılıb. Yalnız Azərbaycanda yoxdur. 10-12 manat qiyməti olan bu cihazı quraşdırmırlar, sonra da təqsirkar axtarırlar".
 
Bəs dəm qazı ilə zəhərlənməni necə müəyyən etmək olar? Dəm qazı ilə yüngül zəhərlənmə zamanı zərərçəkəndə başgicəllənmə, baş ağrısı, quru öskürək, ürəkbulanma, qusma kimi əlamətlər meydana çıxır. Daha ağır zəhərlənmə zamanı isə qıcolmalar, huşun uzun müddət itirilməsi, beyin ödemi, ürəyin zədələnməsi baş verir. Yadda saxlamaq lazımdır ki, kiçik yaşlı uşaqlar az miqdarda dəm qazından hətta həyatlarını itirə bilərlər!
 
Dəm qazı ilə zəhərlənmə zamanı ilk tibbi yardım olaraq  zərərçəkəni dərhal açıq havaya çıxarmaq (balkona, çölə), əynindəki paltarın yaxasını, kəmərini və sairə açmaq, ona yarıoturaq  vəziyyətdə saxlamaq (ağ ciyər ödeminin qarşısını almaq üçün), zərərçəkənin alnına, sinəsinə soyuq kompres qoymaq lazımdır. Əgər zərərçəkənin ürəyi dayanıbsa və nəfəs almırsa, dərhal reanimasiya tədbirlərinə başlamaq, yəni ürəyin xarici masajı və süni tənəffüs vermək lazımdır. Dəm qazı ilə zəhərlənmənin ilk əlamətləri meydana çıxan kimi dərhal təcili yardım çağırmaq lazımdır. Hətta zərərçəkənin vəziyyəti sizin göstərdiyiniz ilkin tibbi yardımdan sonra yaxşılaşsa  belə, yenə də təcili yardım çağırmaq vacibdir.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.