Orta məktəblərdə dərs ilinin iyunun 14-dək uzadılması bir çox valideynlərin narazılığına səbəb olub. Valideynlər uşaqların artıq dərs qavraya bilmədiklərini, beyinlərinin yorulduğunu deyir. Hətta uşaqlarda kitab-dəftərə qarşı psixoloji olaraq ikrah hissinin yarandığını iddia edənlər də var.
Şagirdlərin və müəllimlərin hazırda məktəbdə nə etdiyini öyrənmək üçün bir neçə məktəbə baş çəkdik. Məktəblərdə kifayət qədər uşaq vardı.
61 saylı məktəbdə uşaqların bəziləri məktəbli formasında deyildi. Onların məktəbli olduğunu yalnızca kürəklərindəki məktəbli çantasından bilmək olurdu. Həmin şagirdlərdən niyə məktəbli formasında olmamalarının səbəbini soruşduqda onlar belə daha rahat olduqlarını, geyimlərinə görə məktəbdə onlara irad tutulmadığını dedilər. Gördüyümüz mənzərə bir sıra məktəblərdə artıq dərs keçilmədiyini deməyə əsas verirdi.
Bəzi məktəblərdə şagirdlər dibçəkləri, digər əşyaları sinif otaqlarından çıxarır və başqa bir yerə daşıyırdılar. Bir sözlə, müəllimlər artırılan bu 14 günü şagirdlərin bilik öyrənməsinə yox, sinifləri yığışdırmağa həsr edir. Əlində dibçək daşıyan 4-cü sinif şagirdi Elman siniflərini səliqəyə saldıqlarını deyirdi: “Birinci dərsi keçdik, sonra da başladıq sinfimizi yığışdırmağa. Müəlliməmiz dedi ki, məktəbli paltarı geyinməsəniz də olar. Üstünüz batmasın”.
9-cu sinif şagirdi olan bir şagird isə dərs saatı olmasına baxmayaraq məktəbin həyətində gəzirdi. Uşaqdan dərs zamanı çöldə niyə gəzdiyini soruşduqda o, “dərs yoxdur, elə belə oturmuşduq, mən də icazə alıb çölə çıxdım, evə gedəcəm” deyə cavab verdi.
Dərs ilinin iyunun 14-nə kimi uzadılmasını şagirdlərin əksəriyyəti müsbət qarşılamadığını bildirdi. Bəziləri isə “məktəbə gəlirik vaxtımız gedir, evdə oturub neyniyəcəyik ki, burda gəlib sinif yoldaşlarımızla oynayırıq” deyə cavab verirdilər.
Övladını dərsdən götürməyə gələn Aynurə Əliyeva adlı valideyn uşağın artıq yorulduğunu və heç nə qavramadığını deyir: “Uşaq evə gələn kimi əzgin halda uzanır, oynamağa belə halı qalmır. Hətta hər səhər oyadıb məktəbə gətirərkən uşaq yalvarır ki, mən artıq məktəbə getmək istəmirəm, istirahət etmək istəyirəm”.
Söhbətə qatılan digər valideyn isə uşağın məktəbinə görə istirahətə gedə bilmədiklərini dedi: “Məncə, bu qərar yanlışdır. Məktəbin vaxtını 15 gün uzatmaq istəyirdilərsə, bunu iyuna yox, sentyabra salardılar. Dərslər sentyabrın 1-i başlayıb, mayın 31-i də yekunlaşardı. İndi hava bir az sərindir. Kim deyə bilər ki, gələn il də iyun ayı belə sərin olacaq?! İyunun 14-nə kimi uzadıblar ki, uşaq dərs oxusun. Axı oxuya bilmirlər, yorulublar”.
Müəllimlər də vəziyyətdən narazı idilər. “Adımı deməyim, sonra işimdən olaram” deyən bir müəllim də uşaqların beyinlərinin yorğun olduğunu söylədi: “Uşaqlara dərs keçirik. Uşaq sənə qulaq asır, amma ona dediklərimiz çatmır, fikri yayınır. Çünki beyin yorulub. Biz valideynlərə tövsiyə edirik ki, uşaqları yay tətilində kursa qoymasınlar. Ən azı onlara bir ay istirahət versinlər”.
Bir sözlə, baş çəkdiyimiz bir neçə məktəbdə gördüyümüz mənzərə doğrudan da uşaqların iyun ayında dərs olmasına hələ ki psixoloji cəhətdən hazır olmadıqlarını deməyə əsas verir.
