banner
banner

Sosİal

Məktəbdən evə “köçənlər”

Məktəbdən evə “köçənlər”
Valideynlər üçün uşağını məktəbə yola salmaq əlavə bir əziyyət, yükdür. Və təkcə mənəvi yox, maddi yük. Çünki əlavə ödəmələr, ciddi nizam-intizam qayğısı, bəzən məktəbdəki hədiyyə, pul yığımı qayğısı valideynləri əlavə çıxış yolları haqda düşünməyə vadar edir. 

Müasir valideynlər bu məsələdə xeyli praktik və zirəkdilər. Çıxış yollarından biri uşağı “qaçqın məktəb”lərindən birində qeydiyyata salıb, orda dərsə gəlməməsini təmin etmək, daha sonra isə məşğələlərə yollamaqdır. Amma məsələni daha qanuni yolla da həll edənlər var. Bu isə “evdə məktəb” sistemidir. Bəli, uşaq evdə oturur, müəllimlər ona məktəb həyatında olduğu kimi dərs keçir, müntəzəm olaraq qiymət verir, imtahandan keçirir. 

Siyahıda 30-a yaxın xəstəlik var - kim hansı xəstəliyi daşıyırsa... 
 
Evdə təhsil almaq üçün şagirdin hansısa xəstəliyi olmalı və müvafiq qurumlara bunu təsdiqlədəcək sənəd verməlidir. Bu qayda Nazirlər Kabinetinin 2002-ci il 10 may tarixli 77 saylı qərarı ilə təsdiq edilib. Qərara görə, xəstəliyi olan uşaqlar evdə məktəb proqramı ilə təhsil almaq hüququndan yararlana bilər. Bu xəstəliklər qruplara bölünüb: somatik, nevroloji, cərrahi, anadangəlmə, dəri, psixonevroloji, ruhi xəstəliklər. Yəni şagird bu xəstəliklərin birindən əziyyət çəkirsə, onun avtomatik olaraq evdə təhsil alma imkanı yaranır. Xatırladaq ki, hər qrupa azı 30-a yaxın xəstəlik daxildir, onların hamısını sadalayıb vaxt itirmək istəmirik. 
 
Şagirdin xəstəliyi təsdiqlənəndən sonra hansı mərhələlərdən keçmək lazımdır? Evdə fərdi təhsil alan şagirdlər məktəbə xəstəxana, poliklinika və dispanserlərin verdiyi sənədlər əsasında rayon (şəhər) psixoloji-tibbi-pedaqoji komissiyaların qərarı ilə qəbul olunur. Bu növ təhsilə orta məktəblərə sentyabrın 1-dək 6 yaşı tamam olan, xüsusi məktəblərdə isə (əqli cəhətdən qüsurlu) 7 yaşı tamam olan, səhhətinə görə orta məktəbdə oxuya bilməyən uşaqlar cəlb olunur. Evdə fərdi təhsilə cəlb edilən şagirdlər məktəbə aşağıdakı sənədlərə əsasən qəbul olunur: məktəb direktorunun adına ərizə; doğum haqqında şəhadətnamənin surəti; müvəffəqiyyət cədvəli (ilk dəfə təhsilə cəlb edilənlər istisna olunmaqla); şagirdlərin şəxsi işi (ilk dəfə təhsilə cəlb   edilənlər istisna olunmaqla); yaşayış yerindən arayış;  psixoloji-tibbi-pedaqoji komissiyanın  göndərişi.
 
Uşaq evdə, qiymətləri məktəb jurnalında... 
 
