Böhran cəmiyyətin sosial strukturunda köklü və xoşagəlməz dəyişikliklərlə müşayiət olunur. Ənənəvi fobiyalara perspektivsizlik və işsizlik qorxusu qoşulur. İctimai siniflərin rolu, payı və tərkibi dəyişilir.
Əgər ilk zərbələr özlərini “orta sinif” kimi sırımağa çalışan, istehlakı özünütəsdiqə çevirən “ofis planktonu”na dəymişdisə, artıq istehsal sahələrində çalışanlar da sürətlə aktiv həyatı tərk edir. Bu ilimizin ən kütləvi qorxusu heç də müvəqqəti iş tapa bilməmək yox, ümumiyyətlə işsiz qalmaq qorxusudur. Və ən qəribəsi də odur ki, bu qorxu bürokratiyanı da çulğayıb - halbuki Azərbaycanda burjua məhz bürokrat-burjuadır (yəni, mülkiyyətə və firavanlığa aparan yol bürokrat olmaqdan keçirdi), indi isə Sistemin əsas dayağı olan bürokrat da xof içindədir.
Son illərə qədər müəyyən alternativlər qalmışdı. Kim ki çörək dalınca Rusiyaya və Türkiyəyə yollanmırdı, onların paytaxtda müəyyən iş tapmaq imkanı vardı. Belələri üçün tikinti və iaşə sahələrində yer tapılırdı, yaxud “Sədərək”də “nöqtə”, küçədə xırda dükan kirayələyə bilirdi. Rayonlardan gələn bir çox gənc Bakıda özlərini nəqliyyat sahəsində sınayırdı. İstənilən halda, müvəqqəti iş tapmaq olurdu (Baxmayaraq ki, bu işin nə müqaviləsi, nə sığortası vardı. Yəni, işçinin sosial hüquqlarından danışmağa dəyməzdi). Hamı razılaşırdı ki, “600 min yeni iş yeri” vədi sadəcə kağız üzərindədir və hər kəs özü xilas olmağa çalışmalıdır. Bu gündən baxanda o yaxın keçmiş az qala “tox illər” kimi görünür.

Hazırda vəziyyət tamamilə fərqlidir. İnsanların kütləvi şəkildə daimi iş yerlərini itirməsi prosesi gedir və bu, özünü bir çox emal sənayesi sahələrindən (neft, qaz, maşınqayırma) başlamış bank sisteminə və iaşə sahələrinə qədər hər yerdə göstərir. İxtisarlarla paralel həm də işləyənlərin gəlirlərinin faktik azalması prosesi də gedir. Dalbadal devalvasiyalar maaşların azalmasına gətirib çıxarır. Bu isə alıcılıq qabbiliyyətinin düşməsi və istehlakın azalması deməkdir. Kapitalizmdə istehlakın düşməsi özü ilə yeni “qüsurlu dövrə”ni - istehsalın azalmasını və yeni-yeni sahələrdə ixtisarı gətirir.
Müvəqqəti iş tapmaq ümidləri hazırda ümmumiyyətlə işsiz qalmaq perspektivi ilə əvəzlənir. Bu isə cəmiyyətdə yalnız sosial gərginliyin artması yox, psixoloji mühitin dəyişməsi deməkdir. Dünənki proletariat bugünkü prekariata çevrilir. “Prekariat” termini altında daimi iş yerindən məhrum olan insanları nəzərdə tuturlar. Böhran dövrlərində isə hamının işi müvəqqətidir. Nəticədə “yeni narahatlar” sinfi zühur edir. Bu, sosial şəbəkələrdə kütləşən və deqradasiya edən, həyati plandan, peşə identifikasiyasından məhrum, iqtisadi cəhətdən müdafiəsiz, öz qaynaq və dayaqlarını itirənlərin sinfidir.
Əslində prekariatın ayrıca bir sinfə çevrilməsi prosesi hələ bitməyib və davam etməyindədir. Ancaq böhranın sonsuzluğu, islahatların isə işartılarının görünməməsi (və bu, qlobaldır, yəni, dünyanın dörd tərəfindədir, yalnız bizim lokal problemimiz deyil) bu yeni sinfin formalaşması proseslərini də sürətləndirir.
Sosioloq Qay Stendinq bu barədə “Prekariat: yeni təhlükəli sinif” kitabını yazıb. O, prekariata yaxşı tanış olan 4 hissi sadalayır: narazılıq, anomiya (həyat oriyentirlərinin itirilməsi), narahatlıq və yadlaşma. İndi əvvəl özünüzə, sonra çevrilib ətrafınıza baxın - özünüzdə də, tanışlarınızda da bu əlamətləri elə asanlıqla tapacaqsız ki!

Prekariatda ictimai rəy olmur, çünki onlar toplum deyil. Odur ki, istənilən neqativi, qeyri-normallığı onlar donquldanaraq, ancaq əks-effektsiz qəbul edəcək. Çünki ən əsası yadlaşmanın şah hakimiyyətinə bələndiyi bu dünyada yaşamaq uğrunda mübarizənin tempindən geri qalmamaq və çarxların dişləri arasına düşməməkdir...
Prekariata deyirlər: o, bazarın tələblərinə uyğunlaşmağı bacarmalı və daima adaptasiya etməlidir. Ancaq demirlər - nəyə və necə? Və prekariatın daxilindəki ziddiyyətlər ayrı-ayrı fərdləri bir-birinə qarşı qoymaq üçün manipulyasiya üsulu kimi tətbiq edilir, nəticədə bu fərdlər anlaya bilmirlər ki, onların fəlakətlərinin səbəbkarı ictimai və iqtisadi strukturun özüdür.
Prekariat siyasi cəhətdən biganə, indefferent olur, bir sinif kimi formalaşanda isə onu mütərəqqi (və çətin) ideologiyalar yox, dini, millətçi və neofaşist çağırışlar cəlb edir. Elə buna görə də prekariat - təhlükəli sinifdir və elə buna görə də cəmiyyətin müsbət, qurucu ideologiyası olmalıdır.

Sonunda yoxsulluq modernləşir və yeni marginallar peyda olur. Bu marginallaşmanın həlli yolları da çox fərqlidir. Onlardan birincisi (mötədil yol) dövlətin sosial öhdəliklərini və rifah proqramlarını qismən də olsa yerinə yetirməyi tələb edir ki, nəticədə heç olmasa ifrat təbəqələşmənin qarşısı alınsın (yəni bu, radikal çıxış yolu deyil, ancaq heç olmasa simptomları zəiflədir).
İkinci yol - repressiv və reqressiv yoldur. Ona 1960-cı illərdə gettolarda baş verən qiyamlardan sonra ABŞ-da əl atıblar. Yəni, yoxsulları zorla təcrid edir, yoxsullar həm öz gettolarında, həm də türmələrdə kriminallaşdırılır (Məhz o vaxtdan başlayaraq ABŞ türmələrinin kontingenti durmadan artmaqda davam edir). Yəni, əslində bu yol yoxsulları fiziki və mənəvi məhv etmək yoludur.
Nəhayət üçüncü - mütərəqqi yolda rifah dövləti fundamental yenidənqurmaya məruz qalır. Radikal yeniliklər tətbiq olunur: universal əmək haqqı, sosial hüquqların genişləndirilməsi və əmək bazarında baş verən dəyişikliklərin təhlükəli nəticələrinin qarşısı effektiv şəkildə alınması. Hələlik yalnız onu demək olar ki, şəhər marginallaşması ilə mübarizə bizdə üçüncü (mütərəqqi) yolla aparılmır...
Cia.az


