“BakuBus” hesabat verdi: 163 sürücü məsuliyyətə cəlb olunub
“BakuBus”un 163 sürücüsü məsuliyyətə cəlb olunub". Bunu “Yeni Müsavat”a açıqlamasında “BakuBus” MMC-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur Piriyev deyib. O, “BakuBus”la bağlı hər bir sərnişin şikayətinin qeydiyyata alındığını və araşdırıldığını bildirdi: “*4242 qaynar xəttinə daxil olan hər bir müraciətin araşdırılması zamanı aşkar olunmuş çatışmazlıqların həlli işin daha da səmərəli təşkil olunmasına imkan yaradır.
Onu da qeyd edim ki, daxil olan müraciətlərdə marşrut xətləri ilə bağlı məlumatlar istəyən, sürücü kobudluğu ilə bağlı şikayət edən, itmiş əşyalarla, intervallarla bağlı müraciət edən sərnişinlər üstünlük təşkil edir. Əlbəttə, daxil olan hər bir şikayət qeydiyyata alınır və onun əsasında mütəxəssislər tərəfindən araşdırmalar həyata keçirilir.
”BakuBus" avtobuslarında quraşdırılmış 24 saat görüntüləri qeydə alan videokameralar araşdırma zamanı obyektiv nəticə çıxarılması üçün işimizi xeyli asanlaşdırır. Təbii ki, əgər sərnişinin şikayəti əsaslı olarsa və sürücünün qayda pozuntusu əyani şəkildə sübuta yetirilərsə, həmin sürücü haqqında qanunvericiliyə uyğun olaraq tədbir görülür.
2015-ci ilin sentyabr ayından bu günədək sərnişin müraciətləri, aşkar olunmuş nizam-intizam və digər qayda pozuntuları əsasında 163 sürücü müvafiq olaraq müxtəlif səbəblərdən intizam məsuliyyətinə (töhmət, şiddətli töhmət) cəlb olunub. 59 nəfər sürücü vəzifə səlahiyyətlərini düzgün icra etmədiyinə görə və ciddi qayda pozuntuları əsasında işdən azad olunub. Bundan əlavə, göstərilən dövr ərzində 65 nəfər sürücüyə xidməti fəaliyyətində aşkar olunmuş nöqsanlara görə xəbərdarlıq edilib, 184 nəfər sürücü isə avtobusa vurduqları maddi ziyana görə müxtəlif məbləğlərdə cərimə olunub".
M. Piriyev daxil olan şikayətlərin arasında əsassızların olduğunu da dedi: “Məsələn, qapını döydüm sürücü açmadı, pəncərəni açmaq istədim, sürücü icazə vermədi, avtobusda temperatur çox aşağıdı, yaxud istidi, kondisioneri sürücü qoşmadı və yaxud avtobus gec gəldi. Təbii ki, bütün müraciətlərə aydınlıq gətirilir. Avtobusun gecikmələri ilə bağlı müraciətlər isə əsasən səhər saatlarında, xüsusən 8:30 - 9:00 radələrində daxil olur. Bu müraciətlərin də araşdırılması zamanı aydın olur ki, əksər hallarda tıxac və ya işçi heyəti çox olan, idarə, təşkilat və müəssisənin qarşısında baş verən gecikmələrlə bağlı olur. Bu cür müraciətlərin araşdırılması isə daha az zaman alır. Çünki hərəkətdə olan avtobuslarımız mütəxəssislər tərəfindən onlayn şəkildə böyük monitorda izlənilir, hətta hər hansı gecikmə olarsa, bunu sərnişinlərdən də öncə bu sahəyə məsul əməkdaş görür və dərhal aradan qaldırılması üçün tədbirlər həyata keçirir. ”BakuBus" həmişə olduğu kimi gələcək fəaliyyətində də daxil olan müraciətləri və sərnişin məmnunluğunu daim diqqət mərkəzində saxlayacaq".
Sərnişinləri narahat edən bir problem də paytaxtda fəaliyyət göstərən çirkli, kondisionersiz avtobuslarla bağlıdır. Daxil olan şikayətlərdə sərnişinlər Bakının bir çox istiqamətlərində işləyən avtobusların “BakuBus” avtobusları ilə əvəz edilməsini istəyir.
Maraqlıdır, isti yay günlərində “cəhənnəmi” xatırladan bu avtobuslar nə vaxt səliqəli, kondisionerli avtobuslarla əvəz olunacaq?
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova gələn ilin may ayından etibarən kondisionersiz avtobusların olmayacağını dedi: “İlkin olaraq planda ”BakuBus" avtobuslarının şəhərin mərkəzi istiqamətində 14 marşrut xətti üzrə fəaliyyət göstərməsi vardı. Amma hazırda “BakuBus” avtobusları 9 xətt üzrə istifadədədir. “BakuBus” avtobuslarının şəhər kənarlarında xəttə buraxılması məsələsi gündəmdə deyil. Bu avtobuslar ilkin vaxtdan ancaq mərkəz üçün nəzərdə tutulub. Bəlkə gələcəkdə “BakuBus” avtobuslarının Bakıətrafı qəsəbələrə, kəndlərə işləməsi nəzərdə tutula bilər. Amma hazırda bu barədə hansısa qərardan söhbət gedə bilməz. Paytaxtda gələn il, may ayının 25-dən etibarən kondisionersiz avtobuslar olmayacaq. Təhlükəli, həm komfort, həm də təmizlik etibarı ilə standartlara cavab verməyən avtobuslara gəlincə isə həmin avtobuslarla bağlı birmənalı şəkildə sentyabr ayından çox ciddi monitorinqlərin nəticəsi olaraq tədbirlər görüləcək. Hələ ki biz müəyyən bir vaxt verdik. Bilirsiniz, daşıyıcılarla bağlı qərarı tez vermək olmur. Daşıyıcıların çox istifadə etdiyi avtobusların durumlarını müqayisə edib birdən-birə xətdən çıxarmaq nəqliyyatın hərəkətində xaos əmələ gətirə bilər. Ona görə də hələ ki bunu mərhələli şəkildə edirik. Sentyabr ayından bu məsələlərin həllinə başlanılacaq. Bu avtobusların “BakuBus”la əvəz olunması haqqında qərar isə hələ ki yoxdur".
"Bakı kartl"ara balans yükləmək üçün bir sıra dayanacaqlarda terminalların olmaması məsələsinə gəlincə isə N.Allahyarova dayanacaqların 80 faizində terminalların olduğunu dedi: “”BakuBus" avtobuslarının keçdiyi dayanacaqların 80 faizində, həmçinin metro stansiyalarının giriş və çıxışlarında “Bakı kart” aparatları və ya milliÖn “Bakı kart”a inteqrasiya olunub, quraşdırılıb. Dünyanın heç bir yerində kart aparatları, ödəmə terminalları hər bir dayanacaqda olsun deyə bir qayda yoxdur. İnsanlar bilməlidirlər ki, onların götürdükləri kartda müvafiq məbləğ olmalıdır. Yəni hər dəfə 20 qəpik vurmamalıdırlar. Bəzi dayanacaqlarda terminalların olmaması aparatın çox baha olması ilə də izah olunur ki, bu da yavaş-yavaş həllini tapacaq".
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.