“Yeni Müsavat”ın ötən sayında xəbər vermişdik ki, ləğv edilmiş MTN-in həbsdəki sabiq generalı Akif Çovdarovun və onunla birgə tutulan digər 4 MTN-çinin məhkəməsi üzrə hazırlıq iclası keçiriləcək. Məhkəmənin keçiriləcəyi yerin dəyişdirilməsinin səbəbi Sabunçu Rayon Məhkəməsinin inzibati binasında məhkəmə zallarının geniş və daha müasir şəraitdə təchiz olunması ilə bağlıdır.
Məlumatda həmçinin bildirilir ki, Sabunçu Rayon Məhkəmə Kompleksi 2015-ci ilin 21 oktyabrında istifadəyə verilib. Müasir informasiya-kommunikasiya texnologiyalarının quraşdırıldığı bina inzibati və ictimai zonalara bölünür. Hər iki zonanın girişi ayrıdır. İnzibati zona hakimlər və məhkəmə işçiləri, ictimai zona isə vətəndaşlar üçün nəzərdə tutulub. Ədliyyə Nazirliyinin icra şöbəsinin əməkdaşları, dövlət ittihamçıları və vəkillər ictimai zonadan istifadə edir. Bununla da hakimlər və vətəndaşlar arasında münasibətlər məhdudlaşdırılır və onlar yalnız məhkəmə iclas zallarında görüşürlər.
A.Çovdarovun prosesi keçiriləcək məhkəmə zalında audio-videoyazılışları aparan “Femida” sistemi quraşdırılıb ki, bunun köməyi ilə prosesi məhkəmədən də kənarda canlı izləmək və yayınlanmasını təmin etmək mümkündür. MTN generalları məhkəmə zamanı gülləkeçirməz xüsusi şüşə qəfəsdə saxlanılacaqlar. Burada onların vəkillə birbaşa və rahat əlaqə saxlaması üçün müvafiq qurğu da var. Maraqlıdır ki, məhkəmə zalında əcnəbi şəxslərin iştirakı zamanı tərcümə xidmətlərinin göstərilməsi üçün xüsusi yer ayrılıb.
Bu isə bizə indiyədək Azərbaycanda keçirilmiş səs-küylü məhkəmə prosesləri zamanı istifadə olunan üsullar, önləyici tədbirlər barədə xatırlatma etməyə səbəb oldu. Məlumdur ki, tutulan şəxsin siyasi baxımdan strateji olması onun məhkəmədə danışacaqlarını da avtomatik olaraq sığortalama zərurəti yaradır. Bunun üçün də şüşə kameralar, prosesin qapalı keçirilməsi və ya jurnalistlərin zala müəyyən məhdudiyyətlərlə buraxılması bu tədbirlər sırasına daxildir.
Bəs şüşə kamera? Ondan bu günə qədər kimlərə qarşı istifadə olunub və nəticəsi necə olub?
Sabiq deputat Gülər Əhmədovanın 2014-cü ildə Bakı Apelyasiya Məhkəməsində keçirilən məhkəmə prosesi zamanı şüşə kameradan istifadə olunmuşdu. Sabiq deputat çox zaman səsini və sözlərini jurnalistlərə duyura bilmirdi. Zaman-zaman mikrofonu söndürülür və danışmasına şərait yaradılmırdı. Ona görə də müvəkkili ilə konfindensial danışmaları üçün onun şüşə kabinədən çıxarılıb, yanlarında oturdulmasının vacibliyini vurğulamışdı. Dövlət ittihamçısı isə həmin vəsatətin təmin olunmamasını xahiş etmişdi. Onun sözlərinə görə, vəkilləri G.Əhmədova ilə kifayət qədər görüşə bilir və proses zamanı gizli danışıq üçün şərait yaradıldığını dedi.
Sabiq deputatın bu məsələdə mövqeyi isə aşağıdakı kimi idi: “Mənə qarşı ayrı-seçkilik edilir. Bir ildir ki, Bakı İstintaq Təcridxanasında saxlanılıram. Orada dələduzluqda təqsirləndirilən kifayət qədər qadın var. Hamısı məhkəmədə vəkillərin yanında əyləşirlər. Hətta 3 dəfə 178-lə məhkəməyə cəlb olunan şəxslər də vəkillərinin yanında otura bilirlər. Yeganə adamam ki, mənə qarşı ayrı-seçkilik edilir. Mən terrorist deyiləm, adam öldürməmişəm. Mən bu dövlətə, prokurorluğa nə etmişəm ki? Birdəfəlik deyin ki, səndən xoşumuz gəlmir”.