Bu mərhələlərdən sonra isə digər vacib detallar yoluna qoyulur. Evdə fərdi qaydada təhsil alan şagird məktəbə və ya ərazidəki yaxın məktəbə cəlb olunur , onun təlim-tərbiyəsinin təşkili bu məktəbə həvalə olunur. “Təhsil haqqında” Qanuna uyğun olaraq evdə təhsil üç pillədən ibarətdir: ibtidai (I-IV siniflər); əsas (V-IX siniflər); orta (X-XI siniflər).
Şagirdlərin evdə təhsilə qəbulu il boyu aparılır. Məşğələlər sentyabrın 1-də başlayıb mayın 25-də başa çatır. Dərs ili müddətində tətillər “Ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi” əsasında verilir. Evdə dərs məşğələləri ümumtəhsil proqramı ilə 45, xüsusi təhsil proqramı ilə 40 dəqiqə müəyyən edilir. Gündəlik dərslərin miqdarı I pillədə 2, II və III pillədə 3 saatdan artıq ola bilməz. Fərdi təlim planları hazırlanarkən psixoloji-tibbi-pedaqoji komissiyanın rəyinə üstünlük verilir.
 
II pilləni uğurla başa vuran şagirdlərə əsas məktəbi bitirmək barədə şəhadətnamə, III pillənin məzunlarına orta təhsil haqda attestat verilir. Evdə fərdi məşğul olan şagirdlərin dərs cədvəli oxuduğu məktəbin sinif rəhbəri tərəfindən valideyn və müəllimlərlə razılaşdırılır, direktor tərəfindən təsdiq olunur. Bu şagirdlər də ümumtəhsil və ya xüsusi məktəblərin (şagirdin inkişaf xüsusiyyətinə müvafiq) Təhsil Nazirliyinin təsdiq etdiyi tədris planı əsasında təhsil alır. Onların dərslərinə sinif rəhbəri, proqramın yerinə yetirilməsinə və bu zaman tətbiq edilən metodiki işə təlim-tərbiyə işi üzrə direktor müavini, bütün prosesin gedişinə isə direktor məsuliyyət daşıyır. Bilik səviyyəsi isə ardıcıl olaraq rüblər üzrə sinif jurnalında qeyd olunur. Sinifdən-sinfə keçirilməsi, məktəbi bitirməsi də müvafiq qaydada sinif jurnalında öz əksini tapır.

Müəllim könüllülük əsasında işləyir, məcbur etmək olmaz 
 
Bəs “evdə məktəb” yaradan müəllimlərin məvacibi necə tənzimlənir? Müəllimin əməkhaqqı tabelik qaydasında, rayon (şəhər) təhsil şöbələri tərəfindən yerinə yetirilən proqram materialları əsasında təsdiq olunmuş stavkaya uyğun ödənilir. Şagirdin psixoloji inkişaf xüsusiyyəti sinif rəhbəri və məktəbin psixoloqu tərəfindən işlənir, ailə üzvlərinin xəstəyə baxması üçün şərait və ya fasilələr yaradılır. Amma hansısa pedaqoqu zorla bu işə cəlb etmək olmaz. Bu kateqoriyadan olan uşaqlarla işləyəcək müəllimlərin arzusuna üstünlük verilməlidir. Məktəb rəhbərləri hər il mayın 25-dən iyunun 25-dək evdə təhsil alan şagirdlərin o məktəblərdə, yaxud başqa məktəblərdə təhsillərini davam etdirmək üçün siyahılarını psixoloji-tibbi-pedaqoji komissiyanın təsdiqinə verməlidir. Evdə fərdi qaydada təhsil alan şagirdlərlə işləyən pedaqoji işçinin, mütəxəssisin seçilməsində könüllülük prinsipinə əməl olunmalı, həmin kateqoriyadan olan uşaqlarla işləyəcək müəllimlərin arzusuna üstünlük verilməlidir.
 
Şagirdlərin evdə təhsilə qəbulu il boyu aparılır. Məşğələlər bir qayda olaraq sentyabrın 1-də başlayır və mayın 25-də başa çatır. Dərs ili müddətində tətillər “Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi Əsasnaməsi” əsasında verilir. Evdə dərs məşğələləri ümumtəhsil proqramı ilə 45, xüsusi təhsil proqramı ilə 40 dəqiqə müəyyən edilir. Gündəlik dərslərin miqdarı I pillədə 2, II və III pillədə 3 saatdan artıq ola bilməz. Fərdi təlim planları hazırlanarkən psixoloji-tibbi-pedaqoji komissiyanın rəyinə üstünlük verilir. 
 
