Qudurğan, ictimai qaydaları kobud şəkildə pozan məmur övladlarının daha bir qovğası yanvarın 26-dan 27-nə keçən gecəyə təsadüf edib. Gecəyarısı Bakının Tiflis prospektindəki “Azpetrol” yanacaqdoldurma stansiyasına Az 90 HN 999 dövlət nömrə nişanlı “Bentley” avtomobili gəlib. Yanacaqdoldurma məntəqəsinin işçisinə aldığı benzinin qarşılığında maşının şüşəsindən 100 manatlıq uzadıb, qalıq pulun geri qaytarılmasını tələb edib.
Bu zaman əməkdaş ondan gözləməyi xahiş edib. Amma bu, “Bentley” sərnişinlərinin xoşuna gəlmir və onlar həmin oğlanla mübahisə etməyə başlayıblar. Nə baş verdiyini aydınlaşdırmaq üçün maşına yanacaqdoldurma məntəqəsinin mühafizəçisi Sadiq Bağırov gəlib və sərnişinlərə gözləməyi tövsiyə edib. Bu da ikinci qığılcıma səbəb olub. Maşından düşən “qoçular” S.Bağırovu mağaza tərəfə, təhlükəsizlik kameraları olmayan istiqamətdə sıxışdırıblar.
Bir neçə dəqiqə sonra isə hadisə yerinə ağ rəngli “Prado” gəlib. Bu maşından da idmançılar düşərək məntəqənin işçilərinin üstünə gedib və dava etməyə başlayıblar. Bundan sonra, “Bentley”in sürücüsü maşınından silah götürərək, “hamını güllələyəcəyəm” deyib. Amma dostu silahı onun əlindən almağa müvəffəq olub. Daha da hiddətlənən “Bentley” sürücüsü POS-terminalı götürərək Sadiq Bağırova başından zərbələr endirməyə başlayıb. Bundan sonra qoluzorlular çıxıb gediblər.
Məlum olub ki, qoluzorlu dəstənin başçısı general Məhərrəm Əliyevin qohumudur. Bu barədə KİV-lərdə yayılan informasiyanı generalın qardaşı, deputat Adil Əliyev təsdiqləyib. Adil Əliyev öz facebook səhifəsində bunları yazıb: “Dostlar, cinayət varsa, cəzası da olmalıdır. Uzaq qohumumuz olan İsa Əzizovun və dostlarının yanacaqdoldurma məntəqələrindən birində zorakılıq halına yol verdiyi bildirilir.
Biz uzaq qohum olaraq bu şəxsin əməllərinə cavabdeh deyilik. Onun ailəsinin böyüyü həmin şəxsi tənbeh etməlidir. Təəssüf ki, bəzi saytlar məsələnin mahiyyətini kənara qoyaraq sanki əllərinə fürsət düşmüş kimi başlığa İsa Əzizovun bizimlə qohumluq əlaqələrini ön plana çəkirlər. İsa Əzizovun hərəkətində qanunsuzluq təsbit olunarsa, o da hamı kimi qanun qarşısında cavab verəcək. Bunun başqa alternativi yoxdur.
Bəzi saytlarda yazıblar ki, guya adıçəkilən şəxs Kikboksinq Federasiyasının üzvüdür. Bu da kökündən yanlış xəbərdir, İsa Əzizovun yaxından, uzaqdan federasiyamıza aidiyyəti yoxdur, yarışlarımızda iştirak etməyib. Onun hansı idman növü ilə məşğul olması haqqında da məlumatım yoxdur. Hər gün ölkədə nə qədər cinayət hadisəsi baş verir. Bu kimi cinayətlər də onlardan biridir. Hər kəs özünə və ailə üzvlərinin hərəkətlərinə cavabdehlik daşıyır”.
Dəqiqləşdirmələr nəticəsində məlum olub ki, İsa Əzizov “8-ci km” bazarının sahibi Nadir Əzizovun oğludur. Eyni zamanda o, bir müddət əvvəl general Məhərrəm Əliyevin Pirşağıdakı bağ evini alıb. Jam.az yazır ki, İ.Əzizov orada bahalı quşlar saxlayır. Quşları kimsənin tutması, toxunması, hətta yaxınlaşması belə qadağandır. Əks təqdirdə, həmin şəxsin üzərinə Əzizovun “qoçu dəstəsi” göndərilir və məsələ “həll” edilir.
Ötən ilin mayında İsa Əzizov və dostları “Famous” karaoke klubunda qızları döyməklə gündəmə gəlmişdilər.
O zaman döyülmə faktı ilə bağlı Rusiya vətəndaşı Diana Babayeva və Elvina Əliyeva polisə ərizə ilə müraciət etmişdilər. Diana Babayeva həm də Rusiyanın Bakıdakı səfirliyinə müraciət etmişdi. Elvina Əliyevanın sözlərinə görə, İsa Əzizov onu döyüb və güclə maşına oturtmaq istəyirmiş. O zaman təhqirə məruz qalan aktrisa Diana Babayeva mətbuata açıqlamasında bildirmişdi ki, rəfiqəsi Elvina Əliyevanı döyən çempion İsa Əzizov qorxulu adamdır: “İsa Əzizovun bəyənib rədd cavabı aldığı qızların həyatı təhlükədədir. Bir neçə dəfə həmin klubda qızlara qarşı kobudluq edib. İsa Əzizovun ailə üzvləri mənə zəng edərək ərizəmi geri götürməyi, görüşməyi təklif edirlər. İsanın barəsində başqa bir cinayət işi olduğundan şikayətçi olmamağımı xahiş edirlər. Onlara dedim ki, sizin böyükdən də, kiçikdən də, hər birinizdən qorxuram”.
İndi məlıum olur ki, həmin dövrdə şikayət əsasında cinayət işi başlasa da, hüquq-mühafizə orqanları İsa Əzizovu tapa bilməyiblər. Ərköyün “bazarkom” oğlu daha bir zorakılığa yol verəndən sonra isə məlum olub ki, əslində onu heç kim axtarmırmış. Sonuncu insidentdən sonra Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Mahir İsgəndərov və İsa Əzizov müəyyən edilərək saxlanılıblar.
Aldığımız son məlumata görə isə artıq hər iki şəxs azad olunub. Qanunda edilən son dəyişikliklərə görə döyməyə görə cərimə nəzərdə tutulur. Odur ki, varlı-hallı məmur övladları, generalın qohumu və onun dostu artıq azadlıqdadır. 1000 manat cəriməni ödəyib sakitcə polis məntəqəsini tərk ediblər... (Musavat)
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.