Manatın dəyərdən düşməsi və bahalıq bir çox sektorları vurduğu kimi optikadan da yan keçməyib. Bir çox optikalar artıq bağlanıb. Buna səbəb isə optik ləvazimatların xarici ölkədən gətirilməsi və baha olması ilə əlaqədardır.
Qeyd edək ki, eynəklərin Azərbaycanda istehsalı yoxdur. Satışda olan eynəklər ölkəmizə Avropa ölkələrindən, Almaniya, Faransa, İtaliya və Çindən gətirilir. Təbii ki, hər bir eynəyin qiyməti də onun harada istehsal edilməsindən asılı olaraq da dəyişilir. Ancaq əvvəllər hər addım başı bir optikaya rast gəlinirdisə, indi onların sayı azalıb. Əksər optikaların qapısında “icarəyə verilir” yazısını görə bilərik. Buna səbəb isə optikaların artıq zərərlə işləməsidir. Optikalardakı qiymətlərə, ümumi vəziyyətlə tanış olmaq üçün açıq olan bir neçə optikaya baş çəkdik. Optik şüşələrin və çərçivələrin qiymətində xeyli artım vardı. Əvvəl 2 manata alınması mümkün olan çərçivələr indi 30 manatdan satılırdı. Baş çəkdiyimiz “Bahar” optikdə satıcı optik şüşələrin və çərçivələrin İtaliya, Fransa və Almaniyadan gətirildiyini dedi: “İtaliyadan gətirilən İki gözlü optik şüşələr 48 manata, Fransa və Almaniyadan gətirilənlər isə 66 manata satılır. Çərçivələr isə 33 və 1800 manat arasında dəyişir kimi qalxır”.
Təbriz küçəsində yerləşən digər optikada isə satıcı qiymətlərin bahalaşması ilə bərabər alıcıların da getdiyini dedi: “Düzdür qiymətlərdə artım var. Çünki bu eynəklərin hər birinin materialı xarici ölkədən gətirilir. Heç Rusiya, Türkiyədə də bunun istehsalı yoxdur. Bizdə Almaniyadan gətirilən eynəklər satılır. Alıcılar eynəklərin baha olmasından gileylənir və almırlar. Ancaq bizlik heç nə yoxdur. Bizimlə yanaşı çalışan digər optika zərərlə işlədiyi üçün bağlandı”.
Eynəyini düzəltdirməyə gələn alıcı da vəziyyətdən narazı idi. İsmayıl Qasımov adlı alıcı eynəyinin bir şüşəsini sındırdığını və uyğun şüşə almaq istədiyini deyirdi: “Mən bu eynəyi çoxdan almışam. Şüşəsinin biri qırılıb. İndi bir şüşəyə görə məndən 45 manat istəyirlər. Bu insafsızlıqdır. Bu da elə bir şeydir ki, almasan elə bil ki, dünya işığından məhrumsan. Kor kimi qalırsan”.
Maraqlıdır, optikaların bağlanmasına və qiymətlərin bu qədər bahalaşmasına səbəb iqtisadi səbəblərdir yoxsa bəzi işbazların fürsətdən yararlanmasıdır?
İqtisadçı ekspert Natiq Cəfərli bunun sırf iqtisadi amillərlə bağlı məsələ olduğunu bildirdi: “Bu sahədə daxili istehsal yox səviyyəsindədir. Hətta yaxın qonşu ölkələrdə də istehsal yoxdur ki, oradan daha ucuz qiymətə gətirilsin. Eynəklər üçün şüşə və materiallar əsasən ya Avropa ölkələrindən gətirilirdi ya da Çində fəaliyyət göstərən Avropa brendlərinin rəsmi dillerlərindən alınıb gətirilirdi. Təbii ki, valyutanın bahalaşması, manatın ucuzlaşması maya dəyərinə kifayət qədər ciddi təsir göstərir. Son həftələrdə digər bir problem də yaşanır. Artıq ölkəyə mal gətirən insanlar manatın dəyərdən düşməsinin sürətlə artdığını görərək gətirdikləri malı manatla satdığını nəzərə almaq lazımdır və manatla satdığı məhsulun yenidən valyutaya çevirib məhsulun pulunu ödəməlidir. Dollar, valyuta almağa başladıqda rəsmi məzənnədən xeyli dərəcədə baha alır. Çünki banklarda alışla satış arasında ciddi fərq var. Hətta dollar çatışmazlığı da müşahidə olunur. Ona görə də valyutanı rəsmi məzənnədən təqribən 5-6 faiz daha almağa məcbur olurlar. Satdıqları məhsulun üzərinə yaxın gələcəkdə manatın bahalaşma riskini də qoyurlar. Təqribən 10 faizə yaxın da bahalaşma riskini qoyduqları üçün qiymətlər son dövrlərdə bütün sahələrdə kifayət qədər sürətlə artıb. Eynək biznesi ilə məşğul olanlarda isə məcburən bu qiymət artımına daha sərt addımlar atmağa məcbur qalıblar. Çünki dediyim kimi məhsulların tamamı xaricdən gətirilir. Müəyyən işbazların bununla bağlı hansısa fəaliyyət göstərməsinə inanmıram. Çünki hansısa bir iş adamı bir bizneslə məşğuldursa, təbii ki, çox satış əldə etməyi düşünür. Çünki daha çox satış etdikdə, daha çox gəlir əldə edilir. Bu sahə ilə məşğul olan insanlar ölkədə alıcılıq qabiliyyətini, insanların qazancının və gəlirlərinin kifayət qədər aşağı düşdüyünü nəzərə alaraq düşünürəm ki, qiyməti süni şəkildə qaldırıb öz bizneslərinə ziyan vurmazlar”.
N.Cəfərli bu sahədə inhisarçılıq olmadığını dedi: “İstənilən şəxs bu sahə ilə məşğul ola bilər. Ona görə də düşünürəm ki, bu sırf iqtisadi amillərlə, valyuta məzənnəsinin bahalaşması ilə bağlıdır. Nə qədər ki, manat dəyərdən düşməyə davam edəcək bir o qədər də idxal mallarının qiymətində sürətlə bahalaşma müşahidə ediləcək”.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.