Müəllimlərin əməkhaqqı hesablanarkən ümumi qaydalarla yanaşı “Sağlamlıq imkanları məhdud olan uşaqların təhsili (xüsusi təhsili) haqqında” Qanuna uyğun olaraq 50 faiz əlavə ödənilir. Müəllim evə getmədən (dərs demədən) əməkhaqqı alırsa, bu hal saxtakarlıq hesab olunur. Belə hal aşkar edildiyi halda qanunvericiliyə uyğun tədbir görülür. 
 
Evdə təhsil alan uşaqlarla ayda 20 manat müavinət...
 
Nazirlər Kabineti “Xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün müavinətin həcminin müəyyən edilməsi haqqında” qərarında dəyişiklik edib.
 
Dəyişiklik evdə təhsilə cəlb olunan uşaqların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün ayrılacaq vəsaitlə bağlıdır.
 
Dəyişikliyə əsasən evdə təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün ayda 20 (iyirmi) manat həcmində müavinət müəyyən edilib.
 
9 min nəfər evdə təhsil alır? 
 
Təhsil Nazirliyinin 2012-ci ildə verdiyi statistikada ölkədə təxminən 60 min əlil uşağın olduğu yer alıb. Onlardan 1105 nəfəri ixtisaslaşdırılmış, 2664-ü internat, 1353-ü gecə məktəblərində qalır, 7750-i evdə təhsil alır. Digər məlumatda isə ölkə üzrə sağlamlıq imkanları məhdud olan 9 min nəfərə yaxın uşağın evdə təhsil aldığı bildirilir.
Xatırladaq ki, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısının və evdə təhsilin təşkili qaydalarının təsdiq edilməsi barədə” qanunun 17-ci maddəsində göstərilir ki, ümumtəhsil məktəblərində oxumaq imkanı olmayan sağlamlıq imkanları məhdud uşaqların təhsili onların və valideynlərinin arzusu ilə ev şəraitində təşkil edilir. Müvafiq icra hakimiyyəti orqanları sağlamlıq imkanları məhdud uşaqların evdə təhsil almasına hərtərəfli şərait yaradırlar.
 
Nazirlər Kabinetinin qərarı ilə evdə təhsilə icazə verən xəstəliklərein siyahısı da tərtib edilib.
 
Xaricdə də bu sistem var, amma... bəyənən yoxdur
 
 Psixoloqlar iddia edir ki, heç də hər uşaq bu cür tədris sistemində uğur qazana bilmir. Bir çox ölkələrdə məktəblinin bu sistemə keçməsi üçün psixoloq rəyinə ehtiyac olur. Uşaqlar öncə xüsusi testdən keçir. Testin nəticələrinə görə, bu sistemi qavramırsa, onun adi məktəbdə oxuması məsləhət görülür. Amerikalı pedaqoqlar isə bu sistemə dözümsüz yanaşır. Onlar deyir ki, uşağı dörd divar arasına qapatmaq müsbət nəticə vermir: “Məktəbdə oxumayan uşaq cəmiyyətdən təcrid olunur. Bəs onlar gələcəkdə cəmiyyətin həyatı ilə ayaqlaşa biləcəkmi? Uşağı hər kiçik problem qarşısında evə qapatsaq, gələcəkdə qarşısına çıxacaq problemləri necə həll edəcək? Həm də dərsi məktəbdə qavramaq daha asandır, nəinki evdə”.
 
ABŞ-ın müsəlman ailələri arasında evdə təhsil verənlərin sayı günbəgün artır. “Vaşinqton Post” qəzetinin məlumatına əsasən, müsəlmanlara qarşı xoşagəlməz davranışların və ayrı-seçkiliyin artması ilə yanaşı uşaqlarının yüksək İslam təhsili almasını istəyən müsəlmanlar ABŞ-da bir zamanlar yalnız dindarların haqqı olan evdə təhsil seçimindən istifadə edir. Amerikada belə uşaqların sayı 2 milyondur. Onların çoxu məktəbdə keçilən dərsləri bəyənməyən xristian ailələrin uşaqlarıdır.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.