ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp yanvarın 20-də and içəcək. Ağ Ev administrasiyasının yeni sahibi səlahiyyətlərinin icrasına başlamamış Rusiya prezidenti sensasion açıqlamalarla çıxış edib.
Vladimir Putin deyib ki, müəyyən qüvvələr Birləşmiş Ştatlarda yeni seçilmiş Trampın legitimliyini zədələmək, onu “Maydan” təşkil etməklə hakimiyyətdən uzaqlaşdırmaq cəhdləri göstərir. (Virtualaz.org) “Belə təəsürat yaranır ki, onlar Kiyevdə məşq edəndən sonra Vaşinqtonun özündə də “maydan” təşkil edib bütün mümkün yollarla Trampı hakimiyyətə yaxın buraxmağa çalışırlar. Bu mübarizənin gedişində ən azı iki vəzifə müşahidə olunur: birincisi, prezident seçkilərinin nəticələrini sual altına almaq, ikincisi yeni seçilmiş prezidentin əl-ayağını bağlayıb ona seçki kampaniyası zamanı Amerika xalqına həm ölkənin daxili, həm beynəlxalq arena ilə bağlı verdiyi vədləri yerinə yetirməyə imkan verməmək” - Putin bildirib.
D.Tramp seçki kampaniyası zamanı tez-tez Putini tərifləyib və ona şəxsi simpatiyasını ifadə edib. Habelə mühüm beynəlxalq məsələlərlə bağlı Kremlin nöqteyi-nəzərinə uyğun olan bəyanatlarla çıxış edib və etməkdədir. Bu günlərdə isə Trampın Rusiya tərəfindən ələ alındığı iddia olunan məxfi dosye mətbuata sızdırılıb.
Maraqlısı odur ki, CNN televiziyası Donald Trampın prezident olmazdan öncə Rusiya haqqında dilə gətirdiyi sərt açıqlamaları məhz bu ərəfədə yenidən tirajlayıb. Axar.az xəbər verir ki, 2014-cü ildə “Foks Nyus” televiziyasına müsahibəsində Tramp Rusiya haqda danışarkən ABŞ prezidentliyinə eks-namizəd Mit Romninin fikirləri ilə razılaşır. Elə həmin verilişdə Tramp Rusiyanı ABŞ-ın bir nömrəli geosiyasi düşməni adlandırır. Buna bənzər fikirləri Tramp eyni ildə NBC telekanalında da səsləndirib. Bu dəfə o, Rusiyaya qarşı sanksiyaların tətbiqini istəyir: “Biz gərək sanksiyalar tətbiq edək. Güc nümayiş etdirməliyik. Putin Obamanı aldadıb”.
Putinin proqnozu ilə eyni vaxtda rusiyalı ekspert Slava Rabinoviç də bənzər mövqeyini facebook-da paylaşıb. Onun sözlərinə görə, Tramp prezidentlik müddətinin sonuna qədər öz kreslosunda qalmayacaq.
Hətta o, Trampı ABŞ vitse-prezidenti Mayk Pensin əvəz edəcəyini də bildirib: “Növbəti ABŞ Prezidenti Mayk Pens olacaq. O, bu vəzifəyə 2020-ci ildən bir qədər əvvəl gətiriləcək. Ona görə ki, Trampa qarşı prezidentlik müddəti başa çatmamış impiçment elan edilə bilər. Bunun üçün isə kifayət qədər arqument var”.
Putinin “Trampı qoruma” mövqeyindən çıxış etməsi nəyə xidmət edir, onun məqsədi, məramı nədir? Reallığa əsaslanır, yoxsa Trampla yaxınlaşmaq üçün bu cür yumşaq mövqedən çıxış edir? Azərbaycanlı ekspertlərin məsələyə maraqlı yanaşmaları var.
Politoloq Hikmət Hacızadə “Yeni Müsavat”a Trampın əleyhdarlarının çox olduğunu təsdiqlədi: “Bu da onun qeyri-müəyyən və hərdən səsləndirdiyi şok çıxışları ilə bağlıdır. Amma bu, heç də o demək deyil ki, Tramp sabah həmən dediklərini həyata keçirməyə başlayacaq. Bu çıxışlar əsasında Putinin Trampa simpatiyası yaranıb. Tramp bir neçə dəfə Rusiya ilə münasibətləri düzəltməklə bağlı mövqe bildirib, Kremlə güzəştlərdən danışıb. Bu isə Putinin çox xoşuna gəlib. Odur ki, Putinin Trampa simpatiyasının səbəbi budur”.
Bəs, Tramp Putinin jestini qiymətləndirib Rusiyaya münasibətini dəyişə bilərmi?
H.Hacızadə: “Mən onu deyə bilmərəm. Bəzi prezidentlər kimi, Amerika prezidentinın “qılıncının dalı da, qabağı da kəsmir”. Yəni çox şey Konqresdən və Amerikanın dərin dövlətindən asılıdır. Onlar da Putini çox xoşlamırlar”.
