banner
banner

Gündəm

Azərbaycan-İran sərhədində faciəvi olay - 5 nəfər güllələndi

Azərbaycan-İran sərhədində faciəvi olay -
Mart ayının 13-də Yardımlı rayonunun Daşkənd kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin pozulmasının qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi məlumat yayıb. 
Məlumata görə, saat 04:10 radələrində xidməti sahədə işarəverici qurğunun işə düşməsi nəticəsində 8-10 nəfərdən ibarət bir qrup şəxsin Azərbaycan Respublikasından İran İslam Respublikası  istiqamətində hərəkət etməsi aşkar edilib və sərhəd pozucularının saxlanması üzrə tədbir keçirilib. Qaranlıq və sıx dumanlıq şəraitində təqib olunan sərhəd pozucuları sərhəd naryadının “dayan” çağırışına və xəbərdarlıq atəşinə məhəl qoymayaraq onlara qarşı silahlı müqavimət göstəriblər.
 
Rəsmi xəbərdə deyilir ki, “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə tam uyğun olaraq sərhəd pozucularına qarşı silah tətbiq olunub. Nəticədə sərhəd pozucularından 5 nəfər yaralanıb, 2 nəfər isə saxlanılıb. Dərhal hadisə yerinə gələn hərbi həkimlər qrupunun tibbi yardımına baxmayaraq yaralanmış sərhəd pozucularının həyatını xilas etmək mümkün olmayıb.

Qanunsuz olaraq dövlət sərhədini pozan qrupun Banqladeş vətəndaşlarından və onlara bələdçilik edən silahlı şəxslərdən ibarət olması müəyyənləşdirilib. Hadisə yerinə baxış zamanı atılmış ov tüfəngi patronları, 1 ədəd “Browning” markalı tapança aşkarlanıb.
 
Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komanndanı general-polkovnik Elçin Quliyevin rəhbərlik etdiyi qrup martın 13-də hadisə yerinə gedib. Faktla bağlı Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq tərəfindən əməliyyat-axtarış və istintaq tədbirləri aparılır.
Qeyd edək ki, bundan əvvəl dəfələrlə Banqladeş vətəndaşlarının Azərbaycandan qaçaq yolla İrana keçmək istəyinin qarşısı alınıb. Sonuncu belə hal bu ilin yanvarında Füzuli rayonunun Əhmədalılar kəndinin ərazisində baş vermişdi və əcnəbi qaçaq saxlanmışdı. Keçən ilin 19 dekabrında isə Biləsuvar rayonu ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan İran istiqaməntində dövlət sərhədini pozmağa cəhd göstərərkən 7 nəfər Banqladeş Xalq Respublikası vətəndaşı saxlanılmışdı.   
 
Azərbaycanda Banqladeş vətəndaşları polis tərəfindən saxlanılıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumata görə, Yardımlı rayonunda müvafiq qeydiyyatları və icazələri olmadan Azərbaycan ərazisində yaşayan 4 Banqladeş vətəndaşı saxlanılıb. Qanunvericiliyə uyğun olaraq həmin şəxslərin respublikanın hüdudlarından kənara çıxarılması məsələsi həll olunur.
 
Yardımlı ilə bağlı isə sonuncu belə hadisə yanvarın 15-də baş vermişdi. Həmin gün saat 02:30 radələrində qeyri-qanuni yolla İran İslam Respublikasına keçməyə cəhd göstərən 9 nəfər Banqladeş Xalq Respublikası və bir Hindistan Respublikası vətəndaşları saxlanılmışdı. Onlar Yardımlı rayonunun Deman kəndi ərazisindəki zastavanın xidməti sahəsində alınmış əməliyyat məlumatı əsasında həyata keçirilən tədbirlər nəticəsində dövlət sərhədindən keçmək istəyərkən tutulmuşdular. Belə görünür ki, Azərbaycan-İran marşrutu üzrə bir marşrut var və artıq banqladeşli qaçqınları durdurmaq üçün Azərbaycan sərhədçiləri silaha əl atmalı olur. 
 
İstirahət günü olduğundan son hadisə ilə bağlı rəsmi qurumlardan əlavə məlumat almaq mümkün olmadı. Belə ki, Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluqla əlaqə saxlaya bilmədik. Hadisə ilə bağlı müxtəlif şayiələr yayılıb. Güllələnərək öldürülənlərdən ikisinin yerli sakin olduğu iddia edilir. Hadisə nəticəsində əsgərlər arasında da yaralananların olduğu barədə xəbərlər dolaşır. 
Ans press-in məlumatına görə, öldürülənlərin 3-ü banqladeşli, 2-si isə Yardımlı rayonunun Ostayir kəndinin sakinləridir. Öldürülən Ostayir sakinləri Rəhimov Sadiq Teyyub oğlu və Qasımov Əkbər Əjdər oğlu olub.
Mövzunu davam etdirəcəyik.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.