İdman sağlamlıqdır deyirlər. Amma hərdən insan səhhətindəki problemləri nəzərə almadan etdiyi idman hətta həyatı itirməklə nəticələnə bilər. Elə bu günlərdə “Azerbaijan Coca-Cola Bottlers” (ACCB) şirkətinin baş direktoru Cem Becel Bakıdakı ticarət mərkəzlərinin birinin idman zalında məşq edərkən vəziyyəti pisləşib. Cem Becelin infarktdan öldüyü deyilir. Bir neçə gün əvvəl isə Türkiyənin məşhur iş adamı da idman edərkən vəfat etmişdi.
ABŞ tədqiqatçılarının apardığı araşdırmada bəlli olub ki, idman zamanı həddindən artıq su içmək də ölümə yol açan səbəblərdəndir. Tədqiqatçıların sözlərinə görə, idman zamanı yalnız susadığınız vaxtda su içməlisiniz.
Əgər adi vaxt su qəbul etsəniz, qandakı sodium səviyyəsi düşər və siz hiponatremiyaya girə bilərsiniz. Bu isə olduqca dəhşətlidir. Tədqiqat rəhbəri bu mövzu barəsində bildirib: “Həddindən artıq su içilən zaman qanda sodium azalır. Böyrəklərdə isə çoxlu su toplanır və daşır. Artıq suları hüceyrələr müəyyən hissələrə ötürür. Bunun sayəsində bədənin bir çox sahələrində şişlər əmələ gəlir. Əgər bu şişlər beyində də yaranarsa, siz komaya girə bilərsiniz. Bu isə ölümə yol açır”.
Hərəkətsizlik də insanda müxtəlif xəstəliklər yaradır. Buna görə də mütəxəssislər həftədə 2-3 saat, ya da hər gün 30 dəqiqə fitnesslə məşğul olmağı məsləhət görürlər. Əgər ağır məşqlər edirsinizsə, o halda hər gün 10-15 dəqiqə idman kifayət edir. Hər gün idmanla məşğul ola bilmədikdə isə daha çox hərəkətdə olmağa çalışın, ya da 10-15 dəqiqə təmiz havada yeriyin.
İdmanın hansı hallarda insanı öldürə biləcəyi məsələsinə gəlincə isə tanınmış məşqçi Kamil Zeynalov buna səbəbin idmana gələnlərin öz səhhətləri barədə məlumat verməməsi olduğunu dedi: “İstər qadın, istərsə də kişi məşqə gələrkən səhhətlərində problem olduğunu demirlər, özlərini sağlam göstərmək istəyirlər. Məşq zamanı ürək bulanma, baş gicəllənmə, ürəkgetmə halları baş verəndən sonra deyirlər ki, filan problemim vardı.
İdman zallarında belə bir qayda yoxdur ki, hər hansısa şəxs məşqə gəlmədən öncə həkim qəbulunda olsun və sağlamlığına dair kağız gətirsin. Mən də o kağıza baxıb qəbul etdiyim şəxsin hansı problemlərinin olduğunu bilib ona uyğun məşq proqramı tətbiq edim. Mənim yanıma kimsə gələndə ilk öncə soruşuram ki, bədənində nə problemin, nə xəstəliyin var. Hansı müalicəni almısan və ya hansı əməliyyatı keçirmisən. Bütün suallarıma cavab tapandan sonra ona uyğun proqram deyirəm. Ayaqda valekozdu, ürək xəstəliyi, zobu, şəkəri olan xəstələr var ki, həmin insana qaçmaq, tullanmaq pis təsir edə bilər. Həmin xəstələrə uyğun proqramlar veririk ki, xəstəyə ziyanlı olmasın”.
Məşqçi K. Zeynalov xəstə insanların məşqinin ölümlə belə nəticələnə biləcəyini dedi: “Heç kim bu hadisələrdən sığortalanmayıb. İnsanların xəstəliklərini gizlətməsi hətta həyatlarına son qoya bilər. İnsanlar bəzən arıqlayan zaman ac qalırlar, elə bilirlər ki, sağlamlıqdı. Bu isə bədənin taqətdən düşməsinə səbəb olur. Bəzən insanlar ac və ya içkili vəziyyətdə məşqə gəlirlər. Bu isə olduqca zərərlidir və ən son nəticədə bu insanların ölümü ilə nəticələnə bilər”.
Tibb elmləri doktoru, professor Adil Qeybulla bir çox hallarda insanın ürəyinin fiziki yükə tab gətirə bilmədiyini dedi: “İdman zamanı ölümün müxtəlif səbəbləri ola bilər. Ürəyin qəflətən dayanması deyilən bir hadisə var ki, buna elektrik dayanma deyirlər. Bunun isə səbəbi indiyə qədər aydın deyil. İdman zamanı ölən ”Azerbaijan Coca-Cola Bottlers" (ACCB) şirkətinin baş direktorunun ürəyində çox güman ki, problem olub. Əlbəttə ki, bu, araşdırılmalı idi. Çox vaxt insanlar buna əhəmiyyət vermirlər. Digər tərəfdən isə bəzən fiziki yükün səviyyəsi ürək üçün həddən artıq çox olur. Ürək döyüntülərinin sayı 160-dan yuxarı qalxanda ürək əzələsi dayanır. Ola bilər ki, bu şəxsdə də hansısa ilkin bir xəstəlik olub. Yaxud da fiziki yükə dözə bilməyib. Bu cür hadisələr bir çox idmançıların başına gəlir. Məsələn, futbolçular bəzən futbol meydançasında keçinir. Çünki ürək fiziki yükə tab gətirə bilmir. Buna görə də insan idmana getmədən əvvəl yoxlanılmalı, fiziki yük səviyyəsi müəyyən edilməlidir".
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.