Politoloq Elçin Mirzəbəyli hesab edir ki. Rusiyanın Birləşmiş Ştatların daxilində baş verən proseslərlə bağlı tez-tez açıqlamalarla çıxış etməsi Kremlin dünya gücü iddialarından qaynaqlanır: “Moskva bütün siyasətini Vaşinqtonla rəqabət üzərində qurub və Obama administrasiyasının yol verdiyi total strateji səhvlər səbəbindən Rusiyanın ABŞ-la müqayisə edilməsinə qismən də olsa nail olub. Medvedyevin keçid prezidentlik dönəmindən öncə ABŞ-ın müvafiq araşdırma mərkəzləri, Dövlət Departamenti, Vaşinqtonun təsiri altında olan hüquq-müdafiə təşkilatları mütəmadi olaraq Rusiyanın daxili siyasəti ilə bağlı hesabatlarla çıxış edirdilər. Moskva isə yalnız özünümüdafiə xarakteri daşıyan bəyanat və açıqlamalarla kifayətlənirdi. Vladimir Putin yenidən prezident kürsüsünə oturduqdan sonra bu istiqamətdə müəyyən balans yaratmağa nail oldu və rəsmi Moskvanın nüfuz dairəsinə daxil olan təşkilatlar da ABŞ və müttəfiqlərinin daxili siyasəti ilə bağlı hesabatla çıxış etməyə başladılar. ABŞ-da keçirilən son prezident seçkiləri isə Kremlin Birləşmiş Ştatların daxilindəki proseslərə müdaxilə etmək üçün geniş imkanlar acdı”.
E.Mirzəbəyli hesab edir ki, ABŞ-dakı seçki dönəmində Avropa İttifaqına üzv dövlətlərin də Trampla bağlı verdiyi açıqlamalar Rusiyanın onu daha çox “qucaqlamasına” zəmin yaratdı: “Rusiya təklənmişləri öz tərəfinə çəkməyi sevir. Bu yanaşma Moskvanın xarici siyasətində hər zaman prioritet təşkil edib. Rusiya güclü müttəfiqləri xoşlamır. Çünki vahid güc olmaq və başqalarını öz təsir dairəsində saxlamağı sevir. Bu baxımdan, Rusiya prezidentinin açıqlamalarının Trampa və Amerikaya olan sevgidən qaynaqlandığını düşünmürəm. Qənaətimə görə, Trampa qarşı ölkə daxilində təzyiqlər artdıqca Rusiya bu vəziyyətdən daha çox yararlanmaq, ABŞ prezidentini müəyyən qədər də olsa özünə borclu salmaq istəyir. Putin öz açıqlamasında ABŞ-da “Meydan” hərəkatının olma ehtimalını da dilə gətirir. Halbuki bu perspektiv Birləşmiş Ştatların qlobal siyasətdə küncə sıxışdırılmasına gətirib çıxara bilər. Rusiyanın hesabladıqlarını şübhəsiz ki, Vaşinqtonda da hesablayıblar”.
O ki, qaldı Trampın devrilməsi perspektivinə, politoloqun qənaətinə görə, əgər belə bir ehtiyac olsaydı ABŞ-ın yeni prezidentini hakimiyyət kürsüsünə gətirən qüvvələr onun seçilməsinə imkan verməzdilər: “Tramp ona görə ABŞ prezidentidir ki, o Amerikaya lazımdır. Obamanın hətta dolayısıyla deyə bilmədiyini, Tramp açıq şəkildə dilə gətirir. Onun NATO ilə bağlı son fikirlərini də bu müstəvidə dəyərləndirmək lazımdır. Hesab edirəm ki, Trampın prezidentliyinin ilk günlərindən başlayaraq, ABŞ-ın Avropadakı müttəfiqləri öz təhlükəsizlikləri barədə daha ciddi şəkildə düşünməyə başlayacaqlar. Bu müddət ərzində Avropa üçün Rusiya təhlükəsi daha da qabardılacaq və Avropa dövlətləri Vaşinqtonun “ətəyindən” daha möhkəm tutmağa, təhlükəsizlik və müdafiə xərclərinə indikindən daha çox vəsait ayırmağa məcbur olacaqlar. Düşünürəm ki, Ağ Ev Rusiyanın iddialarından bir o qədər də narahat deyil. Əgər Trampın Çinlə bağlı açıqlamalarına diqqət yetirsək yaxın dövrdə proseslərin hansı istiqamətdə cərəyan edəcəyini müəyyənləşdirə bilərik”.
Politoloq Arzu Nağıyev isə düşünür ki, burada əsas məqsəd həqiqətən Rusiyanın Trampa loyallığını göstərməkdir: “Əvvəllər söhbət məhz Rusiyanın Trampı prezident kimi görməyindən getmirdi, sadəcə olaraq Obama administrasiyasına qarşı və Hillari Klintonun seçilməməsi üçün aparılan təbliğatdan gedirdi. Bu gün isə artıq Tramp prezidentdir, Rusiya və onun rəhbərliyi isə ondan yararlanmaq üçün istifadə edir. Eyni zamanda Tramp tərəfindən dövlət katibi vəzifəsi üçün nəzərdə tutulan “ExonMobil” şirkətinin başçısı Reks Tillersonda dəfələrlə Rusiyada olub və Putinlə görüşüb, hətta “Saxalin-1 “ neft layihəsinə görə “Dostluq “ ordeni ilə də təltif edilib. Bu faktı da Rusiya tərəfi ön plana çəkməkdə müəyyən dividendlər əldə etməyə çalışır”.
A.Nağıyevin fikrincə, V.Putinin devrilmə ilə bağlı açıqlamaslında Obama tərəfdarlarını nəzərdə tutması şübhə doğurmur: “Çünki Baydenin Ukraynaya, Kerrinin Gürcüstana səfəri Rusiya üçün xoş olmayan məqamlardır. Bundan başqa Rusiya düşünür ki, Tramp administrasiyası tətbiq edilən sanksiyaları da aradan götürəcək. Bildiyiniz kimi Suriya ilə bağlı Astana görüşü də Rusiyanın istəyi ilə Trampın innaqurasiyasından sonrakı vaxta keçirildi və məqsəd də yeni komanda ilə ilk görüş imkanı əldə etmək idi. Yəni Rusiyanın bu siyasi gedişləri ancaq və ancaq Tramp və onun tərəfdarları ilə yaxınlaşmaq və bundan mümkün qədər öz xeyirlərinə istifadə etmək istəyindən irəli gəlir”.