Təhsil Şurasının sədri Əjdər Ağayev bildirdi ki, artırılan iki həftənin yeri düzgün tapılmalı, sentyabrın əvvəlinə əlavə edilməlidir: “Dərs ili iyunun 14-dək uzadılıb. Amma buna ehtiyac yox idi. Əslində təhsil müddəti uzadılmayıb. İllər öncəki vəziyyətinə qayıdıb. Əvvəllər sentyabrın 1-i məktəb başlayırdı. İndi sentyabrın 15-də başlayır. 2 həftəni tədris ilinin əvvəlindən götürüb axıra artırıblar. Bu da uzatma deyil, sadəcə olaraq, yerdəyişmədir. Valideynlər də deyir ki, iyun ayı artıq uşaqların yorğun vaxtıdır, proqram da qurtarıb. Heç kəs bu iki həftənin əksinə deyil. Sadəcə olaraq, bu iki həftənin yerini düzgün tapmaq lazımdır. Dərs ilinin axırında əlavə olunan o iki həftəyə uşaqlarda psixoloji hazırlıq yoxdur. Mən də təhsil ilinin sentyabrın 1-i başlayıb mayın sonunda bitməsinin tərəfdarıyam. Sentyabrın 1-i yenidən bilik günü kimi elan edilsin. Bu uşaqların normal fəaliyyətinə təsir edəcək”.
“XXI Əsr” Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti Etibar Əliyev isə əksini düşünür. Ekspert bildirir ki, dərs müddətinin iyunun 14-nə kimi uzadılması əslində insanlarda qorxu, ajiotaj yaratmamalı idi: “Biz dərs müddətinin uzadılmasından özümüz qorxur, həm də uşaqları qorxuduruq. Halbuki təhsil sistemləri inkişaf etmiş ölkələrdə uşaqları məktəbə daha çox bağlamağa çalışırlar. Bizdə şagirdlərin yay tətilinin müddəti 3 aydır. Bayramları da buna əlavə etsək, ən böyük tətillər elə bizim məktəblərdədir. Dərs ilinin iyunun 14-də bitməsini çox şişirtdilər. Uşaqların 2 həftə dərsə getməsinin nə ziyanı ola bilər? Bəziləri deyirdi ki, isti olacaq, göydən od ələnəcək, uşaq məktəbə gedə bilməyəcək, yaxud bu onların psixoloji durumuna mənfi təsir göstərəcək və sairə. Bilik qazanmaq istəyi insanın psixoloji durumunu niyə pisləşdirməlidir? Bütün dünyada məktəblilər üçün yay ekskursiyaları, yay məktəbləri təşkil edirlər ki, onların tətil müddəti maraqlı keçsin. Onlar sosiallaşmadan və təhsildən kənarda qalmasınlar. Bizdə bunlar olmadığı üçün bu 2 həftə müddətindən müəllim də, şagird də, valideyn də narazıdır. Dərslikləri tətil vaxtı uşaqlardan yığırlar. Uşaqların tətil müddətində dərsləri təkrarlamaq imkanları məhdudlaşdırılır. Bu 14 gün onlar üçün zərərli deyil. Gələcəkdə dərs ili sentyabrın 1-də başlasa, dərslər mayın sonunda bitəcək. Təhsil Nazirliyi dərs müddətinin uzadılmasını şagirdlərin ziyanı üçün düşünməyib. Bu, valideynin, şagirdin, müəllimin xeyrinə edilir. Qəzetlər bu vahiməni, qorxunu aradan qaldırmaq üçün müəyyən maarifləndirmə işlərinə qoşulmalıdırlar. Əslində mən zənn edirdim ki, birinci gündən valideynlər bunu sevinclə qarşılayacaqlar ki, uşaqlar 14 gün də əlavə təhsil alır. Amma çox təəssüflər olsun ki, biz bunun əksinin şahidi olduq. Müəllimin əsas vəzifəsi tədris etdiyi fənn proqramının mənimsənilməsinə nail olmaqdır. Əgər bu baş vermirsə, dərs ilini uzatmaq gündəmdən çıxmayacaq. İqlim şəraiti ilə bağlı təşvişə düşmək də lazım deyil. Elə ölkələr var ki, havanın temperaturu 50 dərəcə isti, yaxud 20-30 dərəcə soyuq olur. Onda belə çıxır ki, həmin ölkələrdə məktəblərdə dərslər dayanmalıdır?”
Cia.az