Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il mayın 19-da Binəqədidə baş verən yanğına görə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib.
Prosesdə şahid qismində Binəqədi Rayon İcra Hakimiyyətində məsləhətçi və memar vəzifəsində çalışmış Hacıbaba Əkbərov ifadə verib. O, ifadəsində həmin vəzifəni 2012-ci ilin avqust ayından 2014-cü ilin yanvarınadək icra etdiyini bildirib: “Bu vəzifəyə təyin olunanda həmin yanan binada üzlənmə işləri başlanılmışdı, tamamlanmaq üzrə idi. İcra Hakimiyyətinin sərəncamında olan məsələlərə nəzarət etmişəm”.

Tərəflərin suallarını cavablandıran şahid bildirib ki, yanğın hadisəsi baş verən binadakı təmir işlərinin sifarişçisi Binəqədi İcra Hakimiyyəti olmayıb: “Mən memar olmuşam. Memar görüntüylə, estetika ilə bağlı məsələlərə nəzarət edir, texniki məsələlərə nəzarət etmir. İcra Hakimiyyətinin yanğın təhlükəsizliyinə nəzarət edən başqa şöbələri və mütəxəssisləri var. Binalarda aparılan işlərlə bağlı mənə göstəriş verilməyib. Mən yalnız İcra Hakimiyyətinin sifarişi ilə görülən işlərə nəzarət etmişəm. Həmçinin, təhvil-təslim işlərində də iştirak etməmişəm”.
Q.Novruzovun vəkili Xanlar Bayramzadə ilə şahid arasında sənədin imzalanması ilə əlaqədar mübahisə yaranıb. Vəkilin “əgər o sənədin sizə aidiyyəti yox idisə niyə imza atırdınız” sualına cavabında şahid “həmin sənəd qiymətləndirmə cədvəlidir, cədvəlin nüsxəsinin saxlanılması üşün imza atmışam, bununla bağlı istintaqda da mənə sual verilib, sənəd memarlıq şöbəsində saxlanılır” deyib.
Şahidin bəzi sullara “bilmirəm” deməsi, suallardan yayınması vəkillərin etirazına səbəb olub. Vəkil İlhamə Həsənova şahidin yalan danışdığını bildirib: “Siz bizə düzgün cavab verin. Binəqədi İcra Hakimiyyətinin bu işlərdən xəbəri olmayıb?”

Təqsirləndirilən Miryusif Mahmudov binanı İcra Hakimiyyətinin deyil, öz şəxsi vəsaiti hesabına üzlədiyini məhkəmənin diqqətinə çatdırıb: “Çəkilən xərc İcra Hakimiyyəti tərəfindən iş bitəndən sonra ödəniləcəkdi”.
Bundan sonra təqsirləndirilən Qəzənfər Novruzov qısa arayış verib: “2007-ci ildə təsadüfən Bakı Şəhər Yol Polisi İdarəsinə getmişdim. Həmin binada təmir-tikinti işləri aparılırdı. Diqqətimi çəkdi, yaxınlaşıb maraqlandım. Gördüm ki, “poliuretan”vururlar. Həmin “poliuretan” indiyə qədər də orada durur”.
Q.Novruzovun sözlərinə görə, yanan binaya bitişik olan qeyri-yaşayış obyektinin tikintisinə İcra Hakimiyyəti tərəfindən icazə verilməyib. Q.Novruzov həmin tikilinin özəl olduğunu, qeyri-qanuni tikilməsi ilə bağlı iddia qaldırılıb-qaldırılmadığnı soruşub. Şahid cavabında “yadımda deyil”deməklə kifayətlənib.
Vəkil İlhamə Həsənova isə şahidə “siz vaxtında o qanunsuz tikilini aşkar etsəydiniz, o yanğın olmazdı. Əslində elə sizi məsuliyyətə cəlb etməliydilər” deyib.
Q.Novruzov yanan binaya bitişik olan qeyri-yaşayış sahəsindəki təmir-tikinti işlərinə nə Xaləddin İsgəndərovun, nə də keçmiş icra başçısı Alı Qocayevin icazə verdiyini deyib.
Bundan sonra şahid qismində Telman Adıgözəlov ifadə verib. O, ifadəsində yanan binada briqadir vəzifəsində çalışdığını, binanı üzləmək üşün işçi topladığını bildirib: “İşçi toplayıb işə başlamışam. Hər ay əməkhaqqımı almışam. Həmin binaya “poliuretan”ları mənim gətirdiyim fəhlələr vurub”.
Dövlət itithamçısının və vəkillərin suallaırnı cavablandıran şahid əvvəllər də binalara “poliuretan” vurduqlarını bildirib.
Daha sonra vəkil Xanlar Bayramzadə Binəqədi İcra Hakimiyyətinin əməkdaşı T.Tanrıverdiyevin əlavə şahid qsimində məhkəmədə dindirilməsi ilə bağlı vəsatət qaldırıb. Hakim Ə.Hacıyev vəsatətə şahidlərin dindirilməsi başa şatdırıldıqdan sonra baxılacağını deyib.

Məhkəmə prosesi sabah davam etdiriləcək.
Qeyd edək ki, 2015-ci il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “GlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçilərindən biri Mahmudov Miryusif Mircəfər oğlu, “Qlobal Stone” MMC-in keçmiş sədr müavini Əsgərov Ələkbər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəmoğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.
cia.az