Əli İnsanov: “Mənim danışmağım sədrin əlində olan düymədən asılıdır”
Eyni münasibət sabiq səhiyyə naziri Əli İnsanova qarşı da olub. Bakı Apelyasiya Məhkəməsində sabiq səhiyyə naziri Əli İnsanovun Nəsimi Rayon Məhkəməsinin çıxardığı qətnamədən verdiyi apelyasiya şikayəti üzrə keçirilən prosesdə şüşədən qəfəs hazırlanmışdı. Və ümumiyyətlə, jurnalistlər ilk dəfə Ə.İnsanovun məhkəməsində şüşə qəfəslə tanış olmuşdular. Bundan başqa, məhkəmə binasının girişində jurnalistlər daha ciddi şəkildə yoxlanıblar. Yoxlamalar mülki formada olan hansı xidmətə mənsub olmaları bilinməyən şəxslər tərəfindən həyata keçirilib. Fotoaparat, diktofon və telefonlar media mənsublarından alınıb. Məhkəmə binasında çoxlu mülki şəxslər olub. Onlar jurnalistlərin kimlikləri ilə bağlı suallarına “məxfidir” deyə cavab veriblər. Məhkəmə zalında da həmin mülki şəxslər olub. Əli İnsanov zala gətirilən kimi onu şüşə qəfəsə salıblar və qapını arxadan bağlayılar. Sabiq nazir oradan nəsə demək istəsə də onun səsi eşidilməyib. Məlum olub ki, Ə.İnsanov salındığı şüşə qəfəsdə mikrofon quraşdırılıb və yalnız hakim mikrofonun düyməsini basanda onun səsi eşidilə bilər.
Sabiq nazirin “şüşə qəfəs” məsələsinə münasibəti isə aşağıdakı kimi olub: “Ali Məhkəmənin sədri Ramiz Rzayev plenumda açıq-aşkar bildirdi ki, Azərbaycan müstəqil dövlətdir, Avropa Məhkəməsinin qərarını icra onlar üçün göstəriş ola bilməz. Azərbaycan hökuməti Avropa Məhkəməsinin qərarını icra etmədiyinə görə heç bir məsuliyyət daşımadığını güman edərək hazırkı apelyasiya baxışını da mənim hüquqlarımı kobud şəkildə pozmaqla aparır. Mən heç bir qanuni əsas olmadan səs buraxmayan şüşə qəfəsdə saxlanıram, məhkəmə iclasında danışmağıma imkan verilmir. Mənim danışmağım məhkəmə iclasına sədrlik edənin əlindəki düymədən asılıdır. Məhkəmə zalında danışılanları eşitmirəm, mənim danışığım isə məhkəmə zalında eşidilmir. Yanvarın 31-də məhkəmə iclasında fasilə zamanı vəkilim qəfəsə yaxınlaşaraq kağızda yazdığı qeydi mənə göstərmək istədikdə xüsusi xidmət orqanlarının əməkdaşları onu itələyərək mənimlə ünsiyyətə imkan verməyiblər. Məhkəməyə sədrlik edən hakim vəkillərin bununla bağlı müraciətinə əhəmiyyət verməyib və vəkillərimin hər hansı vəsatəti təmin edilməyib”.
Xədicə İsmayılova: “Şüşə qəfəs... prokuror mənim təhlükəsizliyimin qayğısına qalırmış...”
Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclasında da şüşə qəfəs peyda olub. Hakim Ramella Allahverdiyeva sədrlik etdiyi prosesdə X.İsmayılovanın vəkili Fariz Namazlı bir sıra vəsatətlərlə çıxış edib. F.Namazlı müdafiə etdiyi şəxsin şüşə qəfəsdən çıxarılaraq vəkilin yanında əyləşdirilməsini tələb etsə də, buna əməl olunmayıb.
Prokuror Ramazan Hadıyev isə jurnalistin şüşə kabinədən çıxarılmasının onun təhlükəsizliyi baxımdan yolvrerilməz olduğunu deyib. X.İsmayılovann “şüşə qəfəs” məsələsinə münasibəti isə ironic olub:“Prokuror mənim təhlükəsizliyimin qayğısına qalırmış, lap riqqətə gəldim, bir azdan gözlərim yaşaracaq. Amma özümü birtəhər ələ alıb münasibət bildirəcəm. Bu cinayət işinə elə hazırlıq iclasında xitam verilməli idi. Mənə heç bir əmlak etibar edilməyib ki, onun mənimsəyim, yaxud israf edim. Vergi ödəməyə məsul şəxs də olmamışam. Heç kimi özünü öldürmə həddinə çatdırmamışam. Tural Mustafayev məndən nə vəzifəcə, nə də maddi baxımdan asılı olub. Mən bu işlərin subyekti deyiləm”.
Ekspertlər isə deyir ki, dünyanın bütün ölkələrində şüşə qəfəsdən istifadə olunur. Artıq Azərbaycan məhkəmələrində də içində mikrofon qurulan şüşə qəfəslər yerləşdirilir. Bu, beynəlxalq standartlara uyğun bir haldır. Amma ittiham olunan şəxsin sözünün kəsilməsi, mikrofonun söndürülməsi qanun pozuntusudur. Ümumilikdə isə şüşə qəfəs beynəlxalq standartlarla tənzimlənən məsələdir. Bu, təqsirləndirilən şəxsin təhlükəsizliyini təmin etmək üçün seçilən məkandır. Dəmir qəfəslər bəzən tənqidə məruz qaldığı üçün şüşə qəfəs təcrübəsinə keçilib.
Azərbaycanda isə şüşə qəfəslər daha çox siyasi baxımdan strateji olan şəxslərin məhkəməsində istifadə olunur. Məqsəd bu məhkumların prosesdə danışa biləcəyi bəzi “siyasi mətləblər”in qarşısını vaxtında almaqdır. Çünki onlar çıxışlarında hakimiyyət əleyhinə ciddi ittihamlar, bəzi uyğun olmayan mətləbləri səsləndirə bilərlər. Bunun qarşısını almaq isə birbaşa hakimdən asılı olur - düyməni basır və səs yayılmır.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.