banner
banner

Sosİal

Dərman qıtlığı: Kimə və niyə sərf edir…

Dərman qıtlığı:

Xəbər verdiyimiz kimi, son aylar apteklərdə dərman qıtlığı yaranıb. Qıtlıq xüsusilə qiymətlər Tarif Şurası tərəfindən tənzimlənəndən sonra müşahidə edilir. İnsanlar həyatı üçün vacib olan dərman preparatlarını tapa bilmirlər. Hətta ağrıkəsici, antibiotik və ya vitaminlər də “yoxa çıxıb”. Xəstələr həkimin təyin etdiyi dərmanları almaq üçün şəhərin bütün apteklərini gəzməyə məcbur olurlar.

Virtualaz.org saytının əməkdaşlarının Bakı apteklərində keçirdiyi sorğular da qıtlığın olduğunu təsdiqləyib.

“Əvəzləyicisini alın”

Metronun “Əhmədli” stansiyasının yaxınlığındakı “Zəfəran” aptekində əczaçı təqdim etdiyimiz reseptdəki dərmanların əvəzləyicilərini təklif edir. Hətta ürəkbulanmasına qarşı istifadə edilən “Serukal” iynəsi də satışda yoxdur.

Yaxınlıqdakı digər aptekdən isə əvvəllər 2 manata satılan “Emoksipin” göz damcısı istəyirik. Məlum olur ki, bu damcı daha ölkəyə gətirilmir, onu “Emoksi-optik” dərmanı ilə əvəzləyirlər. “Talfun” göz damcısı da “yoxa çıxan” dərmanlar sırasındadır. Növbəti baş çəkdiyimiz aptek metronun “Xalqlar Dostluğu” stansiyasının çıxışında yerləşir. Aptekdə “Spazmalqon” ağrıkəsicisini soruşuruq. Əczaçı isə onun əvəzinə “Ketanol” təklif edir.

 

Xərçəng xəstəliyinin müalicəsində istifadə olunan “Oksiprogesteron” da apteklərdə tapılmır. Əvvəllər 11-13 manata satılan iynələr indi ölkəyə gətirilmir. Həkimlər isə bu dərmanın əvəzləyicinin effekt vermədiyini deyirlər.

Metronun “28 may” stansiyasının yaxınlığında yerləşən dərman deposunda da “Oksiprogesteron” yoxdur. Saytın əməkdaşı bu dərmanı şəhərin müxtəlif istiqamətlərində 10-a yaxın aptekdən soruşub. Bəlli olub ki, bu dərmanı almaq üçün əvvəlcə sifariş vermək lazımdır.

Bəzi apteklərdə “Dimedrol”, “Baralgin” iynələri yoxdur. Məsələn, metronun “Nərimanov” stansiyasının çıxışındakı aptekdə bu iynələrin satıldığını, yalnız bir-iki günə gətiriləcəyi bildirildi.

“Nazoneks” burun spreyinin qiyməti isə iki dəfə artıb. Amma bu sprey də bəzi apteklərdə satılmır. Mədə xəstəliyinin müalicəsində istifadə olunan “Nexium” həblərini almaq üçün ən azı 5-6 aptekə baş çəkmək lazımdır.

Əvəzedicilər təsir göstərmir…

“Olmayan dərmanların yerinə əvəzedicilər təklif edirik. Lakin əksər hallarda xəstələr əvəzedicilərlə razılaşmırlar”.

Bunu isə aptek sahibi Nəriman Məmmədov deyir. Onun sözlərinə görə, dərmanlar əsasən Hindistan, Rusiya və Türkiyə istehsallı dərmanlarla əvəz edilir. “Firma dərmanlarının qiyməti həmişə yüksək olub. Amma əvəzedicilər nisbətən ucuzdur. Buna baxmayaraq, alıcılar çox zaman əvəzedicilərlə razılaşmırlar. Məsələn, “Stugeron”, “Betaserk” həblərinin əvəzedicilərinin istənilən effekt verməməsindən şikayət edilir”, - deyə N.Məmmədov əlavə edir.

Digər apteklərdə apardığımız müşahidələr göstərir ki, qiyməti dövlət tərəfindən tənzimlənməyən, manatın ucuzlaşmasından sonra 2-3 dəfə bahalaşdırılan dərmanlar satışda var. Ucuz və daha çox istifadə edilən dərmanlar isə tapılmır.

Adının açıqlanmasını istəməyən firma rəhbəri isə əksini deyir. Onun sözlərinə görə, qiymətlər Tarif Şurası tərəfindən tənzimlənəndən sonra dərman qıtlığının yaranacağı gözlənilən idi. Çünki firmalara ucuz dərman gətirilməsi təklif edilir. Dollar bahalaşandan sonra isə dərman gətirilməsi sərf etmir.

“Akvamed” firmasından isə deyiblər ki, anbarda kifayət qədər dərman ehtiyatları var. Firma ürək xəstəliklərinin müalicəsində istifadə edilən, o cümlədən allergiya və öskürəyə qarşı dərmanlar gətirir.

“Evroplus” firmasından da dərman ehtiyatı olduğunu, “Avromed”in deposuna vaxtlı-vaxtında dərman verildiyini deyiblər.

Qeyd edək ki, bu ilin fevralında Tarif (qiymət) Şurası daha 600-dən çox dərman vasitəsinin qiymətini təsdiqləyib. Beləliklə də, 5651 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti və qüvvəyə minmə tarixi təsdiq olunub. Şuranın açıqlamasında qeyd olunur ki, dərmanların qiyməti 2 dəfədən çox, 8 faizinin qiyməti 3 dəfədən çox aşağı salınıb. Ümumilikdə, dərmanların 60 faizinin qiyməti aşağı salınıb.

Tarif Şurası qiymətlərin tənzimlənməsindən sonra dərman qıtlığının yaranması  iddiası ilə razılaşmır.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi də dərman qıtlığının yaranmadığını, satışda kifayət qədər əvəzedicilərin olduğunu açıqlayır. Mərkəzin rəsmi saytında alternativ dərmanlarla bağlı siyahı yerləşdirilib. Belə görünür ki, ümid yenə də əvəzləyicilərə qalır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.