“Mosul əməliyyatı gözlədiyimizdən də sürətli gedir. Silahlı qüvvələrimiz Mosul ətrafında kənd və qəsəbələri sürətlə təmziləyirlər”. Bu sözləri Parisdə keçirilən Mosul əməliyyatına həsr olunmuş konfransa videogörüntülü bağlantı ilə qatılan İraqın baş naziri Heydər İbadi deyib. Eyni zamanda o, əməliyyat zamanı insan haqlarının pozulmasının qarşısını alacaqlarını deyib.
2014-cü ildə yerli hakimiyyətin xəyanəti nəticəsində İraqin ikinci böyük şəhəri Mosul cüzi müqavimət nəticəsində İŞİD-ə təslim olmuşdu. Bu hadisə İraqda siyasi böhrana, hökumət dəyişikliyinə səbəb oldu. Ancaq həmin vaxtdan İraq ordusu iki dəfə Mosul əməliyyatı planlasa da, bu əməliyyatlar təxirə salındı. Yalnız bu həftənin ilk günü İraq ordusu bir neçə ay davam edən hazırlıqdan sonra Mosulun azad edilməsi əməliyyatına başlayıb. Və rəsmilərin də bildirdiyinə görə, hazırda əməliyyat uğurla davam edir.
Lakin hər nə qədər uğurlu olsa da, Mosulun tamamilə təmizlənməsi zaman alacaq. Üstəlik, bu mövzuda ciddi fikir ayrılıqları var və ordakı xalqların taleyi, hakimiyyət bölgüsü kimi mövzular ciddi mübahisələr yaradıb. Türkiyə hökuməti də əməliyyatda iştirak etmək istəsə də, Ankaraya bu icazə verilmədi. Gələn son bilgilərə görə, Ankaranın hava əməliyyatlarında iştirak etməsi üçün Amerika ilə razılıq əldə olunub.
Mosul əməliyyatınınb gedişi, gözlənilən nəticələr, türkmənləri taleyi ilə bağlı sualları Türkiyənin Aksaray Universitetinin müəllimi, Yaxın Şərq mütəxəssisi, əslən İraq türkmən bölgəsindən olan Ziya Abbasa ünvanladıq.
- Mosul əməliyyatının sürtələ getməsi və başa çatması ehtimalı nə qədərdir? İraqın baş naziri və amerikalı mütəxəssislər əməliyyatın sürətli getdiyini deyir, ancaq Mosulda İŞİD-lə savaşın bir müddət zaman alacağını deyənlər var.
-Əməliyyat planına görə, 3-8 ay arası davam edə bilər. Əgər İŞİD silahlılarına Suriyaya qaçış üçün imkan yaradılsa, daha az vaxtda davam edər. Hazırda Mosulun qərbində İŞİD-in qaçması üçün dəhliz yaradıldığı hiss olunur. Çünki əməliyyat şimal, şərq və qərb bölgələrində başlamış, yalnız bir tərəf açıq saxlanılmış. Lakin eyni zamanda, Rusiya rəsmiləri İŞİD-in Suriyaya buraxılmasına imkan verməyəcəklərini bildirirlər. Hazırda əməliyyatlar Mosulun qəsəbə və rayonlarında davam edir. Şəhər mərkəzində isə 1,25 milyon insanın yaşadığı güman olunur. Şəhər mərkəzində İŞİD-ə dəstək verən əhali də var. Ehtimal olunu ki, Mosulun mərkəzində İŞİD güclü müqavimət göstərə bilməyəcək, sona qədər savaşmaq yerinə yer altına çəkiləcək, İŞİD silahlıları daha əvvəl olduğu kimi xalqın arasına qarşımağa çalışacaqlar. Bu qüvvələrin daha sonra Mosuldakı hökumət qüvvələrinə qarşı silahlı hücumlar təşkil etməsi mümkündür.
|
"Telafer şəhəri uğurunda kürd və türkmənlər arasında yeni qarşıdurma qaçılmazdır”
|
- Bu əməliyyatın uğurlu nəticələnəcəyi təqdirdə bölgədə vəziyyət necə olacaq? Yəni Bağdad yenidən şəhər və ətraf əraziləri nəzarət altına ala biləcəkmi? Yoxsa, hansısa yeni bir anlaşma və bölüşdürülmə olacaq?
- 2003-cü il İraqın işğalından sonra əvvəlcə “əl-Qaidə”, ardınca “İraq İslam Dövləti” yarandı, hansı ki, 2011-ci ildə İŞİD-ə çevrildi. Bu qruplaşmalar bölgədə etnik təmizləmə aparırdılar. Sünni olmayan digər etnik və dini qruplara hücumlar edilirdi. Bunun nəticəsində Mosulun mərkəzində demək olar ki, şiə türkmən və şabak qalmamışdı. Xristian və yezidi kürdlər də eyni şəkildə zorakılığa və qətllərə məruz qalırdılar. 2014-cü ildə İŞİD Mosulu ələ keçirdikdən sonra şəhərdə və ətraf ərazilərdəki bütün sünni olmayan etnik və dini qruplar qaçmağa məcbur oldular.
