banner
banner

Gündəm

Türkiyə terror xəbərdarlığı panikasında

Türkiyə terror xəbərdarlığı panikasında
Almaniyanın Ankaradakı səfirliyi martın 17-dən etibarən fəaliyyətini dayandırıb.
Terror təhlükəsi ilə bağlı Almaniyanın İstanbuldakı konsulluğu da fəaliyyətini müvəqqəti dondurub.
Almaniya Xarici İşlər Nazirliyi vətəndaşlarını Taksim meydanını ziyarət etməkdən çəkinməyə çağırıb.
Almaniya təhlükənin haradan qaynaqlandığını bildirməsə də, Türkiyədə terror təhlükəsinin yüksək olduğunu bildirib.
Bu arada Türkiyənin paytaxtı Ankara şəhərində martın 13-ü baş verən terror hücumu ilə bağlı məsuliyyəti “Kürdüstan Azadlıq Şahinləri” (TAK) təşkilatı öz üzərinə götürüb.
Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, PKK terror təşkilatının bir qolu kimi tanınan TAK bu barədə rəsmi internet səhifəsində açıqlama yayıb və terror aktını Səhər Çağla Dəmirin reallaşdırdığını qeyd edib.
Bundan öncə isə Ankarada fevralın 17-də baş verən terror aktının məsuliyyətini öz üzərinə götürən TAK ABŞ-ın terror təşkilatları siyahısında yer alıb.
Ankarada terror hadisəsini törədən ikinci terrorçunun adı da açıqlanıb. “Trend”in məlumatına görə, bu barədə Türkiyənin “Hurriyet” qəzeti ölkənin hüquq-mühafizə orqanlarına istinadən məlumat verib.
 
Həmin terrorçunun 26 yaşlı Türkiyə vətəndaşı Özgür Unsal olduğu bildirilib.
Qəzetin verdiyi məlumata görə, Ö.Ünsal Ankaraya 6 il əvvəl Zonquldak əyalətindən gəlib.
Daha bir xəbər də özünü demokratiyanın beşiyi  hesab edən Belçika rəhbərliyi barədədir. Məlum olub ki,  ölkə rəhbərliyi Brüsselin mərkəzində PKK və PYD terrorçuları üçün yas çadırının qurulmasına icazə verib. Axar. az. “Yeni Şəfəq” qəzetinə istinadən xəbər verir ki, Brüsselin mərkəzində qurulan çadırda Avropa Birliyindən (AB) bütün dünyaya terror mesajı verilib. PKK lideri Abdullah Öcalanın şəklinin yer aldığı mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı təhqiredici afişalar asılıb.
 
AB-nin mərkəzindəki çadır müəyyən qruplar tərəfindən etirazla qarşılanıb.
 
***
Ankarada baş verən dəhşətli terror hadisəsindən sonra Türkiyə ictimaiyyətində yenidən prezident Rəcəb Tayyib Ərdoğanın istefası məsələsi gündəmə gəlib. Hesab olunur ki, PKK və ona bağlı olan terrorçu qruplar bu qanlı teraktları prezident Ərdoğanın siyasətinə etiraz olaraq həyata keçirirlər.  
 
Məsələ ilə bağlı münasibətini bildirən Ərdoğan isə onun istefasını istəyənlərə aşağıdakı kimi cavab verib:“Ərdoğan Türkiyənin başından gedərsə terror gedər, demokratiya gələr deyirlər. Kim deyir bunu? Terror təşkilatının Qəndildəki rəhbəri. Başqa kim deyir? Amerikanın buradakı diplomatları, bəzi köşə yazarları... Bəs yaxşı, Ərdoğan gedərsə doğrudan da, terror gedər, ölkəyə demokratiya gələr? Terrorun Türkiyədəki tarixi 35 ildir. Həmin dövrlərdə iqtidarda deyildim, ona nə deyəcəksiniz? Kızılayda bomba partladaraq insanların ölümünə səbəb olan terror təşkilatının demokratiya ilə nə əlaqəsi ola bilər. Terror təşkilatı lideri ilə eyni dildə danışanlara terrorçu deyil, bəs nə deyəcəyik?”
 
Türkiyədə partlayışların səbəbkarı Ərdoğan siyasətidirmi?
 
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, terrorun bitməsini Ərdoğanın istefası ilə bağlamaq məntiqsiz yanaşmadır: “Belə çıxır ki, bu gün prezident sarayında Ərdoğan deyil, Kamal Kılıcdaroğlu, yaxud da Dövlət Baxçalı olsa PKK atəşkəs elan edəcək? Onlar belə olarsa tələblərindən vazmı keçəcəklər? 40 ildir PKK Türkiyədə terror törədir.  Bu dövr ərzində Türkiyə rəhbərliyində başqa şəxslər də olublar.  Ancaq PKK öz niyyətlərindən əl çəkməyib. Əksinə,  Ərdoğan 2000-ci illərdə gələn kimi  ”Kürd açılımı" siyasətini ortaya qoydu ki, bu məsələni danışıqlar yolu ilə həll etsinlər. Neçə il atışma, ölüm-itim olmadı. Məlum oldu ki, kürdləri heç  “Kürd açılımı” maraqlandırmayıb. Ərdoğan bu istiqamət üzrə çox addımlar atdı. Kürdlərin televiziya yayımları, kürdcə məhkəmədə özünü müdafiə hüququ, kürd dilinin geniş yayılması, adların kürdcə qoyulması üçün şəraitin yaradılması və digər bu kimi addımları  Ərdoğan atdı. Lakin göründü ki, PKK-nın məqsədi Türkiyəni bölərək Kürdüstan yaratmaqdır. Bununla da  nəyinki Ərdoğan, Türkiyənin heç bir ağlı başında olan lideri razılaşmaz".
 
Politoloq bu fikrin haradan yayılması ilə bağlı da münasibətini bildirib: “Bu kimi fikirləri onunla izah edirlər ki, bu günlərdə PKK-nın liderlərindən olan Cəmil Bayık açıqlama  verdi ki, guya onların müharibəsi Ərdoğanladır. Ərdoğan da gedənə qədər savaşacaqlar.  Həmin şəxsin də sözlərini təkrarlayan siyasətçinin də belə çıxır ki, PKK-dan heç bir fərqi yoxdur.  Bu, həmin şəxsin PKK ilə eyni mövqedən çıxış etməsi anlamına gəlir”.
 
Məsələ ilə bağlı politoloq Qabil Hüseynli isə “Yeni Müsavat”a bildirib ki, Ərdoğanın getməsi, Türkiyənin bölünməsi təhlükəsinə səbəb olar: “İndiki məqamda bu iqtidar gedərsə, terrorçular daha da geniş əl-qol açarlar, Türkiyə çox təhlükəli xaosa sürüklənər. Hətta qardaş ölkə parçalanmaq təhlükəsi qarşısında qala bilər. Heç kim elə zənn etməsin ki, bu gün Ərdoğan iqtidarı getsə, Türkiyədə terror aktları dayanacaq. Əksinə, daha dəhşətli hadisələr bundan sonra başlaya bilər”.
Cia.az 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.