banner
banner

Gündəm

Akif Çovdarovun məşhur obyektini dağıtdılar

Akif Çovdarovun məşhur obyektini dağıtdılar
Ləğv olunmuş MTN-in sabiq idarə rəisi, həbsdə olan general Akif Çovdarovun Bakdakı məşhur obyekti buldozerlə dağıdılıb. İş prosesinin gedişində yaxınlıqdan keçən yolu da bağlayıblar. Akif Çovdarov həmin obyektin tikintisinə 2011-ci ildə başlayıb. 

İnşaatçılar obyektin tikintisini bu il - 2016-cı ilin yayında yekunlaşdırmalı idilər. İşin bu tərəfi də var ki,  Zərifə Əliyeva adına göz klinikasınının  arxasındakı “Zeytun bağı”nda yerləşən 4 mərtəbəli obyektin tikintisi sona çatmaq üzrə olduğu bir vaxtda qanunsuz tikili elan olunub və sökülür. Sökənlər Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələridir. Ağır texnika 5 ildir tikilən obyektin beton-dəmir konstruksiyalarını dağıtmağa çətinlik çəkib. Obyekti çox keyfiyyətli materiallardan tikiblər.

Ərazidəki lövhədən məlum olur ki, Akif Çovdarov orada idman-sağlamlıq kompleksi inşa etdirirmiş. Ötən 5 il ərzində Akif Çovdarovun qorxusundan obyektə rəsmilərdən kimsə yaxınlaşmağa cürət etməyib. Söküntü-dağıntı ilə əlaqədar əraziyə gələn məmurlar mətbuat nümayəndələrindən Akif Çovdarov vəzifədə olanda ora gəlib ağacların kəsilməsini dayandırmaqdan çəkindiklərini gizlətməyiblər. Məmurların çəkinmək üçün real əsasları olub. Axı Akif Çovdarovun jurnalistlərə qarşı özbaşınalıqlarından məmurlar da xəbərdar olublar. Düşünüblər ki, yaxınlaşıb ağacların kəsilməsi ilə maraqlansalar, özlərinin “nəfəsini kəsərlər”...
 
Bu həmin məşhur ərazidir ki, Akif Çovdarov 2008-ci ildə orada jurnalisti boğub öldürmək istəmişdi. Aqil Xəlil onun əlindən sivişib çıxmasaydı, bu gün jurnalistin o dünyada olması ehtimalı da böyük idi. Bu gün biz Aqil Xəlilin xəbərini Fransadan almazdıq... 
 
Məsələ belə olmuşdu ki, jurnalist Aqil Xəlil ərazidə zeytun ağaclarının kəsilməsi haqda xəbər aldıqdan sonra oradan reportaj hazırlamağa getmişdi. Jurnalist peşə borcu yerinə yetirərkən özünü ərazinin ağası hesab edən bir zat jurnalistin kimliyi ilə maraqlanmış, əlindən fotoaparatını almağa cəhd etmişdi. Aqil Xəlilin barmağını burub sındıran, fotoaparatın ipi ilə onu boğmağa cəhd edən şəxsin kimliyi çox keçmədən bəlli oldu. Mətbuatda jurnalisti öldürmək istəyən şəxsin fotoları yayılandan sonra aydın oldu ki, bu Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisi Akif Çovdarovdur. Mətbuat nümayəndələri bu zatın adını 2005-ci ildə “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən sonra eşitmişdi. Onun qətlin təşkilatçılığında  iştirakı haqda məlumatlar vardı. Akif Çovdarov hazırda Bakı İstintaq Təcridxanasındadır. Çeşidli cinayətləri törətməkdə ittiham olunur. Sahibkarlara qan uddurmaqda, onlardan xərac almaqda ad çıxarıb. Bu gün sökülən həmin 4 mərtəbəli obyektdə A.Çovdarovun şəxsi vəsaiti nə qədər olub, bunu özü bilir. Amma şübhə də yoxdur ki, həmin obyekt var olmasında Akif Çovdarovun idarəsindən keçən yüzlərlə sahibkarlın cibinin pulu hesabına ucaldılırdı. Bu gün tar-mar olunan həmin obyektin altında qalan təkcə ərazidə kəsilən yüzlərlə zeytun ağacı deyil. Jurnalist Aqil Xəlilin tökülən qanı üzərində həmin obyektin özülü qoyulmuşdu... 
 
Bu gün 4 mərtəbəli obyektin dağdılmasında ilahi ədalət axtaranlar da var, “sökmək lazım deyildi” deyənlər də. İndi kimin haqlı olmasının elə də ciddi əhəmiyyəti yoxdur... 
Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.