İndi Mosul əməliyyatı uğurlu nəticələnərsə və bölgədə sabitlik əldə olunarsa, digər etnik və dini qrupların Mosula geri dönmək şansı yarana bilər. Bölgədə demoqarafik vəziyyət yenidən əvvəlki normala bənzər halına qayıda bilər. Ona görə bənzər deyirəm ki, buraların əhalisi 2003-cü il işğalından sonra qaçqın düşüb və indi onların bir çoxu geri qayıtmaq haqqında düşünmür. Çünki bir qismi ölkəni tamamilə tərk etmiş, bir qismi isə ölkənin başqa bölgələrində həyatlarını davam etdirirlər. Onların yenidən Mosula qayıtmaq istəməsi inandırıcı deyil.
- Yeri gəlmişkən, bu günlərdə Məsud Bərzaninin hərbi müşaviri bildirdi ki, Mosul əməliyyatına qatılan peşməgrələr ordan çıxmayacaqlar. Bu durum nə vəd edir?
- Bu qüvvələr demək olar ki, mübahisəli ərazilərin tamamını nəzarət altına alıblar. Şimali İraq kürd Administrasiyası dövlət olmaq yolunda irəliləyir. Eyni zamanda Mosulun mərkəzi və demək olar ki, sünni ərəblərdən ibarət olan cənub və cənub-qərb hissəsi xaric digər əraziləri kürdlərin nəzarətindədir. Bu bölgələr həm neftə zəngin olmaqla yanaşı, həm də Mosulun şimal və şimal-qərb bölgəsi Suriyaya uzanan “kürd dəhlizinin” önəmli hissəsi hesab olunur. Bu günlərdə İraq parlamenti Mosulun əyalət ərazisinin 2003-cü ildən əvvəlki sərhədlər daxilində qalması haqda qərar qəbul etdi. Ancaq mərkəzi hökumətin bu bölgədə nəzarəti əlində saxlaması o qədər də mümkün görünmür. Çünki ən birincisi, bölgənin böyük bir qismi artıq kürdlərin nəzarəti altındadır. Digər tərəfdən, sünni ərəblər də şiə çoxluqlu hökumətdən məmnun deyillər. Mərkəzi hökumətin burda yenidən güclü olmasını istəməyəcəklər.
- Türkmənlərin taleyi necə olacaq? Bildiyimiz kimi, türkmənlər ikiyə bölünmüş durumdadır. Bir hissə İraq Türkmən Cəbhəsi ilə birlikdə Bərzani administrasiyası ilə birlikdədir. Şiə türkmənlər isə mərkəzi hökumətin yanındadır. Mosul əməliyyatı və kürdlərin ərazilər ələ keçirməsi türkmənlərin taleyinə necə təsir edəcək?
- Mosulun şərqində qalan türkmən bölgələrinin demək olar ki, hamısı peşmərgənin nəzarətindədir. Əyalət mərkəzindəki durum isə hələ də qeyri-müəyyəndir. Burada ən böyük və mühüm əhəmiyyət daşıyan türkmən şəhəri Telaferdə şəhər mərkəzinin demək olar ki, hamısı türkmənlərdən ibarət olmasına baxmayaraq məzhəb baxımından bölünmüş vəziyyətdədilər. Şiə türkmənlər 2014-cü il hadisələri zamanı şəhəri tərk edərək şiələrin çoxluqda olduğu bölgələrə sığınıb. Digər bir qism isə ya iqtisadi çətinliklərdən şəhəri tərk edə bilmədi, ya da İŞİD-ə qoşuldu. Şiə türkmənlər yenidən şəhərə geri dönmək istəyir. Bunun üçün təxminən 15 min nəfərlik İraq hərbi qüvvələri hazırlanıb, bunların iki briqadası Mosulun cənub-qərbindəki Hadar bölgəsinə və ordan da Telaferə doğru irəliləməyə hazırlaşır. Eyni zamanda, Həşdi-Şabi qüvvələri də Telaferi azad etmək üçün hazırlıq görür. Həşdi Şabinin Mosula girməsinin əsas səbəblərindən biri də Telaferdəki şiə türkmənlərdir. Bundan başqa Mosul bəndi yaxınlığında yerləşdirilmiş İraq ordusunun 14,15,16 və 17-ci bölükləri əsasən şiə türkmənlərdən təşkil olunub.
Bu bölgə Telafer rayonunun inzibati ərazisinə daxildir. Ancaq eyni zamanda Telafer rayonunun bir qismi Bərzaninin peşmərgələrinin nəzarəti altındadır. Bu qüvvələr Sincar dağı tərəfdə möhkəmlənib. Sincarla Telafer arasındakı türkmən kəndlərinin böyük qismi Sincar rayonuna tabedir. Orda isə PYD, peşmərgə və birdə Bərzaniyə bağlı yezidi kürd silahlıları var. Bu qüvvələr də Telaferə qərb tərəfdən daxil olmaq üçün hazırlıq görürlər. Bu baxımdan hazırd aTelaferin taleyi bəli deyil.
Şəhərin taleyinin necə olacağı, hansı qüvvənin nəzarəti altına düşəcəyi, türkmənləroin ora yenidən dönmək istəyəcəyi şübhəlidir. Mosul əməliyyatından sonra mərkəzi hökumətə bağlı qüvvələr və Həşdi Şabi ilə kürd peşmərgələri arasında Telaferdə güc mübarizəsi ola bilər. Bu isə yeni qarşıdurma və savaşın uzanacağı halda yeni türkmən qaçqın axını demək olacaq. Çünki hələ də Telaferdə türkmən əhali var.
cia.az