Dövlət başçısı İlham Əliyev Horadiz şəhərində məcburi köçkünlər üçün salınan yeni qəsəbədə yaradılan şəraitlə tanış olarkən, ona fermerlərin durumunun yaxşılaşması barədə məlumat veriblər. Bildirilib ki, son 13 ildə 2 min nəfərdən çox məcburi köçkün sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 40 milyon manat güzəştli kredit verilib. Məcburi köçkünlər arasında yoxsulluq həddi son 13 ildə 75 faizdən 12 faizə düşüb.
Rayon Ağsaqqallar Şurasının sədri Məcnun Namazəliyev isə Füzulinin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirib. O qeyd edib ki, sahibkarlar üçün, torpaqda işləyən fermerlər üçün gözəl şərait yaradılıb: “Torpaq, toxum, subsidiya, kredit verirsiniz, texnika verirsiniz. Qalır işləmək”. O, dövlət başçısının əlavəsindən sonra gübrə və yanacağın verildiyini də bildirib. Maraqlıdır, ölkədə sahibkarlara, fermerlərə nə verilir, hansı güzəştlər edilir? Bu atılan addımlar yetərlidirmi? Ekspertlər musavat.com-a bununla bağlı danışıblar.
Ekspert Qubad İbadoğlu məsələ ilə bağlı bildirib ki, ölkədə kənd təsərrüfatı üçün müəyyən güzəştlər var və o güzəştlərdən istifadə sahəsində problemlər mövcuddur: “Əslində dövlət bu güzəştləri edir. Həm vergilər baxımından, həm də subsidiyalaşma, eyni zamanda mineral gübrələrin alınması, sürtkü-yanacaq materiallarının alınması, bu məsələlərdə tətbiq olunan güzəştlərin ünvanlı olmaması, birbaşa, ayrıca olaraq fermerə ünvanlanmaması son nəticədə problem yaradır. Həmin güzəştlərin çatdırılmasında və istifadəsində çətinliklər yaradır. Bu, kifayət qədər müzakirə olunub. Fermerlərə verilən subsidiyaların çatdırılmasında yerli icra hakimiyyəti orqanlarının məsələyə müdaxiləsi, həmin orqanların subsidiyaların bir hissəsini mənimsəməsi ilə bağlı kifayət qədər faktlar var. Nəzərə alsaq ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatının üzvü deyil, subsidiyanı istədiyi səviyyədə müəyyənləşdirmək imkanına malikdir.
Bu subsidiya son nəticədə fermerlərin öz xərclərinin bir hissəsini qarşılamağa imkan verir. Təəssüf ki, həm təsərrüfatların mənimsənilməsi, yerli icra hakimiyyətlərinin manipulyasiyası, son nəticədə dövlət büdcəsindən ayrılan vəsaitlər və yaxud fermerlərə verilən güzəştli kreditlər, subsidiyalar, gübrələr korrupsiyaya məruz qalır. Bunların alınmasında korrupsiya halları müşahidə olunduğundan, nəticədə onun ciddi təsirlərini görə bilmirik”.
Ekspert Natiq Cəfərli isə qeyd edib ki, əslində kənd təsərrüfatında təşviq proqramlarının fəlsəfəsinin, yanaşmasının dəyişməsi vacibdir: “Son vaxtlara qədər Azərbaycanda təşviq proqramlarının demək olar ki, hamısı ancaq əkilən ərazinin sahəsinə görə verilirdi. Taxıl, buğda məhsullarında hər hektara görə 80 manat, digərlərində 40 manatlıq təşviq proqramları tətbiq olunurdu. Bu da kökündən yanlışdır və stimullaşdırıcı bir iş deyil. Kağız üzərində əkin sahələrinin artmasına səbəb olurdu. Çünki yerli icra strukturları və Kənd Təsərrüfatı Nazirliyi fermerlərlə birlikdə kağız üzərində əkin sahələrini artırıb daha çox qazanmağa, bundan yararlanmağa çalışırdılar. İnkişaf etmiş dünyada kənd təsərrüfatı məhsullarında stimullaşdırma proqramları son məhsulun həcminə və keyfiyyətinə görədir.
Bu, effekt verir, fermerdə stimul yaradır ki, daha çox və daha keyfiyyətli məhsul istehsal etsinlər. Gübrə və yanacağın verilməsi ilə bağlı da digər ölkələrdə normal və ciddi praktika var. Türkiyədə bu sahə yaxşı təşkil olunub. Azərbaycanda isə pulsuz verilən gübrələrin keyfiyyətində ciddi problem var. Çünki özümüz demək olar ki, gübrə istehsal etmirik. Əsasən İrandan gətirilir və çox aşağı keyfiyyətli bir gübrədir. Əkin sahələrinə ziyan vura biləcək səviyyədədir. Çünki dövlət proqramında pulsuz olduğu üçün kəndlilər, fermerlər onun keyfiyyətinə yox, həcminə fikir verirlər.
Pulsuz təqdim olunduğu üçün almağa çalışırlar. Hökuməti də anlayıram ki, Avropadan, Amerikadan və digər inkişaf etmiş ölkələrdən gübrə alınsa, bu, çox baha başa gələcək. Çox böyük vəsait xərclənməli olacaq. Ona görə ən ucuz variant gübrənin İrandan alınmasıdır ki, buna getdilər. Bu isə məhsuldarlığı artırmağa və keyfiyyəti yüksəltməyə kömək etməyəcək. Yanacaqla bağlı isə digər problem birinci qeyd etdiyim kağız üzərindəki əkin sahələrinin artması məsələsinin başqa formada təkrarlanmasıdır.
Orada da çox zaman bunu görürük, yanacağın sərfiyyatında ona cavabdeh olan icra qurumları ilə fermerlər arasında müəyyən sövdələşmələr olur. Yanacağın sərfiyyatında artırmalara və mənimsəmələrə yol açan bir sxem qurulur əslində. Buna görə də təbii ki, bu məsələni həll etmək üçün icra strukturlarından tamamilə asılı olmayan, fermerlərə birbaşa çatacaq yardım siyasətinə ehtiyac var. Türkiyədə fermerlərə dövlət hesab açır və onun son məhsulunun keyfiyyətinə, kəmiyyətinə görə həm yanacaq, həm gübrə, həm digər stimullaşdırıcı proqramların həyata keçirilməsi üçün vəsait ayırır. Məsələn, dövlət yanacağı fermerlərə üç dəfəyə yaxın ucuz satır. Bunun da köməyi olur. Azərbaycanda da yanaşma dəyişməsə, stimullaşma proqramlarına yanaşma siyasəti dəyişməsə, büdcədən ayrılan vəsaitin havaya sovrulmasından başqa bir şey deyil. Nə keyfiyyətə, nə kəmiyyətə ciddi təsir olmayacaq, fermerlərin əlindən tuta bilməyəcək”.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.